-
Azərbaycanın dini icmaları Xocalı faciəsi ilə bağlı dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq qurumlara və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ünvanlayıblar.
Müraciətdə qeyd edilir ki, ümumbəşəri dəyərlərə zidd olan, zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandıran din yoxdur: «Tarixi reallıq kimi Xocalı qətliamı Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilən faciələrin bir rəmzidir. İyirmi ildən çoxdur ki, qatil və terrorçular bu cinayətlərə görə cəza almayıblar».
Müraciət müəlliflərinə görə, hazırda dünyanı bürüyən miqrant böhranı Azərbaycanın vaxtilə üzləşdiyi qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin fəsadlarıdır.
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı 366 alayın köməyi ilə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal edib. Şəhər tərk etmək istəyən dinc insanlar kütləvi şəkildə qətlə yetirilib . Həmin hadisələr zamanı 613 insan öldürülüb. 1275 nəfər əsir, 150 nəfər itkin düşüb.