Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 05:04

"Rauf Mirqədirovun gözü xeyli zəifləyib"


Rauf Mirqədirov...
Rauf Mirqədirov...

►"Nə qədər gec deyil, bu pozuntu aradan qaldırılmalıdır"

"Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Fevralın 18-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası keçirilib. İclas qapalı keçirilib.

Jurnalistin vəkili Fuad Ağayev jurnalistlərə bildirib ki, ilkin baxış iclasında dörd vəsatət qaldırıb.

Vəsatətlər cinayət işinə indiki mərhələdə xitam verilməsi; Rauf Mirqədirov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi; yolverilməz sübutların iş materiallarından çıxarılması; məhkəmənin qismən istintaq aparılmaq, sübutlar araşdırılmaqla keçirilməsi haqda olub.

Məhkəmədə iştirak edən Rauf Mirqədirov özü də çıxış edib və vəsatətləri dəstəklədiyini bildirib.

Lakin Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Həmçinin kollegiya apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verib. Amma hakim əlavə edib ki, məhkəmə baxışı zamanı ehtiyac yaransa, qismən istintaq aparıla bilər.

“HEÇ BİR CİNAYƏT TÖRƏTMƏYİB”

Fuad Ağayev bildirib ki, məhkəmə baxışının istintaq aparılmadan keçirilməsi barədə ilkin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib-verməmək məsələsi Rauf Mirqədirovla məsləhətləşmədən sonra qətiləşəcək:

"Əgər indiki mərhələdə işə xitam verilmirsə, məhkəmə baxışı istintaqın qismən təzələnməsilə keçirilməli idi. Söhbət başqa ölkədən getsəydi, heç istintaqa, xüsusi araşdırmalara da ehtiyac olmazdı. Çünki hər şey göz qabağındadı. Sadəcə, Azərbaycan gerçəkliyini nəzərə alaraq, deyirəm ki, istintaqın təzələnməsi vacibdir. Aşkar şəkildə sübutlar ortaya qoyulsun, baxılsın, görünsün ki, Rauf Mirqədirova istinad edilən əməl, ümumiyyətlə, baş verməyib".

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Fuad Ağayev vurğulayıb ki, Rauf Mirqədirov heç bir cinayət törətməyib:

"Rauf Mirqədirov nəinki çoxdan azadlıqda olmalıydı, o, ümumiyyətlə, həbsxanaya düşməməli idi. Nə qədər gec deyil, bu pozuntu aradan qaldırılmalıdır".

Vəkil ilkin baxış iclasının qapalı keçirilməsinə də münasibət bildirib:

"Mən bu barədə mövqeyimi əvvəlcədən də bildirmişəm ki, istənilən halda - istər ilkin baxış iclası, istərsə də məhkəmə baxışı olsun - bu məhkəmə prosesinin qapalı keçirilməsinə heç bir əsas yoxdur. Çünki burada dövlət sirri hesab olunacaq heç bir məlumat yoxdur".

“GÖRMƏ QABİLİYYƏTİ XEYLİ ZƏİFLƏYİB”

Fuad Ağayev
Fuad Ağayev

Fuad Ağayev jurnalistin səhhətindəki problemlərdən də danışıb:

"Qan təzyiqi yüksəkdir, beyin qan dövranının normallaşması üçün xeyli vaxtdır ki, dərman qəbul edir. Onun görmə qabiliyyəti də xeyli pozulub".

Bu iş üzrə məhkəmə baxışı martın 3-nə təyin olunub.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Buna da bax...

XS
SM
MD
LG