Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:17

Monqolustanın şöhrətli romançısı


-

Monqolustanın şimalında, Altay dağlarında yaşayan köçəri Tuvan xalqının əski həyat tərzi ilə müasir həyatın toqquşması bu romanın böyük mövzusudur.

Süjet xətti belədir: Gənc çobanın sevimli nənəsi ölür, bundan sonra onun böyük bacı-qardaşları uzaqdakı yetimlər evinə getmək üçün yurdu tərk etməli olurlar, çoban oğlan bir müddət tək qalıb darıxır, sonra o da köçür. Tayfa ənənələrinə, torpağa bağlılıq yetimlər evindəki müasir qayda-qanun qarşısında sınağa düşür.

Çobanın sevimli itinin ölümü nənənin ölümü qədər böyük faciə olur. İt, çobanın atasının sürüyə hücum çəkən canavarlar üçün qoyduğu zəhərdən içir. Bu ölüm oğlana böyük dərd olur. Çobanın Mavi Səmaya üz tutub verdiyi suallara külək sükutla cavab verir.

Galsan Tschinag
Galsan Tschinag

Romanın müəllifi Galsan Tschinag (Çinagiyn Qalsan) öz xalqının (Tuvan) ilk və yeganə nümayəndəsidir ki, hekayətləri şifahi danışmır, yazır.

O, 1944-cü ildə Monqolustanın əyalətində, Tuvan şamanının ailəsində doğulub.

O, sovet vaxtı, 1960-cı illərdə sosialist Almaniyasında - Leypsiqdə Karl Marks Universitetində təhsil alıb. Vaxtilə sosialist Almaniyasının ən tanınmış yazıçısı Erwin Strittmatter'in elmi rəhbərliyi ilə alman dilindən dissertasiya yazıb, doktorluq dərəcəsi alıb.

Almaniyada təhsilini bitirəndən sonra Monqolustan Dövlət Universitetində dərs deməyə başlayıb. 1976-cı ildə "siyasi etibarsızlığa görə", onun müəllim lisenziyası ləğv edilib.

O vaxtdan alman dilində romanlar, şeirlər, məqalələr yazır. Kitabları alman dilindən bir çox dillərə tərcümə edilib. O, həm də aktyordur.

1980-ci ildə 36 yaşında olarkən, ağır ürək xəstəliyinə tutulub, "öz şaman seansları sayəsində xilas olub".

Bugün bu yazıçı Monqolustanın paytaxtı UlanBatorda 20-ə yaxın ailə üzvüylə birlikdə yaşayır. O, tez-tez almandilli ölkələrə kitablarından parçalar oxumaq üçün gedir. Eyni zamanda Monqolustan çöllərinə, Tuvan tayfasına tez-tez baş çəkir.

Yazmaqdan əlavə, Tuvan camaatının hüquq müdafiəçisi kimi də fəaliyyət göstərir.

XS
SM
MD
LG