-
Xıdır Qazaxbəyli
Sinqapur haqqında düşüncələr
Sinqapur,
Sinqapur,
Dəniz şəhəri,
Duzlu küləkləri yosun qoxulu,
Səhərə az qalmış görüşdən dönən
İsti sevgilərin xumarından məst
Gecə qadınları yarıyuxulu...
Tənbəki qoxulu meyxanalarda
Kimsə qaş var deməz gözünün üstə,
Azadlıq, qadınlar, sevgi və şərab...
Bir gözəl əyləşib əlində qədəh
Dəniz quldurunun dizinin üstə...
Burda dənizçilər sevgi içirlər,
Çünki dəniz suyu içməli deyil.
Xəyanət etməyib bəs neyləyəsən
Sevdiyin qadına, ay adam oğlu,
Burda gözəllər var keçməli deyil...
İsti dodaqlardan sevgi boylanır,
Mən burda qəribəm, tənhayam, təkəm..
Sinqapur,
Sinqapur,
ürəyim yanır,
bir gecə sevgi ver, başıma çəkim!..
Budur, günəş doğub, şəhər ayılıb,
Qaranlıq dənizə batıb, boğulub,
Şəhərə qəribə xəbər yayılıb –
Keçən il dənizdə batan oğlanın
Bir su pərisindən oğlu doğulub...
Mənim sevgilərə könlüm meyilli,
Sevgini əbədi bilib qalaram...
Sinqapur,
Sinqapur,
üzümə baxma,
Anam var,
Vətən var,
Dost var,
düşmən var...
...Yazığam qürbətdə ölüb qalaram.
Meyxana, tənbəki, balıq və sevgi,
Əlvida, əlvida, ay nağıl ölkə...
...Mənim sevgilərə qayıtmağım var,
Sevgindən ölməyə qayıtdım bəlkə...
RESTORANDA
...?
Yox-yox, tutulmayıb, əyləşin, xanım!
...?
Əyləşin, heç kimi gözləmirəm mən.
...?
Məndə o bəxt hanı, adi qonağam.
...?
Doğrudur mənim də xoşuma gəlir.
...?
Sabah yox, biri gün qayıdacağam.
...?
Qəriblik hamının başına gəlir.
...?
Buyurun, əfv edin, lap unutmuşam.
...?
Bəli, çox dadlıdır, əvəzi yoxdur.
...?
Şəhər kənarında otaq tutmuşam.
...?
Əlbət nəmim kimi qonaqlar çoxdur.
...?
Lap yaddan çıxıb ki, qədəhlər boşdur.
...?
Xoşunuz gəlirmi, yaxşımı addır?
...?
Bəs sizin adınız?...Sağ olun xoşdur...
...?
Bəli, çox acıdır, elə bil oddur.
...?
Düzdür, heç ayrılmaq istəmir adam.
...?
Birtəhər gedərəm, yol-iz tanışdır.
...?
Qalın xeyir ilə, mən də çox şadam.
...?
Bu da bir ömürdür, bir aldanışdır,
Ayrıldıq mehriban, kədərli, yalqız,
Qayıdım kirayə otağıma tək,
əlvida, əlvida, ay mehriban qız,
bəlkə də,
bəlkə də
görüşənədək...
Büdrəyən atları güllələyərlər
Sağrıları gəlin sağrısı tək gözəl,
Belləri qız belindən incə,
Telləri qız telindən zərif,
Gözləri gecədən qara,
Qolları igid qolundan ötə
Atlar yaman gündə
Dostumuzdan, qardaşımızdan irəli.
Atlar sevgimiz, heyrətimiz.
Qalxan sinəli,
Meydan sinəli
Atlar qeyrətimiz.!
Hirsi,
hikkəsi,
hünəri
Cilovunda,
Cilovu əllərimizdə.
Allah eləməsin
Büdrəsin altımızda,
Papağı düşər
Atı büdrəyən igidin.
Büdrəyən atını
Sığallayan igid
Qeyrətsiz olar.
Adlı igidlər
Atına qamçı vurmamalıdır !
Büdrəyən atları güllələyərlər !
Qara gözlü,
Qız telli,
Gəlin sağrılı,
İncə belli
Atlara sevgimiz
Qeyrətimizdən yuxarı durmamalıdır!
Yıxılan atları güllələyərlər!
Sonra..
sonra...
Ağlayarlar üstündə -
Qardaş məzarı üstündə ağlayan kimi...
Sonra..
sonra...
Gedərlər
Dəli-dolu bir igid ömrü yaşamağa -
Baxtın, taleyin acığına !
Yıxılan atları güllələyərlər !
Matador qadına
Qızmış buğaların buynuzu haça,
Qızmış buğaların gözündə ölüm !
Sənin əlindəki qırmızı parça
Bayraqdır, rəngini sevmirlər, gülüm!
Hərəsi bir ölüm, girib min dona,
Üzünü qarsayır burun pərləri.
Afərin,
ayıq ol,
möhkəm dur, sonam!
Qapqara köpüklü qan verə-verə
Qayıtdı köksündə xəncər yerləri.
Sağa dön,
sola dön,
kənara əyil,
Qorun, bu döyüşü izləyən çoxdur,
Əlində bayraq var, qırmızı bayraq,
O qızmış, ağılsız buğanın deyil,
Sənin ölümünü gözləyən çoxdur...
Ölüm hədəsilə doludur sağ-sol,
Büdrəsən adını soruşmayacaq,
Əlində bayraq var , ehtiyatlı ol,
Ağılsız buğalar, qızmış buğalar
Qırmızı rəng ilə barışmayacaq!
Haça dırnaqları ölüm hədəsi,
Atılmaq istəyir üstünə bir də,
Sönür gözlərində dava həvəsi,
Məğlubtək uzanır torpağa birdən...
Yeri korridalar çevrəsi boyu,
Yeri qalib kimi, gözümün nuru!
Qalib gələcəksən,
əl çalacaqlar
Bütün korridalar çevrəsi boyu,
Bircə əlindəki bayrağı qoru!..
Təqdim etdi: Ziya Fazil