Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Azərbaycan xəbərləri

Ölən neftçilərin övladlarına - 262 manat

-

“Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş qəza nəticəsində həlak və itkin düşmüş işçilərin hər birinin ailəsinə ümumilikdə 22 min manat maddi yardım ödənilib.

SOCAR-ın fevralın 1-də yayılan məlumatında belə deyilir.

Bu maddi yardım Nazirlər Kabinetinin qərarına əsasən, büdcədən, SOCAR və həmkarlar ittifaqları tərəfindən ödənilib. Həlak olmuş neftçilərin dəfn mərasimlərinin xərclərin də neft şirkəti tərəfindən qarşılandığı bildirilir. Qəza zamanı təxliyə edilmiş neftçilərə də maddi yardım edilib. Qəzadan sağ-salamat qurtarılanlara 1000, xəsarət alanlara isə 3000 manatdan çox yardım edilib.

SOCAR qeyd edir ki, qəzada həyatını itirən neftçilərin azyaşlı uşaqları 18 yaşa çatanadək ayda 262 manat maddi yardım ala biləcək.

2015-ci ilin dekabr ayının 4-də “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza nəticəsində ümumilikdə 11 nəfər həlak olub, 22 nəfər isə itkin düşüb.

Bütün xəbərləri izləyin

Xalq Cəbhəsi tərəfdarının saxlandığı bildirilir

Elşən Kərimov
Elşən Kərimov

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı olduğu deyilən Elşən Kərimovun saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, E.Kərimov aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanıb: "Elşən Rusiyada yaşayır. Dünən, aprelin 17-də atasının yasına gəlib. Elə yasın ortasında mülki geyimli, qara maskalı adamlar gəlib Elşəni aparıblar. Hər yerdə axtarmışıq, məlumat yoxdur".

Yaxınları habelə deyiblər ki, baş verənlərin səbəbini bilmirlər. Onların sözlərinə görə, E.Kərimov Rusiyada xırda bizneslə məşğul olub və həmin ölkənin vətəndaşıdır.

Bütün bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 5-dən çox fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

BŞİH Milli Şuranın mitinqini 'məqsədəuyğun' saymadı

Milli Şura Bakıda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.
Milli Şura Bakıda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Partiyadan vurğulandığına görə, qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

"Qanunsuz və Konstitusiyaya zidd..."

AXCP-də bu qərarı qanunsuz və Konstitusiyaya zidd hesab edirlər: "Hazırda müzakirələri aparırıq və növbəti addımlarla bağlı qərar elan ediləcək".

AXCP-dən bu deyilənlərə BŞİH-dən əlavə münasibət almaq mümkün olmayıb.

Milli Şura müraciətində şəhərin, əsasən, mərkəzi ərazilərində üç yer təklif edərək onların birində aksiya keçirmək niyyətini bildirmişdi. Aksiyada azad, ədalətli seçkilərin keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması və korrupsiya ilə mübarizəyə aid tələblərin səslənəcəyi açıqlanmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, onların vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə siyasi iradə mövcuddur.

Milli Şura Azərbaycanda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib. Ondan sonra BŞİH Milli Şuraya təklif etdiyi yerlərdə yenə tıxacların yaranacağını və başqa oxşar amilləri səbəb göstərərək aksiya keçirməyi məqsədəuyğun saymamışdı. Əvəzində Milli Şuraya Lökbatan qəsəbəsindəki stadion təklif edilmişdi. Amma Milli Şura da həmin stadionun şəhərdən kənarda olduğunu əsas gətirərək orada aksiya keçirməkdən imtina etmişdi.

2020-ci ilin əvvəllərindən isə koronovirus pandemiyası ilə bağlı ölkədə karantin rejimi tətbiq edilib. Artıq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, karantin rejimi tam götürülməyib.

update

Fransa Azərbaycandakı səfirini geri çağırıb

Fransa XİN
Fransa XİN

Rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, qərarın səbəbi "Azərbaycanın iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir".

Fransa tərəfi təfərrüatları açıqlamır.

Aprelin16-da səfir Ann Buayonu prezident Emmanuel Makron qəbul edib.

"O, [Makron] Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini və onlardan izahat eşitmək istədiyini bildirib", - məlumatda vurğulanır.

XİN əlavə edir ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Fransa və Azərbaycan arasında münasibətlər son aylarda gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını arzuolunmaz şəxs elan ediblər.

Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Fransa səfirinin geri çağırılmasına Bakının reaksiyası

"Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən (İkinci Qarabağ Müharibəsi) sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın öz səfirini Azərbaycandan geri çağırmasına münasibət bildirərkən deyib.

XİN sözçüsünə görə, Bakının Parisə qarşı addımları və verilən rəsmi bəyanatlar yalnız "destruktiv fəaliyyətə" cavab xarakterli olub. "Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb", - o vurğulayıb.

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır", - - XİN rəsmisi əlavə edib.

Xatırlatma

Fransa ABŞ və Rusiya ilə birgə 20 ildən çox ATƏT-in Minsk qrupunda Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda vasitəçilik edib. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ də sülh sazişi imzalanmayıb.

Atası həbsdə olan bloqerlə görüşüb

Arzu Sayadoğlu
Arzu Sayadoğlu

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan bloqer Arzu Sayadoğlu ilə dünən, aprelin 15-də atasının görüşdüyü bildirilir.

"Arzunun səhhəti yaxşıdır. Saxlanma şəraitindən narazılığı yoxdur. Şüşə arxasından görüşdük. O dedi ki, günahı yoxdur. Bizim ailəmiz çox çətinlik çəkir. Atayam, oğlumun həbsinə dözə bilmirəm", - bloqerin atası Səyyad Məmmədov bildirir.

Bu açıqlamaya, hələlik, DTX-dan münasibət almaq mümkün olmayıb.

Səbail Rayon Məhkəməsindən isə "Amerikanın səsi"nə deyiblər ki, Arzu Sayadoğlu yanvarın 16-da saxlanıb, onun barəsində yanvarın 18-də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin ittihamla şəxsə beş ildən on ilədək həbs cəzası verilə bilər. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Sayadoğlu bu ilin əvvəlində "Azad Söz" onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən sonra ondan təqribən bir həftə məlumat almaq mümkün olmamışdı. Sonradan onun saxlandığı bəlli olmuşdu.

Xatırlatma

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib.

Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Amma rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə, təqib və həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Məhkəmə Tofiq Yaqublunun həbs müddətinin uzadılmasını düzgün saydı

Tofiq Yaqublu
Tofiq Yaqublu

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, şikayətə aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi hesab edir ki, həbs-qətimkan tədbirinin nəinki uzadılmasının, ümumiyyətlə, T.Yaqublunun həbsdə qalmasının əsası yoxdur. "Çünki adam cinayətkar deyil. Tofiq Yaqublu həmişə saxtakarlığa, dələduzluğa qarşı ölkə səviyyəsində mübarizə aparıb. Ona görə də ona belə ittihamların verilməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi", - vəkili vurğulayıb.

Müdafiə tərəfinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin müddəti aprelin 6-da iki ay uzadılıb. Nərimanov rayon Məhkəməsində istintaq orqanın bununla bağlı vəsatətinə baxılıb və vəsatət təmin olunub.

T.Yaqublu ötən il dekabrın 14-də saxlanaraq haqqında (ilkin olaraq 4 aylıq) həbs-qətimkan tədbiri seçilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.

Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

'AbzasMedia işi' üzrə yeni dindirilən var

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov
Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov

Tağıyev təxminən 3 saata yaxın polis idarəsində olub və saat 21:30 radələrində oranı tərk edib.

O, özü jurnalistlərə açıqlamasında “Abzas Media işi” üzrə dindirildiyini deyib.

Tağıyev qeyd edib ki, suallar ümumi xarakter daşıyıb.O, istintaq sirrini açıqlamamaq öhdəliyi götürdüyünü söyləyərək, təfərrüatlara toxunmayıb.

Onun sözlərinə görə, ona idarədə heç bir psixoloji və fiziki təzyiq göstərilməyib.
İsmayıl Tağıyevin dedikləri ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan çox jurnalist saxlanıb, həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub.

Ülvi Həsənlinin saxlanması: Abzas media korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra, bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz AbsalamovaElnarə Qasımova ilə davam edib.

Onların hamısı qaçaqmalçılıqda ittiham edilirlər.Amma ittihamı qəbul etmir və bunu əsasən peşə fəaliyyətləri ilə izah edirlər.Rəsmilər isə bir qayda olaraq deyirlər ki, Azərbaycanda heç bir jurnalist sırf peşə fəaliyyətinə görə, həbs edilməyib.

Bu ara başqa kütləvi informasiya vasitələrindən də həbs edilənlər olub. Onlar da qaçaqmalçılıq və başqa ittihamlarla üzləşiblər.Həmin jurnalistlər də ittihamı qurama sayırlar.

Ələsgər Məmmədlinin səhhətinin ağırlaşmaqda olduğu deyilir

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Toplum” İnternet Televiziyasının təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Ələsgər Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Bu barədə aprelin 8-də onunla görüşən qardaşı Nəsimi Məmmədli məlumat verib.

Qardaşının sözlərinə görə, Ələsgər Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkdiyini söyləyib:

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmaq imkanı vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Qan təzyiqi 90-170 arasında yüksəlib”.

Nəsimi Məmmədli deyib ki, bir həftə öncə qardaşından qan analizi götürülüb. Onun vurğulamasına görə, götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb:

“Amilaza analizi çox yüksək, 333 olub (norma 220-dən az olmalıdır), xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək”.

Onun sözlərinə görə, vəkil Ələsgər Məmmədlinin Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, ona cavab gəlməyib.

Bu açıqlamaya,hələlik, Ədliyyə Nazirliyi və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Yaxınları bundan əvvəl də “Ələsgər Məmmədlinin səhhətinin həbsdə qalmasına münasib olmadığı” barədə açıqlamalar yayıblar.

Müdafiə tərəfi hətta Ələsgər Məmmədlinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət də edib. Amma martın 29-da Xətai rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "Toplum” İnternet Televiziyasının əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar da ittiham ilə razılaşmır, onu peşə fəaliyyətləri ilə bağlı, siyasi hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

Ramin Məmmədov komitə sədri oldu, parlamentdə boş yerlər 10-a çatdı

Ramin Məmmədov
Ramin Məmmədov

Ramin Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Bu barədə aprelin 8-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Ona qədər bu vəzifədə Mübariz Qurbanlı olub. Amma bu il keçirilən (7 fevral) prezident seçkisindən sonra M.Qurbanlı hökumətin yeni tərkibində yer almamış, həmin post boş qalmışdı.

R.Məmmədov 2001-ci ildən Mədəniyyət Nazirliyində, 2002-ci ildən isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis kimi, daha sonra da bu komitədə sədrin köməkçisi, şöbə müdiri işləyib.

2008–2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Hazırda R.Məmmədov Milli Məclisin deputatıdır. Qanunvericiliyə əsasən, o, vəzifəyə təyin olunandan sonra deputatlıq fəaliyyətini davam etdirə bilməz. Bununla da Milli Məclisdə boş yerlərin sayı artıq 10-a çatacaq.

Azərbaycanda son parlament seçkiləri 2020-ci ildə keçirilib. Onda Mərkəzi Seçki Komissiyası dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Qalan beş yer isə həbs və başqa səbəblərdən boş qalıb.

Azərbaycan əsgərinin təlimdə öldüyü deyilir

Foto arxiv
Foto arxiv

Azərbaycanda hərbi qulluqçunun təlimdə öldüyü bildirilir.

Bu barədə Hərbi Prokurorlugun bugün, aprelin 5-də yayılan məlumatında bəhs edilir.

Açıqlamaya görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Saleh Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, həmin məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və onların Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə, meyitə baxış keçiriblər:

“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Qubadlı hərbi prokurorluğunda cinayət işi başlandığı bildirilir.

Amma hadisənin vaxtı və başqa detallar ilə bağlı məlumat verilmir.

Rəsmi açıqlamaya, hələlik, təlimdə öldüyü bildirilən əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın bəzi hüquq müdafiəçiləri orduda monitorinqlər aparılmasının mümkün olmadığını bildirilər.

Rəsmilər isə bunula razılaşmır, üstəlik, son illər orduda cinayətlərin sayının azaldığını deyirlər.

Azərbaycan yenə atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın silahlı qüvvələri aprelin 5-də Tavuş rayonunun Çinari və Geqarkunik vilayətinin Verin Şorca məntəqələri yaxınlığında Ermənistan silahlı qüvvələrinin mövqelərini kiçik çaplı silahlardan atəşə tutub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhədin şimal-şərq hissəsində Azərbaycanın mövqelərini atəşə tutmasına dair Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və bunu “növbəti dezinformasiya” adlandırıb.

***

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, aprelin 5-də saat 17:25 radələrində Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Hələlik, bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bu həftənin əvvəlində Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırmışdı.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 1-i Ermənistan silahlı qüvvələri onun Naxçıvan Muxtar Respublikasının Sədərək və Şahbuz rayonları istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Amma Ermənistan Müdafiə Nazirliyi (EMN) həmin məlumatı təkzib etmişdi.

"... Azərbaycan Silahlı Qüvvələri aprelin 1-də saat 22:00-da Qut kəndi (Geğarkunik vilayəti) və aprelin 2-də saat 00:40-da Tex kəndi (Sünik vilayəti) istiqamətində erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar", - Ermənistan qarşı tərəfi günahlandırmışdı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa etdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Azərbaycanın 15 faizi quraqlıq riski altındadır

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

"Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığını vurğulamaq lazımdır".

AZƏRTAC-ın məlumatına görə, bu barədə aprelin 5-də "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb: "Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son yeddi ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi iki metr azalıb ki, bunun da 1.5 metri son beş ilə təsadüf edib".

Ölkədə həm içməli, həm də suvarma suyunun qıtlığı ilə bağlı şikayətlər eşidilir. Artıq paytaxt Bakının özündə belə bir çox ərazilərə su limitlərlə verilir. Son illər ölkədə pambıq plantasiyalarının artmasından sonra suvarma sularının qıtlığı ilə bağlı daha çox şikayətlər səslənir.

Xəzər dənizinin səviyyəsinin düşməsini isə ekspertlər son illər, əsasən, Volqa çayının axınının həcminin azalması ilə izah edirlər.

76 yaşlı AXCP üzvünün saxlandığı deyilir

Polis
Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun bu gün, aprelin 4-də saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

AXCP-dən qeyd olunub ki, Ə.İsmayılov ötən ay narkotik ittihamı ilə Daşkəsəndə həbs olunan Sahib Məmmədzadənin qohumudur.

S.Məmmədzadənin bacısı Tacirə Məmmədova isə bildirib ki, Ə.İsmayılovu günorta saat 12 radələrində polis saxlayıb: "Bu gün, aprelin 4-də traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi də müdafiə edir. Ona görə tutublar".

Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Martın 18-də saxlanan S.Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,...hazırlama,... və ya satma) maddəsi ilə ittiham edilir. Onun haqqında ilkin 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittiham ilə razılaşmır, həbsini siyasi fəaliyyəti ilə izah edir.

Müxalifətdə olan AXCP-nin hazırda 10-a yaxın fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Azərbaycan Konqoda neft emalı zavodunu yeniləyəcək, özününkünü bitirməmiş

Azərbaycan-Konqo sənədləri imzalanıb
Azərbaycan-Konqo sənədləri imzalanıb

Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev ilə Konqo prezidenti Deni Sassu-Nqesson arasında təkbətək və geniş tərkibdə görüşlər olub. Daha sonra onların iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, tərəflər əməkdaşlıq, o cümlədən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nı imzalayıblar.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iki neft emalı zavodu var – Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodu və Türkiyədə "Star" Neft Emalı Zavodu. Amma indi onlarda Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmur. Halbuki rəsmilər artıq illərdir ölkədə yüksək keyfiyyətli yanacağın istehsal olunacağı barədə açıqlamalar verir.

Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunacağı açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri tam bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

+++

Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana gəlib.

Hazırda Konqo Respublikası kimi tanınan ərazi 1880-ci illərdən 20-ci əsrin ortalarınadək Fransanın müstəmləkəsi olub. 1960-cu ildə Konqo Respublikası müstəqilliyini elan edib.

Son vaxtlar Azərbaycan və Fransa arasında münasibətlərdə gərginlik müşahidə edilir.

Fransa rəsmiləri Bakını etnik, insan hüquqları ilə bağlı pozuntularda, Azərbaycan rəsmiləri isə Parisi bır sıra Afrika xalqlarına münasibətdə istismarçılıqda günahlandırırlar.

