-
"Fyodr bərk-bərk qamışlığa qısılaraq, yerində donub qaldı, az qala, onu ələ verər deyə, ürəyinin döyüntülərini də saxlamaq istəyirdi."
Rüstəm İBRAHİMBƏYOV
və
Valentin YEJOV
SƏHRANIN AĞ GÜNƏŞİ
(tarixi macəra romanından bir parça)
Qızıl ordunun keçmiş döyüşçüsü Fyodr Suxov səhrada, alışdığı əsgəri yürüş addımlarıyla yeriyərək, yol gedirdi, üz-gözünü qarsan qızmar külək, elə bil, keçdiyi yolda yaranan kiçik çuxurları tez tələsik doldurub, onun izini itirməyə çalışırdı.
Günün altında gəzməkdən yanıb bozarmış əskər köynəyində gözə çarpan iri, tutqun tər ləkələrinın qıraqlarında yığılmış, qırova oxşayan ağappaq duz çöküntüləri, onun, üfüqdən üfüqə kimi uzanıb gedən, dalğaları yerində donub qalmış dənizə oxşayan, bu qum barxanlarının arası ilə lap çoxdan yol getdiyini göstərməkdəydi.
Suxovun kürəyindən, yarıboş olduğu duyulan heybə asılmışdı, əlində nəyə görəsə sapı kərtilənmiş qazmaçı beli vardı. Belindəki geniş, ikisıralı deşikləri olan təzə dəri qayışı isə Suxovun sıravi döyüşçü geyimi ilə heç uyuşmurdu. Bu qayışın bir tərəfindən azacıq əzilmiş metal çaynik, o biri tərəfindən isə içində tapança olan qobur asılmışdı; qayışın toqqa yerinə bərkidilib aşağıya sallanan, qaba dəridən düzəldilmiş qının içində xəncər, daha doğrusu, çox ağır bir döyüş bıçağı vardı.
Günəş, göy üzündə durmadan, yüksəldicə yüksəlirdi. Yol boyunca, süpürgə kimi sivriləşib dikəldiyindən, dibinə kölgə salmayan yovşan kolları gözə dəyirdi.
Gözlənilmədən, caynaqları ilə qumu cırmaqlayan bir kərtənkələ gözə görünüb, ətrafı qaplamış səssizliyi pozaraq, bir göz qırpımında yox oldu, yan-yörəni bürüyən qatı bürküyə qarışmış susqunluğu yalnız, Suxovun çəkmələrinin altında xırçıldayan qumun səsi pozurdu.
Parlaq sarı rəngli kürəyində kiçik rombşəkilli bəzəkləri gözə çarpan gürzə, qıvrılaraq, dalğalanan qumun üstü ilə üzürmüş kimi, sürünüb, yaxınlıqdakı təpəciyin arxasında gözdən itdi...
Göy üzündə, çox yüksəkdən uçan yırtıcı bir quşun qıyıltısı eşidilməyə başladı; o, qalxdığı yüksəklikdə yavaşca dövrə vurub, səhrada yürüyən yolçunu izləyirdi, birdən, barxanın qırağında qıvrılan sarı, əyri-üyrü lent–ilan quşun gözünə sataşdı! Qartal bir anın içində, qanadlarını sanasan biri-birinə tikilibmiş kimi bitişdirib yığaraq, oxa oxşayan sivri bir görkəm aldı, sonra ovunu qapıb götürmək üçün aşağıya şığıdı. Qartalın bu şığımasından, havada güclə sezilən bir vıyıltı eşidildi.
Suxov, öyrəncəsi üzrə, bir göz qırpımındaca tapançasını qoburundan çıxardı, çevik bir hərəkətlə bədənini səs gələn tərəfə döndərib, yerə yaxınlaşan quşu nişan aldı, ancaq son anda atəş açmayıb dayandı, tapança tutmuş əlini yanına saldı.
Özünün gənc döyüşçü yaşını çoxdan adlamış Suxov, ötənlərdə olduğu kimi, nəyə gəldi güllə atmaq azarından çoxdan qurtulmuşdu; son anda yalnız bircə patronu çatmadığına görə, bir neçə dəfə ölümlə üz-üzə gəlməsi ona döyüş sursatını göz bəbəyi kimi qorumağı aşılamışdı.
İndi Suxov ancaq iki halda, ya onu açıq-aydın ölümlə təhdid eləyən yağıyla üzləşəndə, ya da səhrada yemək tapmaq gərək olanda silaha əl atırdı.
Suxovun ilan ovlayan qartaldan qorxacağı yox idi, bu quşu ovlamağa gəlincə, bu, ancaq Suxov birdən acından ölmək həddinə çatsaydı, ola bilərdi.
O, tapançanı qoburuna qoyub dayandı, uzun-uzadı, qartalın arxasına enib görünməz olan sıralanmış barxanlara göz qoydu; quşun yenidən havaya qalxacağını gözlədi. Ancaq qartal görünmürdü.
Onda Suxova maraq elə güc gəldi, nə baş verdiyini öyrənmək üçün yaxınlıqdakı barxanın üstünə dırmaşdı. Təpənin üstünə qalxanda qartalın on addımlıqda, küləyin sovurub yaratdığı dik bir yamacda düşüb qaldığını gördü.
Bu, çox böyük bir ilantutan qartal idi. Suxov yavaşca ona yaxınlaşdı. Qartal qarnı üstə uzanıb, qırmağa oxşayan dimdiyini geniş açmışdı, qanadları isə qumun üstünə sərilib qalmışdı.
Suxov nə baş verdiyini anladı: ilan başının üstünü almış ölüm qorxusundan vaxtında duyuq düşüb, dik yamacla başıaşağı sürüşərək, qurtula bilmişdi, ancaq istiqaməti düzgün seçə bilməyən qartal, barxanın qırağındakı quma çırpılaraq, bərk əzilmişdi.
–Ay-ay-ay!.. Necə oldu, belə pis yıxıldın, ay qardaş?–Suxov əzilmiş qartala sarı əyildi.–Görünür, çox gəncsən hələ, quşcuğaz!
Quşun ürəyi pulemyotun atəş tezliyinə uyğun gələn bir yeyinliklə döyünürdü – bunu onun boğazının altındakı lələklərin titrəyişindən sezmək olurdu. Suxov qazmaçı belinin sapını yavaş-yavaş quşun başına yaxınlaşdırdı. Qartal başını geri çəkmədi. Sonra qartal birdən, acıqla qıy vurub, arxası üstə çevrildi, iti caynaqları ilə qazmaçı belinin sapına sarmaşıb, onu hikkə ilə dimdikləmyə başladı.
–Sən bir buna bax!..–Suxov, qartalın bu hərəkətini bəyənircəsinə, təəccübləndi: – Sən az aşın duzu deyilmişsən a, oğlan... Dirənirsən – deməli, yaşayacaqsan! – O, ustufluca belin sapını özünə sarı dartıb, onu qartalın caynağından qopardı.–Yaxşı. Sənə nə iləsə kömək eləyə bilməyəcəyəm, acıqlandırmaq da istəmirəm... Sağal, özünə gəl, mən gedəsi oldum...
Qartal gözünü qırpmadan ona baxırdı. Onun bu, ötkəm, olduqca kəskin baxışlarında qorxu, ağrı, şikayət duyulmadığı kimi, azacıq olsa belə, yalvarış da yox idi.
Suxov qartala göz vurub, qırağa çəkildi, sonra ucsuz-bucaqsız səhrada yönü təkcə onun özünə bəlli olan yolla addımlamağa başladı.
Ancaq bir neçə dəqiqədən sonra o, birdən başı üstündə nəsə bir xışıltı eşitdi, başını qaldıranda tanış qartalın havaya qalxdığını gördü, qartal öncə ağır-ağır, sonra isə getdikcə daha çevik qanad çalaraq yuxarı qalxırdı, birazdan yüksəklikdəki hava axını dirçəlmiş quşu qoynuna alıb, gözqamaşdıran ağappaq günəşə doğru qaldırmağa başladı...
Gördüyü bu olaydan Suxovun ürəyi açıldı. O, bu lənətə gəlmiş boş səhrada, son günlərdə onu bezdirmiş təklikdən bir anlığına da olsa ayrılıb, hansısa canlı bir varlıqla, sözsüz-sovsuz olsa belə, ünsiyyətdə ola bildiyi üçün razı qalmışdı.
Doğrudur, səhra sözünə ən çox yaraşan söz elə boşluq anlayışı olsa da, burada, ən çox da səhərlər, çoxsaylı canlılarla üzləşmək olurdu; ancaq bu gördüyü: ərəbdovşanları, qumluq kəsəyənləri, köstəbəklərlə qarşılaşmaq artıq Suxovu bezdirmişdi, elə tısbağa, əqrəb, ilan kimi, Rusiyada heç vaxt üzləşmədiyi varlıqlar da onun xoşuna gəlmirdi.
Səhrada yaşayan iri heyvanlar isə, gözəl ceyran, səhra tülküsü, qurd olsun, onları gözucu görməyə belə, macal tapmırsan, insanın iyini alan kimi, ildırım yeyinliyi ilə qaçıb, barxanların arxasında gözdən itirlər. Suxov buralarda olduğu müddətdə dəfələrlə bu, qazel deyilən ceyran ovuna çıxmış, onun dadlı ətini ləzzətlə yediyi də çox olmuşdu. Ancaq burada ceyran ovlamaq üçün ən azından karabin tüfəngin, bir də yüyrək atın olmalıdır...
Səhra göylərinin yiyəsi olan qartalla görüşünü Suxov yaxşı əlamət saydığından, özünə azacıq dinclik verməyi kəsdirdi. Belindəki qayışdan çayniki açıb götürdü, onun lüləyindən taxta tıxacı dartıb çıxardı, sudan bir kiçik qurtum alıb, tıxacı yenidən yerinə bərkitdi, onun kip oturmasına arxayın olmaq üçün ovcunun içi ilə tıxacı döyəcləyib, çayniki yenidən qurşağından asdı. Sonra barxanın qırağında oturub ayaqqabılarını soyundu, onlara dolmuş qumu boşaltdı, dolaqlarını yenidən ayağına sarıyıb, ayaqqabılarını geyindi. Azca nəfəsini dərən kimi ayağa qalxdı, gedəcəyi yönü ayırd eləyərək, barxanların arası ilə, kəsə yolu tutub getməyə başladı.
Yeridikcə, böyrü ilə sürünüb gələn, yavaş-yavaş kiçilən kölgəsi də yanınca düşüb gəlirdi.
–Gün günorta oldu,–o, özü-özünə danışaraq, sol biləyindəki çox böyük saata göz yetirdi. Ancaq saat işləmirdi...
İçdiyi kiçik qurtum sudan sonra, çox keçmədən Suxovun alnı tez buxarlanıb itən tər damlaları ilə örtüldü. O öncə gözlərini bərk qıyıb, günəşin gözqamaşdıran işığından qorumağa çalışdı, sonra isə gözlərini bərk yumaraq, gözü önündə titrəyən, alqırmızı bir örtük görməyə başladı. Biraz sonra isə, bu qırmızı örtüyün üzərində çayın axını ilə üzən, parıltılı, ağırlığından yarıyacan suya batmış qarpızlar görməyə başladı, sonra sərin suları axıb gedən geniş bir çay göründü...
Suxovun üzündən titrək bir qımışma sürüşüb keçdi; birdən ona elə gəldi, yerimək asanlaşdı, elə boğucu isti də biraz yüngülləşdi. Suxovun qurşağından asdığı şeylər sahmansız yerləşibmiş kimi görünsələr də, ancaq o, yeridikcə bunlar nə cingildəyir, nə də səs-küy salırdılar, o, ətrafına baxmadan yeriyirdi, düzünə qalsa, yan-yörədə baxmalı bir şey də yox idi – dörd bir yanda üstü kələ-kötür, paltar yuyulan taxta lövhəyə oxşar qum çölü uzanıb gedirdi.
Suxov, ehtiyatı əldən verməyib, aradabir gözlərini açaraq, yan-yörəsinə baxmağı da unutmurdu. Uzaq keçmişindən bugünə gəlib çıxan xatirələr isə onu getdikcə daha çox öz axınına salıb aparmaqda idi, bunların az qala hamısı su ilə, çay ilə, sərinliklə, bir sözlə, doğma yerlərlə bağlı idi...
Qarpızlar çayla, biri-birinin ardınca, yavaşca üzüb gedirdilər, adama elə gəlirdi, onlar getdikcə əriyib, çayın axınına qarışırdılar. Bu qarpızlardan biri sahilyanı qamışlıqda ilişib, dayandı. Onun zolaqlı qabığında iki deşik açılmışdı. Bu deşiklərdən kiminsə gözü parıldayırdı, qarpızın yaxınlığında ara-sıra, nəfəs çəkməkdən yaranan su qabarcıqları əmələ gəlirdi. Buradan, sahilin yaxınlığında çimən çılpaq qızlar çox yaxşı görünürdü, onlar isə heç nədən şübhələnmədən soyunub, çayda yuyunurdular.
Başına keçirdiyi qarpızda açdığı deşiklərdən çılpaq qızları süzən Fyodr Suxovun diqqəti, ağdərili, alyanaq bir qıza sarı yönəlmişdi. Qız çaydan qızmar qumun üstünə çıxdı, saçlarını sıxcalayıb suyunu aldı, birdən kiminsə ona baxdığı ürəyinə damıbmış kimi, qamışlıqda ilişib qalmış qarpıza sarı baxmağa başladı.
Fyodr bərk-bərk qamışlığa qısılaraq, yerində donub qaldı, az qala, onu ələ verər deyə, ürəyinin döyüntülərini də saxlamaq istəyirdi.
Qorxmağa isə dəyərdi: volqaboyunda yaşayan bütün qız-qadınlar bu oyunu bilirdilər – çayla üzən qarpızlardan biri gözlənilmədən sıradan ayrılıb, çayın axını ilə dirəşərək, yerindən tərpənmirdi, bunun nə demək olduğunu bilən çılpaq qadınlar, dəstə ilə hayqıraraq, bu qarpızın üstünə cumur, onun arxasında gizlənən gənci tutub sahilə çıxarır, sonra da bərk əzişdirib buraxırdılar.
Bu zaman artıq gizlənmədən də, çılpaq qadın bədənlərini görmək olardı, ancaq bunun üçün bolluca göz yaşı tökmək də gərəkirdi!
Ancaq, qəfildən onu çağıran yoldaşına sarı dönən qızın başı necə qarışdısa, qarpızı gördüyünü unutdu. O, donunu islaq bədəninə geyincək, paltarı əyninə yapışıb, bədəninin gizlin yerlərinin cazibəsini bütün qabarıqlığı ilə üzə çıxardı – bu mənzərə Fyodr Suxovun yaddaşında birdəfəlik həkk olundu...
Yeniyetmə yaşında gördüyü bu mənzərə, elə bil, onu Katya ilə gələcək görüşünə hazırlayırmış, əvəzolunmaz, unudulmaz Katya... onunla da ilk görüşü Volqanın dik yoxuşlu bir sahilində olmuşdu.
Qızlar, qadınlar yuyunub qurtarandan sonra, qaqqıldaşa-qaqqıldaşa yamacı aşaraq, sahil boyu uzanan kolluqların arxasında gözdən itənəcən, Fyodr yerindən tərpənmədən, səssizcə dayanıb gözləməli oldu. Volqanın suyu çox az hallarda isti olur, bu gün günlərdən o gün olmadığından, Fyodorun bədəni soyuqdan bir az göyərmişdi, – ona görə də qadınların uzaqlaşdığına arxayın olan kimi, səs-küylə, tələm-tələsik, qarpız dəbilqəsini çıxarıb qırağa tulladı.
Yaxınlıqdan yarıyacan suya batıb, yana əyilmiş bir çəllək üzüb keçdi; çay ilə biri-biriylə toqquşub çatırdayan taxta qırıqları, hər cür zir-zibil axıb getməkdə idi...
Fyodor tez-tələsik, yaxınlıqdakı buxtada dayanıb yedəyə alınacağını gözləyən barja sarı üzdü, onun gün işığından isinmiş taxta döşəməli göyərtəsinə dırmandı.
Gözətçi gözə dəymirdi, görünür, sahilə getmişdi. Döşəmədə islaq izlər sala-sala Fyodr barjın içində dağ kimi qalanmış qarpız topasına sarı yeridi. İri bir qarpız seçib onu yumruğu ilə ikiyə böldü, qarpızın şipşirin özəyini dişinə çəkməyə başladı, yedikcə bir ucdan, çənəsindən qarpızın şirəsi axıb tökülürdü.
Volqanın sahilindəki çayırlıqda ot biçən bir kişi görünürdü, hər dəfə qollarını açdıqca kərəntinin ağzına düşən günəş şüasının parıltısı görünürdü. Haradasa uzaqlarda, kilsə zəngi çalınır, titrək, qırıq-qırıq səslər göyə ucalırdı...
Birdən Suxov, haradasa çox uzaqda atılan güllə səsləri eşitdi, ayaq səsləri bu səsin haradan gəldiyini ayırd eləməyə mane olmasın deyə, dayandı. Biraz dinşəyib heç nə eşitməyəndə, yanıldığını düşünüb, yoluna davam etdi, onun yerişi nə yeyin, nə də yavaş idi – isti ilə yorğunluqdan qızarmış gözlərini qırparaq, adi yürüş addımları ilə yeriyirdi. Biraz aralıda gözə dəyən, havanın şəffaflığını pozan qaynar buxar dalğalarından: ilğımlar doğulmağa başlayırdı –birdən, göy suları ləpələnən bir göl, birdən də, yaşıl bitkiləri göz oxşayan çöl görünüb, səhranın üzücü boz mənzərəsini yeniləyirdi. Gəncliyinin xatirə ipliyi isə açıldıqca, açılıb tökülürdü...
Burnu ilə irili-xırdalı buz qalaqlarını yarıb keçən yedək gəmisi, çayın üzərində ucalan dayanacağa yan aldı, körpünün üstündə dayanıb, deyib-gülən şən matroslar gəmidən atılan yoğun kəndirləri tutub dirəklərə sarıdıqdan sonra gəmi yerində mıxlanıb dayandı.
Hörmə kəndir keçidlə körpüyə qalxan qadınlar, kişilər, əllərindəki ağır kisələri, sandıqları daşıyaraq, sahilə yönəldilər, özü ilə belə ağır yük aparmaq yasaq olsa da, matroslar sərnişinlərdən qəpik-quruş alıb, buna göz yumurdular.
Balacaboy, əyri ayaqlı dayısı Savelinin əynində yarımkürk, başında kepka, ayağında qalın dəridən, yaxşıca maz çəkilmiş çəkmələr vardı.
Onbeş yaşlı Fyodr Suxov əyninə nimdaş kaftan geyinmişdi, ancaq babasının onun bu səfəri üçün xüsusi olaraq ağac liflərindən toxuduğu təzə, bəzəkli ayaqqabıları çox gözəgəlimli idi. Lifdən toxunan belə ayaqqabılar düzəltməyi hər usta bacarmazdı, belə ayaqqabıların üstündə, ayrıca toxunmuş naxışlı köbəsi də olardı. Fyodrun kürəyində on ədəd duza qoyulmuş alma, bir də bayramlarda geyindiyi, al rəngli, parıltılı sətin köynəyi olan kətan heybə vardı.
Nijni Novqorod Fyodru, ilk baxışdanca, mat qoymuşdu: sahil boyunca kilometrlərlə uzanıb gedən tikililər, anbarlar, artel dükanları sıralanmışdı.
Burada nə desən, satırdılar – kürü ilə balıqdan tutmuş, emalatxanalarda düzəldilən məmulatlara, atlara, inəklərəcən, nə istəsən, almaq olardı. Samara yaxınlığında, Volqaboyunda yerləşən yoxsul, üstəlik, keçən qışı aclıq içində başa vurmuş balaca bir kənddən çıxıb gələn Fyodr buradakı bolluğu görüb, heyrətlənmişdi.
Buradakı gəmi dayanacaqları ilə yanalma körpülərinin yan-yörəsində yüzlərlə “aristokratik ruh” yiyələri – Volqboyunda “çelkaş” deyilən səfillər dolaşırdılar.
Bütün bu ayaqyalın, yarıçılpaq insanlar çayın donu açılıb, buz parçaları çayaşağı üzməyə başlayan kimi, qışı yaman-yaxşı keçirdikləri dəlmə-deşiklərdən çıxaraq, Volqa Ananın sahilinə axışırdılar. Bu böyük çay, onların hamısının qarnını doyururdu.
Biriləri, artellərdə yükdaşıyan kimi işə düzəlir, o biriləri, kiçik oğurluqla dolanır, bir başqaları,dilənçiliklə günlərini keçirirdilər; beləliklə də, hamı qarnıtox, ən başlıcası isə, içkili olurdı.
Burada görülən bütün açıq-gizlin işlərin hamısı araqla ölçülürdü, barjlarla paraxodları yükləyib boşaltmağın da, bütün yerdə qalan işlərin də hamısının dəyəri, onlar üçün neçə vedrə spirt ödəniləciyindən asılı idi.
Biraz yuxarıda tikilən şəhər, sanki özünün zəng səsləri, kilsələrinin qızılı qübbələri ilə bu kiçik dükanların, anbarların üzərində ucalırdı, şəhərdə, zadəganlarla tacirlərin özləri üçün tikdirdikləri iki-üç mərtəbəli yaraşıqlı evlər göz oxşayırdı.
Çay daşı döşənmiş körpülərin üstü ilə, yüngül faytonlar şütüyür, ayağı qalın tüklərlə örtülü azman atlar qoşulmuş ağır arabaları ötüb keçirdilər.
Çayın üzəri ilə, sahilə yaxın, sayagəlməz bir dolaşa topası uçuşub, dövrə vururdu, yığılıb açılan qara rəngli mələfəyə oxşayan quşların topası, ara-sıra, dumanlı, soyuq havada güclə görünən günəşin qabağını kəsib, onu görünməz eləyirdi.
Çay ilə üzən buz parçaları, göy üzündə süzən buludları andırırdı, ancaq hələ buzların böyük axını başlamamışdı.
–Fyodr, sən mənimlə buralarda itib batmazsan,–dayısı Saveli əli ilə onun çiynini döyəcləyib dedi.
Sahildə alverçi qadınlar qışqırışıb, satlıq yeməklərini təklif eləyirdilər. İsti piroqlar, soyutma ət satırdılar, yol üstündəcə, tavalarda: bağırsağa bükülmüş ət qovurması–kolbasa, Volqada tutulan bütün balıqlardan qızardıb, satırdılar.
Saveli alverçi ilə çənəboğaz eləmədən, sarımsaqlı kolbasa ilə yarım çörək aldı–Fyodr acgözlüklə qaynar kolbasanı dişinə çəkməyə başladı.
–Səni burada dükanda işə düzəldəcəyəm. Bir tanış dükançı var, ona ağız açaram... Yavaş-yavaş alver eləməyi öyrənərsən... Dükanın işlər müdiri olarsan...–Saveli onunla birgə, sahildən yuxarıdakı çay daşı döşənmiş səkiyə qalxan taxta körpü ilə keçərək, belə mühakimə yürüdürdü.–Sonra baxarsan işlərin gedişinə, lazım olsa lap özün üçün dükan açıb işlədərsən... Sən axı mənim kimi deyilsən.. Sənin savadın var, neçə illər kilsə məktəbinə getmisən.
Fyodr xəyalən, bir anlığına, bir də heç vaxt geri dönməyəcək keçmişə qayıtdı, kənd uşaqları ilə, oğlanlı-qızlı on kilometrlikdəki kilsə məktəbinə getməyini xatırladı. Kilsə məktəbi Volqanın o tayında olduğundan, qışda onlar buzun üstü ilə, yay-payız aylarında isə qayıqla üzüb, məktəbə getməli olurdular.
Gəldikləri gün Savelinin tanışı olan dükan yiyəsini tapa bilmədilər. O günü, çayın sahilinə gəlib, burada artel işçilərinin qaladıqları tonqalın yanında gecələməli oldular.
Səhərisi gün Volqa ilə buzların böyük axını başladı. Eni iki kilometrdən artıq olan çayın axarı ilə, irili-xırdalı buz parçaları, ara vermədən üzüb keçirdi, aradabir kiçik meydançaya oxşayan iri buz parçaları da gözə dəyirdi. Sahilin yaxınlığında buz parçaları biri-birinə ilişib tərpənməz qalırdılar, çayın axarı gur olan ortasında isə, onlar biri-biri ilə toqquşur, hərdən tıxac yaradır, biri-birinin üstünə çıxır, biri-birini sıxışdırır, çatırdayaraq, üzüb keçirdilər.
Hər il, böyük buz axını başlayanda, bütün şəhər sakinləri sahilin hündür bir yerinə toplaşıb, bu mənzərəyə tamaşa eləyərdilər, bu, üzən buz parçalarının üstündə ağlagəlməz şeylər görmək olardı: birdən böyük bir buz meydançasının üzərində qalın qar qatının üstündən salınmış, peyinə bulaşmış xizək yolunun bir hissəsi görünərdi; ya da birdən buzun yaratdığı daşqının yuyub apardığı sarayda, ağaca bağlı qalmış keçi mələyərək, üzüb keçərdi; itdamından çıxmağa macal tapmayan köpək də gözə dəyərdi; daşqının hansısa həyətdən yuyub apardığı iri ağac qalağı, buzda donaraq ilişib qalmış qayıqlar, kiçik gəmilər da olardı...
