Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:35

Azərbaycanın ilk devalvasiyasının ili tamam oldu


Bakıda valyuta mübadiləsi kursu, 22 fevral, 2015
Bakıda valyuta mübadiləsi kursu, 22 fevral, 2015

-

Bir ildə manatın və kiçik sahibkarın başına gələnlər

Bakı sakini Davud Kərimovun 60 yaşı var. 35 il rəngsaz işləyib. Son illər səhhətindəki problemlər üzündən həkim ona bu peşədən əl çəkməyi, ailə üzvləri isə özünü ticarətdə sınamağı məsləhət görüb:

«Kredit götürüb həyətdəki ərzaq mağazasını işlətmək qərarına gəldim. Bunun üçün 2014-cü ilin iyununda 3 il müddətinə 10 min dollar kredit götürdüm. Ayda 372 dollar, yəni o vaxtkı kursla təxminən 290 manat ödəyirdim. 2015-ci il 21 fevral devalvasiyasından sonra ödənişim 100 manat artaraq, 390 manat oldu. Çətin də olsa, kredit tarixçəmin korlanmaması üçün yenə ödəməyə davam etdim. Dekabrda ikinci devalvasiyadan sonra evim yıxıldı. İndi bank məndən ayda 595 manat ödəməyi tələb edir. 290 manat hara, 595 manat hara? Üstəlik, mağazanı da əvvəlki kimi işlədə bilmirəm».

«Manatın da evi yıxıldı, mənim də»

Davud Kərimov deyir, düz bir ildir sıxıntı içində yaşayır: «5 nəfərlik ailəmin həmin mağazadan başqa gəliri yoxdur. Ancaq belə görürəm ki, dükanı da bağlamalı olacağam. Əlavə hər ay 595 manat ödəməliyəm, onu hardan tapıb ödəcəyimi bilmirəm. Arvadın qızıllarından tutmuş, evdə gözədəyən qiymətli xalça-palaza qədər satmışıq. Var-yoxdan çıxmışıq, evdə hər gün söz-söhbətdir. Bu bir ildə manatın başına gələnlər mənim də, ailəmin də başına oyun açdı. Manatın da evi yıxıldı, mənim də».

2014-cü ilin iyununda 3 il müddətinə 10 min dollar kredit götürdüm. Ayda 372 dollar, yəni o vaxtkı kursla təxminən 290 manat ödəyirdim...

İndi Davud nəyi necə edəcəyini bilmir. Üstəlik bank 3 aydır ödəmədiyi krediti tələb edir, faizlər artır: «Hər gün bank kreditlərinə görə kiminsə özünü öldürdüyünü eşidirəm. Bir ara mən də intihar etmək istədim. Ancaq evdəkilərə yazığım gəlir. Mən ölüb canımı qurtaracağam. Ancaq onlar zülmdə qalacaq, bank da krediti onlardan tələb edəcək».

Bir il ərzində manatın iki dəfədən çox dəyərdən düşməsi Davud kimi yüzlərlə adamın həyatını dəyişdi. İki milyondan artıq insan bank kreditlərini necə ödəmək qayğısı ilə yaşayır. Ölkədə bahalaşma, dollar qıtlığı, bankların fəaliyyətində problemlər yarandı. Bundan sonra hökumət pul-maliyyə bazarını sabitləşdirmək üçün tədbirlərə əl atdı, prezident fərman, sərəncamlar imzaladı.

Manatın bahalaşması müvəqqətidir

İqtisadçı Samir Aliyev
İqtisadçı Samir Aliyev

İqtisadçı ekspert Samir Əliyev bu gün də manatın taleyinin sual altında olduğunu deyir. Milli valyutanın iki devalvasiyası insanların ona illərlə yığılmış etibarının itirilməsi ilə nəticələndi. İqtisadçı vurğulayır ki, son vaxtlar manat cüzi güclənsə də, bu müvəqqətidir:

«Bunun heç bir iqtisadi əsası yoxdur. Belə artımlar həmişə qısamüddətli olur. Əgər arxasında iqtisadi şərait yoxdursa, bir müddət sonra inzibati metodlar heç bir effekt vermir».

Samir Əliyev manatın bundan sonra da ucuzlaşacağını düşünür: «Hökumət bunun adını «bazara uyğunlaşma» da qoya bilər. Bu günkü sabitlik müvəqqətidir. Hər şey neftdən asılı olacaq. Sabah möcüzə baş versə, neftin qiyməti 50-60 dollara qalxsa, onda manat güclənə bilər. Ancaq möcüzə baş versə...»

Elə kiçik sahibkar Davud Kərimov da möcüzəyə inanmır. Dükanı bağlamağı, kredit borclarını ödəmək üçün bəd ayaqda evini satmağı düşünür:

«Bircə o gündən qorxuram. Evi də satsam, onda baş götürüb hara gəldi gedəcəyəm, lap Suriyaya belə».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG