Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:16

«Hakimiyyət özünü beynəlxalq aləmin hədəfinə gətirir»


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

-

Rəsmi qəzet Azərbaycanın beynəlxalq aləmdə brendlərindən, müxalif qəzet isə təcrid olunmasından yazır...

Hüquqşünas Ələsgər Məmmədli Avropa Məhkəməsi qərarlarının ölkədə qəbul edilə bilməməsi haqda Milli Məclisin təşəbbüsünü «Azadlıq» qəzetinə belə şərh edir:

«Belə təşəbbüs Konstitusiyanın 151-ci maddəsinə əsasən mümkün deyil. Çünki bu maddə beynəlxalq aktların hüquqi qüvvəsinin qanunlardan üstün olduğunu təsbit edir. Bu maddə dəyişməyincə, hansısa qanunu qəbul edilməsi sadəcə mümkün deyil»-deyə hüquqşünas mövqeyini əsaslandırır.

Ə.Məmmədliyə görə, hakimiyyət belə məzmunlu Konstitusiya qanunu qəbul edə bilər. Ancaq o, belə qanunun qəbul oluna bilməsinin nəticələrinin ağır olacağını da xatırladır.

«Belə qanunun qəbulu Azərbaycanın beynəlxalq aləmdən təcrid olunması, Azərbaycan vətəndaşlarının beynəlxalq arenada tanınan hüquqlarının inkar edilməsi deməkdir» - deyə hüquqşünas bunu geriyə addım adlandırır.

Onun fikrincə, bu hökumətin və parlamentin gözdən düşməsinə səbəb olacaq.

«Avropa Məhkəməsinin qərarlarının qəbulu, Avropa Şurasına qoşulma Azərbaycan xalqının ortaq maraqlarıdır. Belə qanunun qəbulu hökumət və parlamentin beynəlxalq aləmdə çox sürətlə gözdən düşməsinə səbəb olacaq» - deyə qanun qəbul ediləcəyi halda mümkün nəticələrə toxunur.

AZƏRBAYCAN DÜNYADA… İNKİŞAF EDƏN ÖLKƏ KİMİ TANINIR

«Azərbaycan» qəzeti Azərbaycanın dünyada müstəqil dövlət kimi uğurlu siyasət apardığını deyir:

«Azərbaycan son illər özünün inkişaf nümunəsi, brendləri ilə dünyada qəbul edilən ölkəyə çevrilib» - deyə qəzet yazır.

Neft
Neft

QEYRİ-MÜƏYYƏN OPTİMİZM

«Beynəlxalq neft bazarında qeyri-sabit duruma baxmayaraq, Azərbaycan hələ də «qara qızıl»in qiymətinin artacağına ümidini itirmir. Hökumət üzvləri tezliklə neftin qiymətinin artacağı haqda açıqlamalar verirlər».

«Novoye Vremya» qəzeti belə yazır. Arxasınca da belə optimizmin səbəbinin aydın olmadığını vurğulayır.

Qəzet bu sahədə hökumətin Avropanı qazla təchiz edəcək TAP və TANAP layihələrinə önəm verməsini xüsusi qeyd edir. Eyni zamanda bu layihələrin icra ediləcəyi məkan yaxınlığında savaş (Suriya) getməsi xatırladılır və bunun rentabelli ola biləcəyi məsələsinə şübhə ifadə edir.

«İndiyə qədər bir çox qaz kəmərləri rentabelli olmayıb. İndi neftin qiyməti kəskin düşəndə daha çox vurğu qazın üzərinə qoyulur və bu da çox zaman siyasi xarakterli olur» - deyə qəzet qeyd edir.

«Bir sözlə daha bir sual da yaranır. Öz vasitələrimiz hesabına Avropanın enerji təhlükəsizliyini qorumaq beləmi zəruridir?» - deyə müəllif soruşur.

ƏMANƏTLƏR BANKLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ ÇIXARILIR

«Yeni Müsavat» qəzeti belə yazır. Müəllifə görə, bunun səbəbi əhalinin banklara inanmamasıdır. Mərkəzi Bankın isə banklardan çıxarılan əmanətlərin həcmi barədə açıqlama vermədiyi vurğulanır:

«Ölkənin bank sisteminə inamın kəskin azalması əmanətlərlə bağlı təhlükəni daha da artırır. Başlıca olaraq bu səbəb üzündən əhali əmanətlərini banklardan çıxarmağa üstünlük verir. 2015-ci ildə banklardan 3.1 milyard manat əmanət geri çəkilib. Təkcə dekabr ayında bu rəqəm 540 milyon manat təşkil edib»-deyə ekspert Əkrəm Həsənov həmin yazıda mövqeyini belə izah edir.

Ekspert daha sonra deyir ki, bu proses davam edəcək:

Bakıda əmək yarmarkası.
Bakıda əmək yarmarkası.

«Əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesi davam edəcək. Bank sisteminə etimadın azalması, onlara səmərəsiz nəzarət, bağlanmalar, sığortalanmayan əmanətlərin bata bilməsi ehtimalı bunu deməyə əsas verir».

BÖLGƏLƏRƏ YATIRILAN MİLYARDLAR NƏTİCƏ VERMƏYİB

«Üç dövlət proqramı işsizliyi həll edə bilməyib, bölgələrə yatırılan milyardlar nəticə verməyib, hökumət çıxış yolu axtarır».

«Bizim Yol» qəzeti bölgələrə yatırılan milyardların acınacaqlı taleyindən yazır.

Həmin yazıda iqtisadçı Nemət Əliyev deyir:

«Ölkədə tüğyan edən korrupsiya, inhisar və rüşvət bütün islahatlara qalib gəlib. Konkret olaraq dövlət proqramları qəbul edilib, bu istiqamətdə vəsait ayrılıb. Amma bu proqramlar regionlarda yeni iş yerlərinin açılışını təmin etməyib».

Nemət Əliyev dövlət vəsaitlərinin səmərəsiz xərcləndiyini deyir. O, Azərbaycanda ailələrin daha çox Rusiya və Türkiyədən gələn gəlirlər hesabına dolandıqlarını bildiri.

«İş yerlərinin artması üçün sahibkarlıq mühiti şəffaflaşmalı, inhisar aradan qalxmalı, korrupsiyaya qarşı ciddi mübarizə getməlidir»-deyə Nemət Əliyev qeyd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG