Dünya xəbərləri
“Zika” virusu ilə bağlı xəbərdarlıq

ABŞ-ın səhiyyə rəsmiləri “Zika” virusunun olduğu ölkələrə səfər edərkən cinsi ünsiyyət zamanı qoruyucudan istifadə etməyi və ya ünsiyyətə girməməyi məsləhət görürlər.
Qeyd edək ki, ötən həftə Texas ştatında ilk dəfə olaraq bu virusun cinsi əlaqədən keçməsi təsdiqlənib.
Ümumdünya Səhiyyə təşkilatı isə bu arada virusla mübarizə üçün 25 milyard dollar toplamağa çalışacağını bəyan edib.
Braziliyadakı Elmi-Tədqiqat institutunun prezidenti Paulu Gadelha jurnalistlərə bildirib ki, bu virus ağız seliki və sidikdən də keçə bilir.
Umumdünya Səhiyyə Təşkilatı “Zika” virusunun qlobal problemə çevrildiyini bildirib.
Təşkilatın məlumatına görə “Zika” virusu dünyada 4 milyon insana yayıla bilər.
Qeyd edək ki Şimali və Cənubi Amerikada peyda olan bu virus , əsasən ağzaqanatlar tərəfindən keçir.
Hələlik bu vuruşa qarşı peyvənd və ya müalicəsi yoxdur.
Virus 26 Cənubi və Şimali Amerika ölkəsində peyda olub.
Braziliyalı alimlər hazırda vaksin üzərində işləyirlər və 1 ilə sınaqdan keçirilə bilər.
Bütün xəbərləri izləyin
Türkiyə və Yunanıstan deklarasiya imzalayıblar

Türkiyə və Yunanıstan qarşılıqlı etimadı möhkəmləndirmək, ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq niyyətindədirlər. "Deutsche Welle"nin məlumatına görə, bu haqda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinada görüşdə razılıq əldə ediblər.
Ərdoğan danışıqları məhsuldar adlandırıb, Mitsotakisi Türkiyəyə səfərə dəvət edib.
Danışıqlarda iştirak etmiş iki ölkə nazirləri turizm, ticarət, energetika, eləcə də texnologiya və təhsilin birgə inkişafı, miqrasiya məsələlərinin birlikdə həlli ilə bağlı razılığa gəliblər. Tərəflərin beş il ərzində ticarət dövriyyəsini 10 milyard dollaradək qaldırmağa çalışacağı bildirilir.
Türkiyə vətəndaşları Yunanıstanın 10 adasında istirahət üçün sadələşdirilmiş prosedurla viza ala biləcəklər. Bunun üçün Yunanıstan Avropa Komissiyasından icazə alıb.
Kipr məsələsi
Ancaq iki ölkənin özəlliklə Kipr məsələsində fikir ayrılığı qalır. Ərdoğan Kipr məsələsinin ədalətli, "ada reallıqları əsasında" həllinə tərəfdardır. Mitsotakis isə deyir ki, yeganə həll yolu BMT-nin qətnamələri əsasında adanın birləşdirilməsidir.
Egey dənizinin dibindəki təbii resursların istismarı hüququ üzrə də fikir ayrılığı qalmaqdadır. Mitsotakis ümidini bildirib ki, hər iki ölkə bunların öhdəsindən gələ biləcək. Ərdoğan isə tərəflərin həll edə bilməyəcəyi problem olmadığını bildirib.
Liderlər hər il belə görüşlər keçirməyə razılaşıblar. Bundan öncəki görüş 2016-cı ildə olub, o vaxtdan ikitərəfli münasibətlər pisləşməyə doğru gedib.
Qəzzada döyüşlərdə İsrail nazirinin oğlu həlak olub

Qəzza sektorunda radikal HƏMAS qruplaşması ilə döyüşlərdə İsrail ordusu baş qərargahının keçmiş rəisi, hazırda nazir postunda olan Qadi Ayzenkotun oğlu Qal Ayzenkot həlak olub. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu sayır.
Məlumatı ordunun baş qərargahı yayıb. Son bir sutkada Qəzza sektorunda iki israilli hərbi qulluqçunun öldürüldüyü, onlarda birinin 25 yaşlı böyük serjant Qal Ayzenkot olduğu bildirilir.
Onun atası Qadi Ayzenkot 2015-2019-cu illərdə baş qərargah rəisi olub. O, Knessetin müxalifətdən olan üzvüdür, oktyabrın 12-də milli birlik hökumətində hərbi kabinetin tərkibinə salınıb. Bu kabinet HƏMAS-ın İsrailə hücumundan sonra yaradılıb.
Azı 80 israilli hərbçi həlak olub
Oktyabrın sonunda Qəzzada başlayan quru əməliyyatında həlak olan israilli hərbçilərin sayı 80-i keçib. HƏMAS-ın neçə radikal üzvünün öldürüldüyü açıqlanmır. Bu qruplaşmanın nəzarətində olan Qəzzanın səhiyyə nazirliyi yalnız ümumi itki sayını açıqlayır, indiyədək azı 17 min nəfərin öldürüldüyünü bildirir.
HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək azı min 200 nəfəri qətlə yetirib, 240 nəfər girov götürülüb. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Hazırda azı 130 nəfər hələ də girovluqdadır.
Həm sektorun şimalında, həm də cənubunda ağır döyüşlər gedir. İsrail hərbçiləri cənubdakı Xan Yunis şəhərini nəzarətə götürməyə çalışırlar. Baş qərargah Qəzzanın şimalında onlarla HƏMAS üzvünün əsir götürüldüyünü açıqlayıb.
İsrailin şimalı isə Livandan, "Hizbullah" radikal şiə qruplaşması tərəfindən atəşə tutulub, bir nəfər həlak olub.
İsrail deyir ki, məqsədi HƏMAS-ın məhv etmək, Qəzzaya nəzarəti ondan almaqdır. İsrailin, əsasən, Yaxın Şərqdə və islam dünyasındakı tənqidçiləri iddia edirlər ki, Təl-Əvivin məqsədi Qəzza sektorunu nəzarətə götürmək, fələstinli əhalini çıxarmaqdır.
Məktəbli sinif yoldaşlarına atəş açıb, ölənlər var

Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyada səkkizinci sinif şagirdi məktəbdə atəş açıb. Bu haqda TASS xəbər yayıb.
"Baza" Telegram kanalının məlumatına görə, məktəbli qız dördüncü mərtəbədə biologiya dərsinin keçirildiyi otağa qalxıb, sinif yoldaşlarına atəş açmağa başlayıb.
"RİA Novosti" şahidlərə və mənbəyə istinadla yazır ki, şagird dörd oğlanı yaralayıb və özünü öldürüb. RBK isə şəhər administrasiyasına istinadla xəbər verir ki, atəş açan daxil olmaqla iki nəfər öldürülüb, dörd nəfər yaralanıb.
"Baza" atəş açanın 14 yaşlı məktəbli olduğunu öyrənə bilib. O, 13 yaşlı sinif yoldaşı Mariyaya atəş açıb, həmin qız da həlak olub, Alina isə öz həyatına qəsd edib. Yaralı oğlanlardan birinin vəziyyəti ağırlaşıb, həyatına təhlükə var. Onun hazırda reanimasiya olduğu xəbər verilir.
Səhiyyə Nazirliyi daha sonra beş nəfərin xəsarət aldığını, onların hamısının vəziyyətinin orta ağır olduğunu, birinin əməliyyat olunacağını açıqlayıb.
İlkin informasiyaya görə, qız məktəbə atasının "Bekas-3" silahını gətirib.
Daxili İşlər Nazirliyinin yerli şöbəsi informasiyanı təsdiqləyib. Hadisənin motivlərinin və baş vermə şəraitinin aydınlaşdırıldığı bildirilir.
TASS hüquq-mühafizə orqanlarına istinadla yazır ki, insidentin əsas səbəbi kimi sinif yoldaşları arasında münaqişə nəzərdən keçirilir.
Hadisədən sonra məktəblilər təxliyə olunub, bina polislərin əhatəsindədir.
İranda etirazçılara qarşı zorlama iddiaları - 'Amnesty International'

İranda təhlükəsizlik qüvvələri ötən ilin sentyabrında başlamış etirazları amansızlıqla yatıranda etirazçıları qorxutmaq üçün zorlamaya, digər cinsi zorakılığa əl atıb. Bunu "Amnesty International" insan haqları təşkilatı dekabrın 6-da yaydığı hesabatda bildirir.
2022-ci ilin sentyabrında Tehranda Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Bunun ardınca İranı "Qadınlar, Həyat, Azadlıq" devizi ilə etirazlar bürüyüb.
120-səhifəlik hesabatda deyilir ki, qadınlara, kişilərə və uşaqlara qarşı cinsi zorakılıqdan silah kimi, həm də cəzasızlıqla istifadə olunub.
Hesabat 45 qurbanın dedikləri əsasında hazırlanıb. Onlardan 26-sı kişi, 12-si qadın, yeddisi uşaqdır, İran təhlükəsizlik qüvvələrinin cinsi zorakılığına məruz qalıblar. Buraya zorlama, qrupla zorlama, cinsi zorakılığın digər formaları daxildir.
İndiyədək heç bir İran təhlükəsizlik əməkdaşına saxlanan etirazçılara qarşı seksual cinayətlərə görə ittiham verilməyib, yaxud təqib olunmayıb.
12 yaşlı uşağa da işgəncə verilib
İranda etirazların önündə qadınlar gedib. Ancaq onlara xeyli sayda kişilər və oğlanlar da qoşulub. Onlar İran teokratiyasının on illər boyunca qadınlara qarşı dini məhdudiyyətlərinə, yaxud istibdadın digər formalarına etirazlarını bildiriblər.
Etirazlar 2022-ci ilin sonuna səngiyib, çünki təhlükəsizlik sistemi qəddar repressiyaları işə salıb. Yüzlərlə etirazçı öldürülüb, minlərlə insan həbs olunub.
"Araşdırmamız üzə çıxarıb ki, İranda kəşfiyyat və təhlükəsizik agentləri etirazçılara, o cümlədən 12 yaşlı uşaqlara işgəncə vermək, onları cəzalandırmaq, davamlı fiziki və psixoloji zərbə vurmaq üçün zorlamaya və zorakılığın digər formalarına əl atıblar", - "Amnesty International"ın baş katibi Anyes Kalamar deyib.
"Amnesty International" hesabatı noyabrın 24-də İran hakimiyyətinə təqdim etsə də, cavab almadığını bildirir.
Rumıniyada qızılca epidemiyası elan olunub

Rumıniyanın Səhiyyə Nazirliyi ölkədə qızılca epidemiyası elan edib. Ölkə boyunca qızılcaya yoluxma hallarının təşviş yaradacaq səviyyədə yayıldığı bildirilir.
"Nazirlik 9-11 aylıq uşaqların, eləcə də indiyədək peyvənd olunmayan uşaqların vaksinasiyasını asanlaşdırmaq üçün ölkə səviyyəsində epidemiya elan edir", - nazirlik dekabrın 5-də bildirib.
Nazirlik Rumıniyanın 41 vilayətindən 29-da ümumilikdə 2 minə yaxın yeni yoluxmanın aşkarlandığını açıqlayıb.
Rumıniyada sosial şəbəkələrdə vaksinlərə qarşı kampaniya səbəbindən peyvənd olunan uşaqların sayında davamlı azalma var.
Son günlər Azərbaycanda yüzlərlə qızılcaya yoluxma faktı qeydə alınıb. Mediada çıxan xəbərlərdən bəlli olur ki, ölkənin müxtəlif bölgələrində dörd uşaq bu xəstəlik üzündən həyatını itirib.
İsrail ordusu Xan Yunis şəhərini mühasirəyə salır

Dekabrın 6-da İsrail qüvvələri Qəzzanın cənubunda əsas şəhəri mühasirəyə salmağa başlayıblar. HƏMAS-ın radikal silahlıları ilə küçələrdə, binalarda döyüşlər gedir.
ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat sayır.
İki aydır davam edən İsrail-HƏMAS müharibəsi artıq anklavın cənubuna keçir. Qəzzanın şimalı İsrail bombardmanı nəticəsində, əsasən, dağılıb, iki milyona yaxın insan evindən didərgin düşüb.
HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək min 200 nəfəri qətlə yetirib, azı 240 nəfəri girov götürüb. Bundan sonra İsrail HƏMAS-ın idarə etdiyi Qəzza zolağını bombardman etməyə başlayıb.
Köçkünlər yenidən qaçır
Dekabrın 5-də Qəzzanın cənubundakı Xan Yunis şəhəri yaxınlığında İsrail tankları, zirehli texnikası, buldozerləri görünməyə başlayıb. Şahidlərin AFP-yə dediyinə görə, məcburi köçkünlər əşyalarını yığıb yenidən qaçmağa məcbur qalıblar.
"Qüvvələrimiz hazırda Qəzza zolağının cənubundakı Xan Yunis şəhərini mühasirəyə salır", - İsrail ordusunun sözçüsü Herzi Halevi dekabrın 5-də axşam deyib.
"Qəzza zolağının şimalında HƏMAS-ın bir çox istehkamını ələ keçirmişik, indi isə cənubdakı istehkamlara qarşı hərəkətə keçmişik", - o əlavə edib.
Qəzzada indiyədək azı 16 min nəfərin, əsasən, qadın və uşaqların öldürüldüyü bildirilir.
İsrail HƏMAS-ı məhv, 138 girovu azad edəcəyini bildirib. Bir neçə günlük atəşkəs zamanı onlarla girov fələstinli məhbuslara dəyişdirilib.
Gürcüstanda itkin düşmüş rusiyalı fəal Sverdlovskda təcridxanadadır

Oktyabrın ortasında Gürcüstanda itkin düşmüş rusiyalı fəal Rafail Şepelev Rusiyanın Uraldakı Sverdlovsk vilayətində, Nijni Taqil təcridxanasındadır. "Birinci şöbə" insan haqları təşkilatı fəal barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirir.
Terrorçuluq ittihamı
"Artpodqotovka" hərəkatının fəalı Şepelevə terrorçuluq ittihamı irəli sürülüb. "Birinci şöbə" bu haqda Telegram kanalında yazıb.
Rusiya sol-qanad millətçi "Artpodqotovka" təşkilatını 2017-ci ildə ekstremist qrup elan edib, Rusiya ərazisində fəaliyyətini yasaqlayıb.
İnsan haqları fəalları deyirlər ki, 2021-ci ildən Gürcüstanda yaşayan Şepelev Rusiyaya qayıtmağı planlamırdı, onu Rusiyanın təhlükəsizlik qüvvələri Tbilisidən çıxmaq üçün dilə tutublar.
"Onlar onu dilə tutub Tbilisidən Tsxinvaliyə (Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya) apararaq orada saxlayıblar, oradan Vladiqafqaza apararaq inzibati həbs veriblər. Bu müddətdə ona cinayət ittihamı irəli sürülüb, Nijni Taqil təcridxanasına salınıb", – "Birinci şöbə" bildirib.
Sənədləri Gürcüstanda qalıb
Şepelevin sənədləri, o cümlədən pasportu Gürcüstanda qalıb.
Onun Tbilisidə oktyabrın 12-də itkin düşməsi xəbəri yayılıb. Dostu İrina Ruçko Mediazona-ya deyib ki, o, evdən iş dalınca çıxıb, əlavə heç nə deməyib.
Şepelev itkin düşəndən bir gün sonra ona qarşı Rusiyanın Vladiqafqaz şəhərində inzibati iş açılıb. Əvvəlcə xırda xuliqanlıq ittihamı ilə 15 sutkalıq həbsə məhkum edilib. Sonradan ittiham terrorçu təşkilatın fəaliyyətində iştiraka dəyişdirilib. Buna görə 10 ildən 20 ilədək həbs nəzərdə tutulub. Fəala qarşı terrorçuluğu əsaslandırma ittihamı üzrə 5 ildən 7 ilədək həbs cəzası kəsilə bilər.
Oktyabrda başqa bir rusiyalı fəal – Lev Skoryakin Qırğızıstanda itkin düşüb, daha sonra onun Moskvada təcridxanada olduğu üzə çıxıb.
İsrail əməliyyatları bərpa edir, HƏMAS-ı atəşkəsi pozmaqda günahlandırır

İsrail ordusu dekabrın 1-də Qəzzada HƏMAS radikal qruplaşmasına qarşı döyüşləri bərpa etdiyini bildirib. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS İsrail ərazisinə atəş açmaqla yeddi günlük müvəqqəti atəşkəsi pozmaqda ittiham olunur.
Noyabrın 24-də başlanan atəşkəs iki dəfə uzadılıb. Qəzzada saxlanan onlarla girov, yüzlərlə fələstinli məhbus dəyişdirilib. Anklava humanitar yardımın göndərilməsi asanlaşıb.
Atəşkəs yerli vaxtla səhər 7-də başa çatırdı. İsrail atəşkəsin bitməsinə bir saat qalmış Qəzzadan atılan raketin vurulduğunu bildirib.
Dünən səkkiz girov buraxılıb
Fələstin mediası atəşkəs bitəndən sonra İsrailin anklava havadan və artilleriya zərbələri endirdiyini xəbərləyib.
HƏMAS durumu şərh etməyib, yaxud məsuliyyəti götürməyib.
Qətər və Misir atəşkəsin uzadılmasına çalışırdı. Dünən – noyabrın 30-da səkkiz girov 30 fələstinli məhbusla dəyişdirilmişdi.
İsrail bundan öncə bildirmişdi ki, günə minimum 10 girovun buraxılması qarşılığında quru əməliyyatı və bombardmanına fasilə verər.
HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək min 200 nəfərin qətlə yetirib, 240 nəfər girov götürülüb. İsrail buna cavabında bu radikal qruplaşmanı məhv edəcəyini bildirib.
İsrail intensiv bombardman və quru əməliyyatlarına başlayıb. BMT-nin etibarlı saydığı Fələstin səhiyyə orqanları azı 15 min qəzzalının öldürüldüyünü açıqlayıb.
Blinken Netanyahuya nə deyib
ABŞ-ın dövlət katibi Antoni Blinken (Antony Blinken) müharibə başlayandan İsrailə üçüncü səfərini edir. O, Təl-Əvivdə jurnalistlərə baş nazir Benyanim Netanyahu ilə görüşündən danışıb. Blinkenin sözlərinə görə, Netanyahuya deyib ki, İsrail Qəzzanın cənubunda şimalındakı kütləvi dinc sakin ölümlərini, adamların evlərindən didərgin düşməsini təkrarlaya bilməz.
"İsrail hökuməti bu yanaşma ilə razıdır. Buraya kritik infrastruktura, xəstəxanalara, su qurğularına ziyan vurmamaq üçün konkret addımları, təhlükəsiz zonaları aydın müəyyənləşdirmək daxildir", – Blinken söyləyib.
Almatıda hosteldə yanğında 13 nəfər ölüb

Qazaxıstanın ən böyük şəhəri Almatının mərkəzində yerləşən hosteldə yanğın baş verib, 13 nəfər həlak olub.
Almatı polisinin məlumatına görə, qurbanların doqquzu Qazaxıstan vətəndaşları, dördü əcnəbilərdir. Əcnəbilərin ikisi rusiyalı, ikisi Özbəkistan vətəndaşıdır.
Üçmərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində yerləşən hosteldə çoxu əcnəbi olmaqla 72 nəfər qalırmış. 59 nəfər yanğından xilas ola bilib.
Rəsmi orqanların ölümlərin səbəbi kimi dəm qazından zəhərlənməni göstərir. Yanğının səbəblərinin araşdırılması üçün komissiya yaradılıb.
Almatı meri Yerbolat Dosayev deyib ki, Səhiyyə Nazirliyinin qaydalarına görə, qonaqların zirzəmilərdə yerləşdirilməsi qadağandır. Zirzəmiləri yalnız anbara və mətbəxə çevirmək olar.
"Orada, əsasən, qazaxlar yaşayırdı"
Ayyarım öncə açıldığı bildirilən hostel fəaliyyət lisenziyası almayıbmış. Bunu Almatı Fövqəladə Hallar Departamenti bildirib. Hosteldə yanğın siqnalizasiyası olub və hadisə vaxtı işə düşüb. Amma binada məcburi yanğınsöndürmə avadanlığı olmayıb.
Hosteldə qalan, cənubi Jambıl vilayətindən olan bir qazax insidenti "Tengrinews" xəbər portalına təsvir edib: "Yanğın başlayanda siqnalizasiya işə düşdü, hər tərəf tüstü idi. Hamı otaqlara girib o biriləri oyatmağa başladı. Hər kəs küçəyə qaçırdı, amma mən yanğını əslində görmədim. Birinci mərtəbədə yeddi otaq vardı, hərəsində də yeddi nəfər. Orada, əsasən, qazaxlar yaşayırdı".
1.8 milyon əhalisi olan Almatı 1997-ci ilədək Qazaxıstanın paytaxtı olub. Bu şəhər Orta Asiyanın əsas ticarət və mədəniyyət mərkəzi olaraq qalır.
Henri Kissincer 100 yaşında vəfat edib

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer (Henry Kissinger) vəfat edib. Onun 100 yaşı vardı.
Kissincer İkinci Dünya müharibəsindən sonra ABŞ-ın ən nüfuzlu dövlət katibi sayılır. O, 1969-cu ildə prezident Riçard Niksonun (Richard Nixon) milli təhlükəsizlik üzrə müşaviri olub. 1973-cü ildə ABŞ dövlət katibi təyin edilib və hər iki postu idarə edib. Prezident Nikson istefa verəndən sonra prezident Cerald Fordun (Gerald Ford) administrasiyasında da dövlət katibi kimi çalışıb.
Nobel Sülh Mükafatına aparan yol
Məhz həmin dönəmdə Birləşmiş Ştatlar xarici siyasətdə böyük addımlar atıb, Soyuq müharibənin yönünü dəyişib. Kissincerin 1971-ci ildə apardığı gizli danışıqlar nəticəsində Nikson Pekinə tarixi səfər edib, ABŞ və Çin arasında münasibətlər normallaşıb.
Kissincer SSRİ ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar idi. Onun sovet rəhbərliyi ilə dialoqu yumşalmaya gətirdi, nüvə silahlarına nəzarət üzrə ikitərəfli sazişlər imzalandı.
H.Kissincer Şimali Vyetnamla çoxillik danışıqların təşkili və aparılmasında vacib rol oynayıb. Bu isə Amerika qoşunlarının Cənubi Vyetnamdan çıxarılması ilə sonuclanıb. Bu səylərinə görə o, Nobel Sülh Mükafatına layiq görülüb.
Almaniyada doğulmuş H.Kissincer 1938-ci ildə, 15 yaşında ailəsi ilə Birləşmiş Ştatlara köçüb. O, orduda xidmət edib, Harvard Universitetini bitirib, beynəlxalq münasibətləri araşdırıb. Yazdığı kitablar Kissinceri siyasi dairələrdə məşhurlaşdırıb, respublikaçıların iki administrasiyasında işləməsinə yol açıb.
İranın Şərqi Azərbaycan vilayətində saxlanmış fəalların ailələri nigarandır

İranın Şərqi Azərbaycan vilayətində saxlanmış 13 siyasi və vətəndaş cəmiyyəti fəalının ailələri İran hakimiyyətini insan haqları pozuntularında ittiham edir. Onlar AzadlıqRadiosunun fars xidməti – Radio Fərda-ya deyiblər ki, qohumlarının vəkilə çıxışı təmin olunmur, onlara ittihamlar naməlum qalır.
Hər dəfə fərqli izah
Fəal Davud Şirinin qardaşı Əyyub Şirinin dediyinə görə, qardaşı sentyabrın 22-də Təbrizdəki evinin qarşısında saxlanıb, o vaxtdan onunla üç dəfə telefonla qısaca danışa biliblər.
Şiri qardaşına ittihamların aydın olmamasından da narahatlığını bildirib.
"Xəbərimiz yoxdur. Bizə ittihamın məğzini açıqlamayıblar, hər dəfə gedəndə də eyni şeyi deyirlər. Hakim orqanlar hər dəfə əlaqə saxlayanda fərqli izah verirlər", – o vurğulayıb.
Yılmaz Mehrəli Biqlunun qardaşı Ayət (Yuroş) noyabrın 7-də Culfada həbs olunub. Onun ailəsi də oxşar durumdan şikayətçidir. Onun dediyinə görə, qardaşı saxlanandan sonra bircə dəfə həyat yoldaşına qısa zəng edib. Ailəsi onun Təbriz Kəşfiyyat Təcridxanasında saxlanmasından şübhələnir.
"Məhkəmə sistemi bizi məlumatlandırmaqdan ötrü yetərincə müstəqil deyil. Biz Təbriz məhkəməsinə gedəndə cavab vermədilər, dedilər ki, qardaşınız dörd aylığa qonağımızdır", – Yılmaz Mehrəli Biqlu Radio Fərda-ya deyib.
Tibbi qayğı sarıdan narahatlıq
Bəzi ailələr təkcə informasiya qıtlığından, yaxud vəziyyətin hüquqi aspektlərindən deyil, saxlananların səhhətindən də nigaranlıq dilə gətiriblər.
Marağa şəhərində saxlanmış Həmid Yeganəpurun fiziki durumunun pisləşməsi xəbərləri gəlir. Ürəyində problemlər olmasına baxmayaraq, Yeganəpurun yetərli tibbi qayğı görmədiyi, xəstəxanaya qısa ziyarətdən sonra təcridxanaya qaytarıldığı bildirilir.
İsrail – HƏMAS atəşkəsi beşinci gündür davam edir

İsraillə HƏMAS radikal qruplaşmasının elan etdiyi müvəqqəti atəşkəs beşinci gündür davam edir. ABŞ və Aİ-nin terrorçu saydığı qruplaşma döyüşlərin yenidən başlanmasını yubatmaqdan ötrü daha çox dinc sakini azad etməyə boyun olub. İsrail isə döyüş zamanı dinc fələstinlilərə aman verməsi üçün təzyiq altındadır.
Tərəflər atəşkəsi çərşənbə günü – noyabrın 29-dək uzatmağa razılaşıblar. HƏMAS-ın girov götürdüyü şəxslərlə İsrail həbsxanalarında olan fələstinlilərin daha iki mübadiləsi gözlənilir.
ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) bu həftənin sonunda regiona müharibə başlayandan üçüncü dəfə səfər edəcək. Onun atəşkəsin uzadılması, daha çox girovun buraxılmasına çalışacağı gözlənilir. Dövlət Departamentinin məlumatına görə, Blinken həmçinin İsrailin Qəzzada əməliyyatları zamanı dinc sakinlərin qorunmasına yönəlik cəhdləri müzakirə edəcək.
İsrail HƏMAS-ı məhv edəcəyini deyir
HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum zamanı 240 nəfəri girov götürdüyü bildirilirdi, onların 160 nəfəri hələ də buraxılmayıb. Bu isə atəşkəsə daha iki həftəyə uzatmağa imkan verir. Amma HƏMAS-ın İsrailin əlində olan əsgərlərin buraxılması üçün daha böyük tələblər irəli sürəcəyi gözlənilir.
İstənilən halda, İsrail atəşkəs bitəndən sonra HƏMAS-ın darmadağın olunmasından ötrü müharibəni davam etdirəcəyini deyir.
HƏMAS-ın hücumu nəticəsində min 200 israilli öldürülüb. Bundan sonra İsrail Qəzza zolağını bombalamağa başlayıb. Azı 13 min fələstinlinin həlak olduğu bildirilir. Ancaq onların nə qədərinin dinc sakin, yaxud silahlı olduğu açıqlanmır.
İsrail HƏMAS-ın Qəzzada 16 ildir davam edən idarəçiliyinə son qoyacağını, onun hərbi gücünü məhv edəcəyini bildirir. Bundan ötrü Qəzzanın şimalında gedən quru əməliyyatının cənuba genişləndirilməsi tələb olunur. Şimalda bütöv yaşayış sahələri yerlə yeksan edilib.
Ötən həftədən qüvvəyə minən atəşkəs çərçivəsində 51 israilli və 19 digər millətlərdən olan girov azad edilib. İsrail həbsxanalarından isə 150 fələstinli buraxılıb. İsrail hər 10 əlavə girovun buraxılması üçün atəşkəsi bir gün uzatmağa razılaşıb.
Rusiyada amerikalı jurnalistin həbs müddəti uzadılır

Rusiya məhkəməsi ABŞ-ın "The Wall Street Journal" qəzetinin müxbiri Evan Qerşkoviç (Evan Gershkovich) barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb. Moskvadakı Lefortovo rayon Məhkəməsi bu haqda noyabrın 28-də Telegram-da məlumat yayıb.
Qerşkoviç martın sonunda Uralın Yekaterinburq şəhərində saxlanılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) onda bildirmişdi ki, Qerşkoviçə qarşı hərbi-sənaye kompleksi barədə dövlət sirlərini yığmağa görə casusluq işi açılıb. Jurnalist ittihamları rədd edib.
Təqsirli bilinərsə, ona 20 ilədək həbs cəzası kəsilə bilər.
Ağ ev və "The Wall Street Journal" bildiriblər ki, Qerşkoviç Rusiyada müvafiq akkreditə ilə işləyən jurnalist olub.
Qerşkoviç Moskvadakı Lefortovo həbsxanasında saxlanır. Çar dövründən qalan bu həbsxana sovet repressiyasının simvolu sayılır, Lefortovoda casusluqda şübhəli bilinənlər saxlanır.
Avqustun 24-də Lefortovo məhkəməsi həbs-qətimkan tədbirini üç aylığa, noyabrın 30-dək uzatmış, oktyabrın 10-da bu qərardan apellyasiya şikayəti təmin olunmamışdı.
Qerşkoviç kimdir
ABŞ vətəndaşı olan 31 yaşlı Qerşkoviç Moskvada yaşayır. O, Yekaterinburqda rusiyalıların Kremlin Ukraynaya qarşı müharibəsinə, "Vaqner" muzdlu qruplaşmasına münasibətindən yazmağa getmişdi.
Vəkil Mariya Korçaqina jurnalistlərə deyib ki, müdafiə tərəfi məhkəmədən Qerşkoviçin ev dustaqlığına, yaxud 50 milyon rubl (561 min dollar) qarşılığında zaminə buraxılmasını istəyib. Girov pulunu "The Wall Street Journal"ın sahibi "Dow Jones&Co" ödəyəcəkdi.
ABŞ Dövlət Departamenti Qerşkoviçi "qanunsuz saxlananlar" kateqoriyasına salıb. Bu isə Departamentə Qerşkoviçin maraqlarına uyğun hərəkət etməyə əsas verir.
Rusiya amerikalıları Birləşmiş Ştatlarda saxlanan rusiyalılarla dəyişmək məqsədilə saxlamaqda ittiham olunur.
AzadlıqRadiosunun müxbiri də saxlanılıb
AzadlıqRadiosunun müxbiri, ikili ABŞ və Rusiya vətəndaşlığı olan Alsu Kurmaşeva ötən ay saxlanıb, "xarici agent" kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. Buna görə 5 ilədək həbs cəzası kəsilə bilər.
Kurmaşeva mayda ailəsində yaranmış təcili vəziyyətə görə Rusiyaya gedib, iyunun 2-də geri qayıdarkən Kazan aeroportunda saxlanıb, hər iki pasportu müsadirə olunub. O, pasportlarının qaytarılmasını gözləyirdi, oktyabrın 18-də yenidən saxlanıb, ona ittiham irəli sürülüb.
AzadlıqRadiosunun azı 30 jurnalisti Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" siyahısına salınıb.
AzadlıqRadiosu bildirir ki, "xarici agent" qanunu siyasi senzuraya bərabərdir, məqsəd jurnalistlərin peşəkar borclarını icra etməsinin qarşısını almaqdır. AzadlıqRadiosu Rusiya məhkəmələrində, Avropa İnsan Hüquqları Məhkəməsində iddialar qaldırıb.
İranda 17 yaşlı oğlan edam olunub

İranda qətlə görə mühakimə olunaraq təqsirli bilinmiş 17 yaşlı oğlan edam edilib. Bu haqda Norveçdə yerləşən "Hengaw" və İran İnsan Hüquqları (İİH) təşkilatları məlumat yayıb.
İİH Həmidrza Asarinin noyabrın 24-də edam olunduğunu bildirib.
"Qeyd olunmalıdır ki, onun daha öncə yayımlanmış məcburi etirafında və dövlət mediasının xəbərində yaşı 18 göstərilirdi", – İİH qeyd edir. Qurum bunu yeniyetmələrə qarşı ölüm hökmünü qadağan edən beynəlxalq qanunlardan yayınma cəhdi sayır.
İİH yeni əldə etdiyi məlumata əsasən Asarinin iddia olunan qətl vaxtı 16 yaşı olduğunu yazır. Onun Sabzevar həbsxanasında edam edildiyi vurğulanır.
Qurum "Tasnim" agentliyinə istinadla bildirir ki, gənc iddia olunan namus qətlinə görə təqsirli bilinib.
İranda bu il edamların kəskin artması beynəlxalq ictimaiyyətin qınağına səbəb olub. Tənqidçilərin dediyinə görə, bir çox hallarda tələsik hökmlər çıxarılır, saxta məhkəmələr keçirilir, məcburi etiraflar alınır.
Ermənistan və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri təsis edir

Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalandığı bildirilir.
İki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq BƏƏ paytaxtı Əbu Dabidə imzalanıb.
Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkələr arasında əldə olunan protokol Ermənistanın və S.Ərəbistanın BƏƏ səfirləri tərəfindən imzalanıb.
"Bu barədə protokolu Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıblar", - məlumatda qeyd olunub.
Azadlıq Radiosunun Ermənistan xidməti yazır ki, Səudiyyə Ərəbistanı Qarabağ konfliktinin başlamasının ardından Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığı müddət ərzində Ermənistanla diplomatik münasibətləri qurmayacağını açıqlamışdı.
İtaliyada 22 yaşlı qadının qətli etirazlara səbəb olur

İtaliyada universitet tələbəsi, 22 yaşlı qadının keçmiş sevgilisi tərəfindən öldürülməsi ölkə boyunca etirazlara səbəb olub.
"The Guardian" məcmuası yazır ki, hər üç gündə bir qadının zorakılıq qurbanı olduğu İtaliyada qadın cinayətləri əsas müzakirə mövzularından biridir.
Mühəndislik tələbəsi olan 22 yaşlı Giulia Cecchettin-in cəsədi məzuniyyət tədbirindən qısa müddət əvvəl Venesiyanın şimalındakı gölün yaxınlığındakı xəndəkdə tapılıb. Universitet tələbəsinin plastikə bükülmüş və bir neçə dəfə bıçaqlanmış şəkildə tapıldığı bildirilir.
Qeyd edək ki, İtaliyanı sarsan cinayətin şübhəlisi Filippo Turetta hadisədən bir həftə sonra yol kameralarının köməyi ilə ələ keçirilərək saxlanılıb.
21 yaşlı Turettanın avtomobili xarab olduqdan sonra yolda qaldığı və Almaniyada həbs olunduğu bildirilir. Yerli mətbuat yazır ki, Almaniyanın şərqindəki saxlanılan Turetta məhkəmə qərarı ilə İtaliyaya ekstradisiyasının artıq təsdiqlənib.
Son bir ildə 106 qadın cinayəti
Noyabrın 25-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə İtaliyanın bir çox yerində Cecchettin-in diqqət mərkəzində olduğu etirazların olacağı gözlənilir.
Bolonya Univeristetinin araşdırmaçısı Cristina Gamberi deyir ki, İtaliyada son bir ildə 106 qadın ya sevgilisi ya da keçmiş partnyoru tərəfindən öldürülüb.
Avropa Gender Bərabərliyi İnstitutunun 2021-ci ildə dərc etdiyi və 2018-ci ilin məlumatlarına əsaslanan hesabatına görə, İtaliya 15 Avropa İttifaqı ölkəsi arasında qadınların partnyorları və ya keçmiş partnyorları tərəfindən öldürülməsi hallarına görə 9-cu, qohumlar tərəfindən törədilən qadın qətllərinə görə isə 10-cu yerdə qərarlaşıb.
Rusiya ordusunun Kiyevə 'ən böyük' dron hücumu etdiyi bildirilir

Rusiya ordusunun səhər saatlarında Ukrayna paytaxtını geniş miqyaslı dron hücumu ilə hədəf aldığı bildirilir.
Ukrayna prezidenti Zelenski çox sayda yaralı və dağıntılara səbəb olan hücumu "qəsdən terror aktı" olaraq adlandırıb.
“Rusiya 70-ə yaxın “Şahed” pilotsuz uçan aparatını məhz Holodomor soyqırımının anım günü ərəfəsində Ukraynaya göndərib”. - bu sözləri Ukrayna lideri Volodomir Zelenski öz X səhifəsində yazıb.
Ukraynanın hava qüvvələri Rusiya ordusu tərəfindən atıldığı bildirilən 75 drondan 71-i zərəsizləşdirdiklərini açıqlayıb.
Kiyev şəhərinin hərbi administrasiya rəhbəri Mixaylo Şamanov noyabrın 25-də, səhər saatlarında baş verən hücumu Rusiyanın Ukraynaya hücumunun başladığı gündən ən böyük dron hücumu adlandırıb.
Kiyev rəsmiləri dron hücumlarının Solomyanskiy rayonunu hədəf aldığı və başda elektrik xətləri olmaqla yaşayış binalarında dağıntılara səbəb olduğunu deyir.
Rusiyada 'xarici agent'in materiallarını işarələmədən yaymağa görə cərimə gəlir – 5 min 600 dollar

Rusiyada "xarici agent"in hazırladığı materialları işarələmədən, "bilərəkdən, yaxud bilməyərəkdən" təbliğ edən, yaxud yayan üçüncü tərəf 500 min rubl (5 min 600 dollar) cərimələnə bilər. Bunu noyabrın 23-də ədliyyə nazirinin müavini Oleq Sviridenko deyib.
Onun rəsmi TASS agentliyinə dediyinə görə, ədliyyə naziri Konstantin Çuyçenko ayın sonunda uyğun əmri imzalayacaq, daha sonra hökumət fərmanı dərc olunacaq.
Nazir müavini deyib ki, cərimələr kitabxanalara, kitablara, universitetlərə, televiziyaya, eləcə də "xarici agent"lərə bilərəkdən, yaxud bilməyərəkdən kömək edən, yaxud dəstəkləyən sıravi şəxslərə şamil ediləcək.
"Xarici agent" qanunu
Mövcud qanunvericiliyə əsasən, "xarici agent"ə yardım etməyə görə hüquqi şəxslər 500 min, vətəndaşlar isə 50 min rubladək cərimə edilir. Ancaq "xarici agent"in materiallarının yayılmasının yardım sayılıb-sayılmadığı göstərilmir.
Rusiyada 2012-ci ildən tətbiq olunan qanuna görə, hakimiyyət xaricdən maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarını "xarici agent" elan edə bilər.
Qanun media orqanları və fərdi jurnalistləri də "xarici agent" elan etməyə imkan verir. Buraya xaricdən maliyyə almayan, ancaq "xarici təsir altında olanlar" da daxildir. Bu kateqoriyaya salınanların materialları "xarici agent" tərəfindən hazırlanmasına dair qeydlə birlikdə yayılmalıdır.
Ədliyyə Nazirliyi AzadlıqRadiosunun azı 30 əməkdaşını "xarici agent" siyahısına salıb.
Qalkinin şousu efirə verilirsə...
Sviridenkonun dediyi addım isə bu tələbləri üçüncü tərəflərə də aid edəcək.
Nazir müavini misal da çəkib ki, telekanal Maksim Qalkinin iştirakı ilə şou yayınlayırsa, onun "xarici agent" olduğunu xüsusi qeydlə bildirməlidir. Müğənni Alla Puqaçovanın həyat yoldaşı Qalkin Rusiyanın Ukraynanı işğalına etiraz olaraq ölkədən gedəndən sonra "xarici agent" elan olunub.
Belə bir pozuntu baş verərsə, Ədliyyə Nazirliyi xəbərdarlıqlar göndərəcək. "Bir ay ərzində cavab gəlməsə, əvvəlcə 300-500 min rubl cərimə tətbiq olunacaq. Vəziyyət bundan sonra da irəli gedə bilər", – Sviridenko vurğulayıb.
Tehranda Behişti Universitetinin tələbələri tətil edir

Tehranın Behişti Universitetinin psixologiya fakültəsinin tələbələri noyabrın 21-də tətilə başlayıb. Bu bir müddətdir davam edən tələbə etirazlarında əhəmiyyətli eskalasiya sayılır. Ölkə boyunca tələbələr şəhərciklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, məcburi hicab qanununun daha sərt formada tətbiqinə etiraz edirlər.
Tələbələr tətili son vaxtlar baş verənlərə etiraz olaraq keçirdiklərini deyiblər. Noyabrın 20-də maskalı şəxslərin təhsil ocağının təhlükəsizlik qüvvələri ilə birlikdə dərs otaqlarına girərək hicab taxmayan qadın tələbələrin şəxsiyyət sənədlərini müsadirə etdiyi bildirilir.
Şahidlər naməlum şəxslərin baş örtükləri sürüşmüş qadın tələbələri hədəfə aldığını deyirlər.
Bu tətil İranda tələbə fəallığının artmasını göstərir. Bu yaxınlarda Tərbiyət Müdərris Universitetinin tələbələri dərslərə girməyərək təhsil ocağının təhlükəsizlik qüvvələrinin repressiv taktikasına etirazlarını bildiriblər.
Dərinləşən repressiya və etirazlar
Yeni dərs ilindən İran universitetlərində repressiv mühit güclənib. Kəşfiyyat və təhlükəsizlik qurumları daha çox adamı dindirməyə çağırır, inzibati tədbirlər görülür, hətta tələbələr və fakültə üzvləri kənarlaşdırılır.
İranda universitetlər, tələbələr daha böyük sosial və siyasi azadlılar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz ediblər. Tehran Universitetinə qəddar reyddə azı bir tələbə öldürülüb.
Hakimiyyət isə illərlə tələbə fəalları və liderlərini həbs etdirib, onların təhsil almasını yasaqlayıb.
Fəalların HRANA xəbər agentliyinin məlumatına görə, 2022-ci ilin sentyabrından başlamış etirazlarda azı 700 universitet tələbəsi həbs olunub. Həmin etirazlara 22 yaşlı Məhsa Əmininin, guya, hicab qaydasını pozduğuna görə saxlanandan sonra vəfat etməsi səbəb olub.
Saxlanan tələbələr həbsə, yaxud şallaq cəzasına məhkum edilib. Onlarla tələbə universitetlərdən qovulub.
Rusiya Ukraynaya dron zərbələri endirir

Noyabrın 22-də səhər Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətindəki Nikopol şəhərini atəşə tutub, yaralılar var, şəhərə ziyan dəyib. Bu haqda vilayətin qubernatoru Sergey Lısak Telegram-da yazıb. Ukraynanın havadan müdafiə qüvvələri isə Rusiyanın daha bir dron zərbəsi dalğasını dəf etdiyini bildirib.
"İşğalçılar ötən gecədən Nikopol vilayətini ağır artilleriyadan dörd dəfə atəşə tutublar", – yazan Lısak iki dinc sakinin yaralandığını sözlərinə əlavə edib. O, şəhərdə elektrik xətlərinin qırıldığını, azı min 200 ailənin elektriksiz qaldığını bildirib.
Dron hücumu
Rusiya Nikopolu tez-tez artilleriya və dron zərbələrinə məruz qoyur, dinc sakinlər arasında itkilər olur, infrastruktur zədələnir. Ötən həftə dron zərbəsində bir nəfər öldürülüb.
Ukrayna havadan müdafiə qüvvələri isə noyabrın 22-də bildirib ki, Rusiya ötən gecə bir neçə vilayətə dron hücumu edib, ancaq İran istehsalı olan 14 dronun hamısı vurulub.
Məlumatda deyilir ki, Rusiyanın qanadlı raketi Zaporojye vilayətinə düşüb, ancaq hədəfə dəyməyib, infrastruktura ziyan dəyib.
Bu arada Rusiyanın Müdafiə Nazirliyi işğal olunmuş Krım üzərində Ukraynanın üç dronunun, habelə dörd donanma dronunun vurulduğunu bildirib.
Cəbhədə vəziyyət
Ukrayna qüvvələri son 24 saat ərzində cəbhə xəttində yaxın məsafədən 48 döyüşün baş verdiyini açıqlayıblar. Donetsk vilayətində Lıman, Baxmut və Avdeyevka istiqamətlərində Rusiyanın hücumlarının qarşısının alındığı bildirilir.
Noyabrın 21-də Almaniya Ukraynaya 1.3 milyard avro (1.42 milyard dollar) hərbi yardım ayırıb. Yardıma dörd ədəd IRIS-T havadan müdafiə sistemləri, eləcə də artilleriya sursatı daxildir.
Müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı belə bir açıqlama verib.
Almaniya ABŞ-dan sonra Kiyevə böyük yardım ayıran ikinci ölkədir. İndiyədək Ukraynaya artıq üç ədəd IRIS-T sistemləri verilib, sonuncusu ötən ay çatdırılıb.
İsrail və HƏMAS atəşkəsə razılaşıblar

İsrailin baş naziri Binyamin Netanyahu noyabrın 22-də səhər Qəzza sektorunda azı dörd günlük atəşkəs elan edib. Bu müddətdə HƏMAS radikal qruplaşması (ABŞ və Aİ tərəfindən terrorçu sayılır) 200-dən çox girovun azı 50-sini azad etmək öhdəliyi götürüb. HƏMAS-ın radikal silahlıları oktyabrın 7-də İsrailə hücum edərək azı 240 nəfəri girov götürüb, min 200 nəfər öldürülüb.
İsrail hökuməti noyabrın 22-nə keçən gecə xüsusi iclasda HƏMAS-la razılaşmanın şərtlərini təsdiqləyib. Razılaşmanın birinci mərhələsində radikal silahlılar dörd gün ərzində azı 50 girovu buraxmalıdırlar. Netanyahunun sözlərinə görə, sonrakı mərhələdə atəşkəs rejimi uzadıla, hər 10 girovun azad olunması qarşılığında bir gün əlavə oluna bilər.
Ancaq Netanyahu bəyanatında İsrail həbsxanalarından fələstinlilərin buraxılmasına toxunmayıb.
Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşmada İsrail həbsxanalarında saxlanan fələstinli məhkumların – qadınların və yeniyetmələrin bir qisminin azad edilməsi də nəzərdə tutulurdu. 150-dən 300-dək müxtəlif rəqəmlər səslənirdi. Qətərin Xarici İşlər Nazirliyi isə rəsmi bəyanatında İsrailin azad edəcəyi fələstinlilərin sayını açıqlamır.
Atəşkəs nə vaxt qüvvəyə minəcək
ABŞ prezidenti Co Bayden (Joe Biden) İsraillə HƏMAS arasında razılaşmanın əldə olunmasını alqışlayıb. O, bütün aspektlərin icra olunacağına ümidini bildirib.
Atəşkəs rejimində İsrail qüvvələri Qəzzadakı mövqelərində qalacaqlar, anklavın şimal hissəsini tərk etmiş sakinlərin qayıtmaq imkanı olmayacaq. Bu dönəmdə Qəzzaya humanitar yardım və yanacaq maşınları buraxılacaq.
Ancaq atəşkəsin noyabrın 23-dən tez qüvvəyə minməyəcəyi gözlənilir, çünki İsrailin məhkəmə orqanları əvvəlcə bu sənədin qanuniliyini dəyərləndirməlidir. Günə 12 girovun buraxılması gözlənilir.
HƏMAS-ın hücumundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Qəzzadakı rəsmiləri azı 12 min nəfərin öldürüldüyünü bildirirlər.
İsrail Qəzzada əməliyyatı genişləndirir

Noyabrın 20-də İsrail qoşunları Qəzza zolağında əməliyyatı genişləndiriblər. Qətər isə bildirib ki, HƏMAS radikal silahlılarının saxladığı 240 girovun bəzilərini azadlığa buraxmaq üçün razılaşmaya yaxınlaşırlar.
HƏMAS-ı ABŞ və Avropa İttifaqı (Aİ) terrorçu təşkilat sayır.
İsrail Qəzzadakı ən böyük qaçqın düşərgəsi olan Cəbaliyə və yaxınlıqdakı sahil düşərgəsinin sakinlərinə evakuasiya xəbərdarlığı edib. Ordunun bazar günü – noyabrın 19-da yaydığı məlumata görə, Qəzza zolağındankı başqa ərazilərdə əməliyyatları genişləndirirlər.
"France-Presse"in Qəzzadakı müxbiri xəbər verir ki, intensiv bombalamadan sonra Cəbaliyədən tüstü qalxdığını görüb.
HƏMAS-ın səhiyyə rəsmisi noyabrın 18-də Cəbaliyəyə qoşa zərbələrdə azı 80 nəfərin öldürüldüyünü bildirib. Zərbələr köçkünlərin sığındığı BMT məktəbini də hədəfə alıb.
İsrail ordusu Cəbaliyənin HƏMAS infrastrukturuna zərbələrdə əsas ərazilərdən olduğunu deyir. Ancaq ordu Cəbaliyə rayonunda insidentin araşdırıldığını bildirib, zərbələrdən söz açılmayıb.
HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək əksəriyyəti dinc sakinlər olmaqla min 200 nəfəri öldürüb.
İsrail bundan sonra Qəzzanı bombalamağa başlayıb. Hava bombardmanı və quru əməliyyatları nəticəsində 13 min nəfərin öldürüldüyü, onların içində minlərlə uşağın olduğu xəbər verilir.
Altı həftəlik müharibə dövründə İsrailə itkilərə görə beynəlxalq təzyiq artır. Ancaq İsrail rəsmiləri xəbərdarlıq ediblər ki, HƏMAS-ın kökünü kəsməyi hədəfləyən müharibədə "legitimlik pəncərəsi" qapanır.
Çinin xarici işlər naziri Van İ noyabrın 20-də Qəzzadakı humanitar fəlakəti dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
İsrail isə noyabrın 19-da açıqladığı dəlildə HƏMAS radikal silahlılarının Qəzzadakı ən böyük "əl-Şifa" xəstəxanasından xarici girovları gizlətmək, yeraltı tunelləri ört-basdır etmək üçün yararlandığını bildirib.
'SpaceX'in sınaq uçuşu uğursuzluqla nəticələnib

SpaceX tərəfindən kosmonavtları Aya və Marsa aparması üçün inşa edilən kosmik gəminin ikinci sınağı da uğursuzluqla nəticələnib.
Noyabrın 18-də, kosmik gəmi SpaceX-in ABŞ-ın Texas ştatındakı StarBase bazasından buraxılıb. Şirkətin yaydığı məlumata görə, iki qismdən ibarət raketin ikinci hissəsinin kosmosda 90 dəqiqəlik səyahət etməsi planlanmışdı.
Ancaq şirkət rəsmiləri raketin ikinci qisminin ayrıldıqdan sonra rabitəni itirdiklərini açıqlayıb.
Kosmik gəminin Meksika körfəzininin səmasında bir nöqtədə partladığı, bunun ardından isə rabitənin qopduğu bildirilir.
SpaceX paylaşılan canlı yayımının 8-cu dəqiqəsində ekranda partlayış anları görsənir. Qeyd edək ki, SpaceX-in eyni raketinin ilk sınağında isə 4-cü dəqiqəsində partlayış baş verdiyi və sınağın uğursuzluqla nəticləndiyi açıqlanmışdı
SpaceX şirkəti bu raketi inkişaf etdirməklə Aya və Mars planetinə insanlı səyahətlər təşkil etməyi iddiasındadır.
ABŞ Senatı müvəqqəti büdcə layihəsini təsdiqləyir

ABŞ Nümayəndələr Palatasının ardınca Senat da federal hökumətin işinin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 87 senator layihəni dəstəkləyib, 11-i əleyhinə çıxıb. CNN-in məlumatına görə, layihəyə İsrailə və Ukraynaya əlavə yardım daxil deyil.
Qanun layihəsi imzalanmaq üçün prezident Co Baydenə (Joe Biden) göndərilib. Prezidentin sənədi imzalaması "şatdaun"un – federal hökumətin işinin dayanmasının qarşısını alacaq. Ağ evin nümayəndəsi noyabrın 14-də deyib ki, qanun layihəsini Senat qəbul edərsə, prezident onu imzalamağa hazırdır, bununla da "maliyyələşmənin indiki səviyyəsi qorunacaq və ziyanlı siyasi faktorları olmayacaq".
Nümayəndələr Palatasının spikeri Mayk Consonun (Mike Johnson) təqdim etdiyi yeni qanun layihəsi prioritet dövlət proqramları və qurumlarının maliyyələşməsini 2024-cü il yanvarın 19-dək uzadır. Söhbət ordu quruculuğu, veteranların işi, nəqliyyat, energetika və mənzil tikintisindən gedir. Büdcənin qalan müddəaları isə 2024-cü il fevralın 2-dək maliyyələşdiriləcək.
Ukrayna və İsrailə yardıma ayrıca baxılır
Ukrayna, İsrail və Tayvana maliyyə yardımı, ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsinə ayrıca baxılır. Ağ ev bu məqsədlə 106 milyard dollar ayrılmasını təklif edib. Bayden administrasiyası istəyirdi ki, bütün maliyyə istiqamətləri bir paketdə müzakirə olunsun, ancaq respublikaçılar buna qarşı çıxırdılar. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə 14 milyard dollarlıq yardımla bağlı ayrıca qanun layihəsi qəbul edib. Ukraynaya yardım oraya daxil deyil. Demokratların nəzarətində olan Senat isə bu təşəbbüsün qarşısını alıb.
Federal hökumətin işi qismən dayanarsa – "şatdaun" baş verərsə, noyabrın 18-dən 4 milyondan çox amerikalı hərbçi və dövlət qulluqçusu maaş almayacaq, dövlət xidmətləri və ödənişlərinin bir qismi məhdudlaşdırıla, yaxud yubana bilər.
Ukrayna 2022-ci il fevralın sonundan Rusiyanın işğalı ilə üzləşib. İsrail isə oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının hücumuna məruz qalıb. Hazırda İsrail qüvvələri HƏMAS-ı məhv etmək məqsədilə Fələstinin Qəzza anklavında hərbi əməliyyatlar aparır.
İsrail qüvvələri Qəzzadakı 'əl-Şifa' xəstəxanasına girib

İsrail bildirir ki, qüvvələri Qəzzada uzun müddətdir qarşıdurma məkanı olan "əl-Şifa" xəstəxanasına daxil olublar. İsrail HƏMAS ekstremist qruplaşmasına qarşı quru hücumu çərçivəsində bu xəstəxananı mühasirəyə alıb, qruplaşmanın xəstəxana kompleksindən hərbi məqsədlər üçün istifadə etdiyini iddia edir.
İçəridə yüzlərlə xəstə və tibbi personal olduğundan İsrail qüvvələri xəstəxanaya girmirdi. Amma noyabrın 15-də bildirilib ki, İsrail qüvvələri kompleksin spesifik ərazisində HƏMAS-a qarşı "dəqiq" əməliyyat aparır, eyni zamanda, dinc sakinlərə ziyan vurmamağa çalışır.
ABŞ və Avropa İttifaqı (Aİ) HƏMAS-ı terrorçu təşkilat sayır.
İsrail bu radikal qruplaşmanı xəstəxanalarda öz silahlılarını gizlətməkdə ittiham edir. İsrail iddia edir ki, HƏMAS "əl-Şifa" xəstəxanasında və altında əsas komandanlıq qurub. HƏMAS və xəstəxana isə İsrailin iddialarını rədd edir.
İsrailin müdafiə rəsmiləri Qəzza zolağına humanitar əməliyyatlar üçün yanacaq göndərilməsinə icazə verəcək. BMT-nin fələstinli qaçqınlara yardım agentliyi bundan bir neçə saat öncə bildirib ki, noyabrın 14-də Qəzzada yanacaq ehtiyatları tükənib.
200 min nəfər cənuba qaçıb
HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, azı min 200 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb, Qəzzaya yanacaq göndərilməsinə icazə verməyib, bu yanacağı radikal qruplaşmanın istifadə edəcəyini bildirib.
Qəzzanın şimalında döyüşlər son 10 gündə 200 min adamın cənuba axın etməsinə səbəb olub. Bu Fələstin anklavının 2.3 milyonluq əhalisinin üçdə ikisinin müharibə başlayandan evlərini tərk etdiyi xəbər verilir.
Fələstin rəsmiləri indiyə kimi 11 mindən çox Qəzza sakininin öldürüldüyünü, onlardan üçdə ikisinin qadınlar və azyaşlılar olduğunu açıqlayıb. 2 min 700-dək insan itkin düşüb.
İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.