Buz axınına uzun-uzadı baxandan sonra, Fyodrla Saveli yenə də taxta pilləkənlə şəhərə sarı qalxıb, tanış dükançını axtarmağa getdilər, ancaq burada Saveli dayı birdən nə eşitdisə dayandı, bir az qulaq asıb, ayaqları yerə basdırılmış stolun arxasına yığışan artelçilərə yaxınlaşdı. Stolun üstündə çoxlu yeməklərdən başqa, üçlitrlik hündür butulkada araq qoyulmuşdu–yığışanlar bu araqdan mərc çəkişirdilər, mərcin şərti belə idi: kim əlində təkcə bir ucu qarmaqlı ağac götürüb, yalnız öz bacarığına arxalanaraq, axan buz parçalarının üstü ilə Volqanı o taya adlaya bilsə, bu araq da, yeməklər də ona çatacaqdı.
–Bu arağı udmaq mənim boynuma,–deyə Saveli mərc qoşanların danışığına qoşuldu. O, gözlərini oynadaraq, papağını çıxarıb, zərblə yerə çırpdı, sonra yarımkürkünü çıxarmağa başladı.
–Yaxşı, ağalar!–Saveli dilləndi.–Üç litr çayın o tayına keçməyə verirsiniz. Gəlin mərcə iki butulka qoyun... mən də buzun üstü ilə o taya keçib, sonra geri qayıdım!
Artelçilər bir az duruxdular, sonra bu şərtlə razılaşdılar.
Saveli ucu qarmaqlı ağacı əlində atıb-tutaraq samballadı, sonra çaya sarı yönəldi.
Çayın qırağında buz parçaları biri-birinə pərçimlənmiş, qalın, özü də tərpənməz olduğundan, Saveli bir müddət torpağın üstündə yeriyirmiş kimi addımladı. Bir az geçmiş, buz parçalarının biri-birindən aralı olduğu yerə gəlib çatdı, çayın gur axarı buz parçaları arasında ilişdiyindən su onların arasından, qaynayırmış kimi pıqqıldayaraq, çıxırdı. Saveli bu buz parçalarının birindən o birinə tullanaraq, yoluna davam etməyə başladı, yıxılmamaq üçün o, əlindəki ağacın qarmağını buz parçalarına sancıb, tarazlığını saxlamağa çalışırdı.
Sahilə yığışan artelçilər Savelinin hər uğurlu sıçrayışını hay-küylə alqışlayırdılar.
Çayın ortasına yaxın, yol getmək çox ağırlaşdığından, Saveli yavaşıdı, sıçramazdan qabaq buz parçalarını diqqətlə seçib ayırmağa başladı, o tez-tez ya qarmaqlı ağacı, ya da bədənini oynadaraq, yıxılmaqdan özünü saxlamalı olurdu...
Xatirələrə dalmış Suxov gözucu ətrafa baxıb, qarşıdakı barxanın qırağından bir sayqakın başının görünüb, yox olduğunu sezdi, bunun ardınca qaçıb uzaqlaşan heyvanın təbil gurultusuna oxşayan ayaq səslərini eşitdi. Barxana çatıb, burada biri-birinə qarışmış zəncirvari sayqak izlərini gördü, səhrada heyvanların izinin su olan yerə apardığını bildiyindən, onların izini tutub getməyə başladı.
Barxanların təpələri, üçbucaq bayraqlara oxşayan qısa kölgələr salırdı. Küləkdən nəsə anlaşılmaz bir qoxu duyan Suxov iyləyib, bunun tüstü qoxusu olduğunu ayırd elədi. Ehtiyatlanıb, dörd bir yana, üfüqəcən göz gəzdirsə də, ətrafda şübhəli heç nə görmədi, ancaq hər ehtimala qarşı tapançasının qoburunu açdı.
Göz yaşı kimi dupduru araq, taxta stolun üstündəki üçlitrlik butulkada, yaz günəşinin dalğalanan şüaları altında bərq vurub, rəngdən rəngə çalır, stolun üstünə göyqurşağına oxşayan kölgələr salırdı. İki laya ayrılmış yağı axan quru balıq, açılmış kitab kimi, stolun üstündə ağarırdı. Onun yanında, fincanda soyutma ət qoyulmuşdu. Artelçilər çapma stəkanlarda araq içir, balıqla soyutmadan dadır, öz qışqırıqları ilə Savelini ürəkləndirirdilər, xeyli uzaqlaşıb, çayın üzərində güclə sezilən ləkə kimi görünən Saveli onların bu hay-küyünü eşidə bilməzdi.
Qara buluda oxşayan dolaşaların dəstəsi günəşin qabağından yeyinliklə uçub keçərək, yerin üzərində sürüşüb keçən kölgələr yaradırdılar.
