-
Azərbaycan və İran arasında fevralın 23-də 10 əməkdaşlıq sazişinin tam razılaşdırılması gözlənilir.
APA xəbəri İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmoud Vaezi-yə istinadən yayıb.
M.Vaezi bildirib ki, bu sənədlər iki ölkənin müştərək komissiyasının birgə fəaliyyəti nəticəsində imzalanmağa hazırlanıb.
O deyib ki, Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib və bu, icra olunacaq: «Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək».
Nazir deyib ki, hər iki ölkənin insanları qarşılıqlı səfərlər etməkdə maraqlıdır: «Ötən 20 il ərzində İran və Azərbaycan arasında əlaqələr indiki səviyyədə olmayıb. Bu sevindirici haldır. Ötən iki il ərzində iki ölkənin rəsmiləri arasında 55 görüş keçirilib».
M.Vaezi deyib ki, hökumətlərarası komissiya iki ölkənin əlaqələrinin inkişafı üçün təşkil olunub və bu istiqamətdə müsbət addımlar atılıb.
«Komissiyada yükdaşımalar, energetika, səhiyyə, qadın məsələləri üzrə komitələr təşkil edib və bu komitələrdəki müzakirələrdə yaxşı nəticələr əldə olunub» - deyə M.Vaezi bildirib.
İran İslam Respublikasının Nazirlər Kabineti 7 il əvvəl noyabrın 11-də Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib.
Fevralın 23-də prezident İlham Əliyev İran İslam Respublikasına gedəcək.