Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

"Soruşacaqsınız ki, yanlış da sevgi olur? Olur, özü də necə!"


İllüstrasiya
İllüstrasiya

-

"Tələbə yoldaşlarıma uyuşmağa, öz fikrimi söyləməyə, nəyəsə təşəbbüs göstərməyə çətinlik çəkdiyimi anladım. Bu çətinliyin nədən qaynaqlandığını düşündüm."

Bayram Soylu

Yanlış sevgi

Bakıdan bir görüntü
Bakıdan bir görüntü

Atam da, anam da bizi çox sevir. Bəs necə olmalıdır, dünyada insana övlad qədər yaxın kimsə varmı?!

Valideynlərim deyir ki, siz də ata, ana olandan sonra övladlarınızı bizdən çox sevəcəksiniz. Artıq evlənəcək yaşa çatmışam deyə onların sözlərinin isbatını səbirsizliklə gözləyirəm.

Mən valideynlərimin bizə olan sevgisinə zərrə qədər də şübhə etmirəm. Onlar bizi əksər azərbaycanlıların öz övladlarını sevdiyi kimi seviblər. Sadəcə, bu yaşdan geriyə boylanıb bizə bəslənən sonsuz sevginin yanlış hədəflərə yönəldiyini dərk etdikcə valideynlərimə qarşı minnətdarlıqdan daha çox qınaq hissi duyuram.

Tələsməyin, mənə “ax, nankor övlad” deməyə tələsməyin. Axı mən bu yaşa qədər bir dəfə də olsun, valideynlərimin bir sözünü iki eləməmişəm.

Mən valideynlərimi bizi sevdiklərinə görə yox, yanlış sevdiklərinə görə qınayıram. Soruşacaqsınız ki, yanlış da sevgi olur? Olur, özü də necə! Mənimlə bacımın valideyn sevgisi ilə dolu həyat tarixçəmizə baxın, anlayacaqsınız.

Biz orta təbəqəyə mənsub ailə hesab edilə bilərik. Atam mühəndis, anam tibb bacısı olub. Bacım bu yaxınlarda ailə həyatı qurub. Onu da məndən az sevməyiblər. Əminəm ki, o da öz valideynlərinə mənim kimi minnətdar olan “nankor”lardandır.

Bacım məndən iki yaş böyükdür. Eyni məktəbdə oxumuşuq. Məktəbimiz o qədər də yüksək təhsil vermirdi. Ona görə də bəzi sinif yoldaşlarımız yeni açılmış liseyə keçmişdilər. Lisey pullu idi, bu üzdən də əvvəl bacımın, sonra mənim orda təhsil almaq istəyimiz baş tutmadı.

“Uzaqgörən” valideynlərimiz bizim gələcəyimizi düşünüb daha geniş mənzilə köçməyi planlamışdılar. Liseyə pul ödəmək yeni mənzil planının gerçəkləşməsini yubada bilərdi.

Hər ikimiz valideynlərimizin bizim gələcək rahat həyatımız üçün keçirdiyi narahatlığı anlayışla qarşılayıb, dərin minnətdarlıq hissi ilə istəyimizi içimizdə boğduq.

Nəhayət, biz yeni evimizə köçdük. Valideynlərimiz qərara gəlmişdilər ki, mən evləndikdən sonra mənzil problemi yaşamayım deyə torpaq sahəsi alıb ikimərtəbəli ev tikdirsinlər. Elə də etmişdilər.

Doğrudur, ev alayarımçıq təmir olunmuşdu, amma yaşamaq olardı. Biz ora köçəndə mən 8-ci, bacım isə 10-cu sinfi bitirmişdi.

Yeni dərs ili başlayanda məktəbimizdə xaricdə təhsillə bağlı proqram barədə elan asdılar. Əsas şərtlərdən biri dil sertifikatının olması və o qədər də böyük olmayan xərclərin qarşılanması idi. Bacım bu proqramda iştirak etməyi çox arzulayırdı.

İstəyini dilə gətirdikdə anam yeni evə köçmək üçün götürdüyümüz kreditin hələ başa çatmadığını, üstəlik, imkan düşdükcə ona indidən bəzi zəruri cehizlik əşyaları almağın lazım olduğunu bildirdi. Axı anam bacımın günbəgün yaxınlaşmaqda olan evlilik həyatını düşünürdü. Sənin gələcəyini düşünən ananı necə anlamayasan?!

Bacım orta məktəbi bitirib ali məktəbə qəbul olundu. Amma cəmi iki il oxudu. Onu ərə verdilər, əri “əsası diplom almaqdır” deyib, onu qiyabi şöbəyə keçirdi. Anam və atam kürəkənlərinin bu qərarını yekdilliklə dəstəklədilər.

Mənə qalanda, xaricdə təhsil proqramında iştirakı heç dilimə gətirmədim. Daha doğrusu, elə dilə gətirmək istəyirdim ki, evimizin təmir qayğıları ilə bağlı çox vacib ailə müzakirəsi başladı və mən susmağa üstünlük verdim.

Universitet
Universitet

Nəhayət, çoxdan gözlədiyim ali məktəbə qəbul imtahanları başladı və xoşbəxtlikdən ödənişsiz oxumaq haqqı qazandım. Yoxsa, hələ də bitməyən təmir qayğıları bu arzumu ürəyimdə qoyacaqdı.

Amma tələbəliyimin elə ilk günlərindən mənə olan valideyn sevgisinin və ona verdiyim qarşılığın acısını yaşamalı oldum - tələbə yoldaşlarıma uyuşmağa, öz fikrimi söyləməyə, nəyəsə təşəbbüs göstərməyə çətinlik çəkdiyimi anladım. Bu çətinliyin nədən qaynaqlandığını düşündüm.

Səbəb çox sadə idi, – valideyn sevgisinin qarşılığını verməyə çalışdığımdan ali məktəbə qəbul olunanadək hələ bir dəfə də olsun onlardan icazəsiz heç bir addım atmamış, heç bir təşəbbüsə qoşulmamış, özbaşıma qərar verməmişdim...

Orta məktəb yoldaşlarımızla şərtləşmişdik ki, hər il iyul ayının ilk bazar günü görüşək. Görüşdük. Sinif yoldaşlarımızın çoxu gəlmişdi. Demək olar ki, əksəriyyətimiz ali məktəbdən yeni məzun olmuşduq.

Aramızda iki nəfər daha bəxtiyar görünürdü, yeni evlənmişdilər. Ər bacımla, xanımı isə mənimlə bir sinifdə oxumuşdu. Hər ikisi xaricdə təhsil proqramı üzrə Avropada təhsil almışdılar, eyni şirkətdə çalışırdılar. Onlar öz bizneslərini qurmaqla bağlı gələcək planları barədə həvəslə danışırdılar.

Ev
Ev

Gənc ər-arvaddan evlərinin olub-olmadığını soruşdum. Mehribanlıqla gülümsədilər, hələ kirayədə yaşadıqlarını, hazırda karyera barədə düşündüklərini və imkan olan kimi ev məsələsini həll edəcəklərini dedilər.

Keçmiş xatirələrlə dolu görüşümüz uzun çəkdi...

Evə gəldim. Hələ təmiri başa çatmamış ikimərtəbəli evimizi dolaşmağa başladım. Vaxtilə bacıma məxsus otağın qapısını açdım. Birdən gözlərim önündə bacımın kədərli siması canlandı. O qədər kədərli ki...

Otaqdan çıxdım. Dəhlizdəki güzgüdən mənə baxan surətimə yaxınlaşdım. Bacımın simasından o qədər də fərqlənmirdi.

Atam və anam artıq çoxdan yatmışdılar...

XS
SM
MD
LG