Toplaşan adamlar çayın dik sahilində dayanıb, Savelini həyəcan içində izləməkdə idilər–hər dəfə yazın balanğıcında kimsə Volqayla belə bir qovğaya başlar, hər dəfə də novqorodlular bu ürəkli insan üçün həyəcanlanar, öz hay-küyləri ilə onu alqışlar, ürəkləndirərdilər.
Saveli Volqanın o tayındakı çayırlıqla örtülmüş sahilə çıxsa da, ancaq bu taydan onu, demək olar, görmək olmurdu, izləyicilərdən biri, çalsaçlı qoca–keçmiş gəmi kapitanı–üstündə gəzdirdiyi tərəssüd borusu ilə baxıb, nə baş verdiyini uca səslə anlatmağa başladı:
–Çatdı... Çatdı!.. O tay sahilə çıxdı!.. Ağacını yelləyir!.. Dincəlir!..
Bu xəbərdən coşmuş izləyicilər onun ətrafına toplaşdılar. Bir xeyli keçəndən sonra qoca bərkdən qışqırdı:
–Gəlir! Geri qayıdır!..
Bu taya sarı gələn Saveli getdikcə daha aydın görünməyə başlayırdı, budur artıq o növbəti buz parçasının üstünə sıçrayaraq, çayın ortasına gəlib çatdı. Bir az da irəliləyib, çayın ən gur axan yerini keçdi. Artıq bu taya qədər olan məsafənin dörddən birini keçmək qalmışdı. Onun yolunun üstündə, bir yerdə, buz parçaları sıxlaşıb toparlanmışdılar, ancaq birdən nə baş verdisə, buz parçaları biri-birindən aralanmağa başladılar. Saveli qolaylanaraq, qarmaqlı ağacı qarşısındakı buz layına ilişdirib, elə o andaca, özü də tullandı. Ancaq dəmir qarmaq buzun üstünü örtən qara sancılıb, sürüşdü, Saveli özünü saxlaya bilməyib, içi daş dolu ağır çuval kimi, suya düşdü. Suya düşməyi ilə, buzların arasındakı boşluqda batıb, gözdən itməyi bir oldu.
Sahildəki adamlar birsəslə, bərkdən içlərini çəkib, susdular.
Artelçilər quruyub yerlərində qalmışdılar, kimisi əlində ət parçası, kimisi dodağına apardığı içki dolu stəkan əlində, donub qalmışdı.
Fyodr heç cür nə baş verdiyini anlaya bilmirdi. O hələ də büsbütün sakitliklə dayanıb, gördüyü təhlükədən yerində donub qalmış kütləyə soyuqqanlıqla baxır, onların diqqqətini özünə yönəltmiş dayısı Saveli ilə öyünürdü. Onun dayısının başına pis heç nə gələ bilməzdi. Yeniyetmə buna arxayın idi. Saveli onların kəndində özünün gücü, çevikliyi, bacarığı ilə hamıdan üstün idi. O, Fyodru Nijni Novqoroda gətirmişdisə, onu burada tək qoymayacaqdı, onu dükanda işə düzəldəcəkdi, belə dayısı olanın qayğısı olmazdı. İndi yəqin Saveli bura yığışan adamlarla əylənir, onları heyrətləndirmək istəyir, o nə elədiyini yaxşı bilən adamdır. Ona görə də, Fyodr səbrlə durub baxır, dayısının nə vaxt suyun üzünə qalxacağını gözləyirdi.
Qadınların acı fəryadları göyə ucalaraq, yaranan susqunluğu pozdu, bu yanıqlı səs volqaboyunca uzaqlaracan yayıldı.
Ancaq Saveli suyun üzünə qalxmadı, onun buzun üstündəki qara ilişərək, yanakı düşüb qalmış ağacı hələ də görünməkdə idi.
Dolaşaların dəstəsi yenə də günəşin qabağını kəsib keçirdi–onların saldığı tutqun kölgə yerlə sürünürdü.
Fyodr isə oturub, gözlədikcə gözləyirdi, o, yavaş-yavaş kürəyinin soyuduğunu, anlaşılmaz bir qorxudan ürəyinin sıxıldığını duymağa başlayırdı.
Kişilərdən biri, bərk kefli olduğuna görə, sözünə baxmayan barmaqlarını qarmonun düymələri üzərində gəzdirib, nəsə çalmaq istədi, ancaq artelçilərdən birinin tərs-tərs baxdığını görüb dayandı.
Sahildən görünən yanğın qülləsindən təhlükə olduğunu bildirən qırmızı şar asdılar, bərk zəng səsi eşidildi, yanğınsöndürənlərin gün işığında bərq vuran mis dəbilqələri göründü.
Adamlar yavaş-yavaş dağılışmağa başladılar.
Təkcə Fyodr yerindən tərpənmirdi.
