-
Azərbaycanın «Azerspace-2» ikinci peykinin layihə işlərinə başlanıb. «Trend» bu xəbəri «Azərkosmos» ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanova istinadən yayıb.
D.Bədirxanov deyib ki, proses ilə yaxından tanış olmaq üçün onların əməkdaşları ABŞ-da «Space Systems Loral» (SSL) şirkətinin peyk istehsal zavodundadırlar.
İkinci peyk proqramı Kanadanın «Export Development Canada» (EDC) kredit agentliyinin uzunmüddətli və güzəştli kreditləri hesabına həyata keçiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.
Peyk «Intelsat» beynəlxalq peyk təşkilatından icarəyə götürülən şərq uzunluq dairəsindən 45 dərəcə orbit mövqeyində yerləşdiriləcək. «Azerspace-2» peykinin xidmət zonasına Avropa, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
«Azerspace-2» geostasionar peyki Ku və Ka diapazonlu transponderlər ilə təchiz ediləcək. Rəqəmsal teleyayım xidməti göstərmək, internet şəbəkəsinə qoşulmaq, məlumatların ötürülməsi və VSAT çox xidmətli şəbəkənin yaradılması üçün nəzərdə tutulub.