O, gözünü ucuqarmaqlı ağacın qaraltısından çəkə bilmirdi. Ağac, üstündə olduğu buzun hərəkətinə uyğun olaraq, birdən yavaş, birdən də yeyin fırlanmaqda idi; ağacın düşüb qaldığı buz parçası fırlanaraq, getdikcə uzaqlaşırdı, bir azdan, büsbütün gözdən itdi, yəqin Saveli də ağacın görünməz olduğu yerdə olmalı idi. Ancaq Saveli dayının izi-sorağı yox idi. Yeniyetmə də yavaş-yavaş Saveli dayının bundan sonra bir də heç vaxt olmayacağını anlamağa başladı. Heç vaxt. Birdən çiyinlərində dözülməz bir ağırlıq duydu, bu ağırlıq onun köksünü basıb əzməyə başladı, sonra isə elə bil, əlləri ilə ayaqlarını qandalladı. Fyodr, ömrünün ola bilsin ən qorxulu olan o anlarında, nə baş verdiyini çətin anlada biləydi. Ancaq elə o anlardan da başlayaraq, Fyodrun ömrünün müstəqil, yaşlı dönəmi başlanmışdı, deyəsən elə o dəqiqələrdən başlayaraq o, indiki Suxova çevrilməyə başlamışdı–götürqoylu, görüb-götürmüş, yandırıcı günəşlə, qanlı savaşların döyəcləyib bərkitdiyi, adı Həştərxandan Səmərqəndə kimi dillərdə dolaşan həmən bu Suxov, o anlardan başlayaraq, yaranmağa başlamışdı.
...Fyodr sahildən ayrıla bilmirdi. Dərdin ağırlığından keyimiş yeniyetmə bütün günü ağzı üstə çevrilmiş qayığın üstündə oturub qaldı. Batmağa gedən günəş kilsələrin damındakı qızıl xaçların üstünə düşüb, onların parıltısını ətrafa yayırdı. Səssizliyi yalnız quş dəstəsinin pırıltısı pozurdu, şəhərin üstü ilə uçan quşların bu dəstəsi gah yayılıb, gah da toparlanaraq, qara parçadan toxunmuş yellənən mələfəyə oxşar bir görünüş yaradırdılar.
Suya batmış Saveli dayı üzüquylu, əlləri çayın dibinə sarı uzalı, çayın axarı ilə üzüb getməkdə idi; üstündən sürüşüb yıxıldığı buz parçası da onun üstü ilə, kürəyinə sürtünərək, axıb gedirdi.
Nazik burnu gözlənilmədən Saveliyə ilişən nərə balığı ürküb, qırağa sıçradı.
Savelinin ciyərlərindən qopan son hava axını, suda köpüklənib, civə kürəciyi kimi onun dodaqlarında donub qalmışdı; boğulandan iyirmi dəqiqə sonra onun bədənini tərk edən ruhu da, bu köpüyün içinə dolmuşdu, bir azdan bu köpük də, ruhu ilə birgə dodağından ayrılaraq, uçub getdi.
Su hopmuş paltarları ağırlaşıb, onu çayın dibinə sarı dartırdı; Saveli idarəetməni itirmiş aeroplan kimi, bir yerdə fırlanaraq, aşağı enməyə başladı, bir azdan o Volqanın dibindəki lilli torpağa toxunub, düşdüyü yerin ətrafındakı suyu bulandırdı. Bığlı yayın balığı, gözü bərələ qalmış insanı görüncə sıçrayıb, öz yerini ona güzəştə getdi.
Bundan sonra Saveli, çayın dibinə səpələnmiş ağac kötüklərinə ilişə-ilişə, səhrada bitən: küləyin yumbalayıb apardığı “gəzəyən kol” sayağı, axın boyunca yavaşca diyirlənməyə başladı.
Hava qaralanda, onların bura üzdükləri yedək gəmisinin aşbazı Nyurka Fyodrun yanına gəldi, əlini yağa bulaşmış önlüyünə silib, onun başını köksünə sıxdı, çiyinlərini qucaqlayıb dedi:
–Yaxşı, özünü ələ al, dur gedək... Daha onu gözləməyə dəyməz... Volqa ilə zarafat heç vaxt yaxşı qurtarmır...
Burada, elə bil, su bəndi partlayıbmış kimi, Fyodrun köksündən gurultulu bir hönkürtü qopdu, ardınca gözündən sel kimi yaş tökülməyə başladı; Nyurkanın köksünə sığınmış yeniyetmə, onun piy ilə turş kələm qoxuyan önlüyünü göz yaşları ilə isladaraq, çiyinləri əsə-əsə, arıq kürəyi titrəyərək, dayanmadan hıçqırıb ağlayırdı.
Qadın onun ağlayıb, ürəyini boşaltmasını səbrlə gözlədi, sonra əlindən tutub, özü ilə paraxoda apardı.
–Bizə susəpən lazımdır...
–O nədir elə?–Yavaş-yavaş ovunan Fyodr, burnunu çəkərək, soruşdu.
–Burada kiçik matrosa belə deyirlər,–Nyurka onu başa saldı.
Sonra Nyurka artelçilərin yanına gedib, onlarla çox acıqlı danışmağa başladı, Fyodr Savelinin bacıoğlusu olduğu üçün, mərcə qoyulan araqların ona çatacağını əsaslandırıb, onlardan iki üçlitrlik butulka araq alıb gətirdi. Nyurka stol açaraq, şüşələrini ortaya qoydu, Fyodru öz sıralarına qəbul eləyən matrosları arağa qonaq elədi...
Rus dilindən Araz Gündüz çevirib