Həmkarlar ittifaqı fəalı 3 il azadlıqdan məhrum edilib

Ayxan İsrafilov
Ayxan İsrafilov

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin narkotikdə ittiham olunan üzvü Ayxan İsrafilovun işi üzrə proses başa çatıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiə tərəfi polis bölməsindəki videomüşahidə kameralarının görüntülərinə baxılması, habelə İsrafilovun üzərində narkotik vasitə olduğu haqqında məlumat verən mənbənin dindirilməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Lakin bu və digər vəsatətlər təmin olunmayıb.

Prokuror İsrafilovun 5 il müddətinə həbs edilməsini təklif edib.

Vəkil Fariz Namazlı son sözündə qeyd edib ki, İsrafilovun işi üzrə istintaq qanun pozuntusu ilə aparılıb, buna görə də o, məhkəmədə ona bəraət verilməsini istəyib.

İsrafilov özü həmkarlar ittifaqı çərçivəsində fəaliyyətinə görə təqib olunduğunu bildirib.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

A.İsrafilov 2023-cü ilin avqustunda həbs olunub.

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir.

Avqustun 4-də isə "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Cənubi Qafqazda olub

Abram Peyli
Abram Peyli

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli Cənubi Qafqaz paytaxtlarında regional səfərdə olub.

O, Bakı, Tbilisi və Yerevanda yüksək vəzifəli məmurlarla görüşlər keçirib və danışıqlar aparıb.

A.Peyli aprelin 1-də səfərin yekunlarına dair X platformasındakı hesabında belə yazıb: "Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüm".

O, Bakıda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Səfərlə bağlı Azərbaycanın rəsmi qurumlarından hər hansı açıqlama olmayıb.

A.Peylin bu açıqlamasına İranın Azərbaycandakı səfirliyinin də, hələlik, münasibəti bəlli deyil.

Tehran İranın nüvə proqramını beynəlxalq nəzarət altına alan razılaşmadan imtina etdiyinə və insan hüquqları ilə bağlı pozuntulara görə son illər Qərb ölkələrinin müxtəlif sahələr üzrə yeni sanksiyalarına məruz qalıb.

İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya arasında 2015-ci ildə bu ölkənin nüvə proqramı üzrə Uzunmüddətli Birgə Fəaliyyət Planı imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. ABŞ prezidenti Donald Tramp administrasiyası 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa edib. O bildirib ki, İran sazişə əməl etmir.

İran buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb

Azərbaycan futbolunda Rövnəq Abdullayev dövrü bitdi

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) yeni prezidenti seçilib.

2008-ci ildən AFFA-ya SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev rəhbərlik edirdi.

R.Abdullayev 2022-ci ilin fevralında prezident İlham Əliyevin sərəncamı ilə SOCAR prezidenti vəzifəsindən azad edilib. O, iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib. R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti idi.

2022-ci ilin iyulunda SOCAR prezidenti vəzifəsinə R.Nəcəf təyin olunub. Bundan əvvəl o, SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Son hesabatda Azərbaycanın futbol üzrə milli komandası FIFA reytinqində 113-cü yerdə qərarlaşıb.

Əziz Orucovun apellyasiya şikayəti təmin edilmədi

Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti bu gün, aprelin 1-də təmin edilməyib.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Səbail rayon Məhkəməsinin həmin qərarı martın 19-da qəbul edilmişdi. Onda həm Ə.Orucovun, həm də bu televiziyanın əməkdaşı Şamo Eminovun ilkin həbs müddəti uzadılmışdı.

L.Orucova Ə.Orucov ilə bağlı Səbail və Bakı Apellyasiya məhkəmələrinin qərarlarını əsassız sayır: "Noyabrdan bir dənə də olsun istintaq hərəkəti aparılmayıb".

Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Orucov ötən il noyabrın 27-də saxlanıb və qanunsuz tikinti aparmaqda ittiham olunub, məhkəmə onu ilkin olaraq üç ay müddətinə həbs edib. Sonra həbs müddəti uzadılıb. Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist Ş.Eminov isə dekabrın 22-də saxlanıb və qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycanda son aylar 10-a qədər jurnalist tutulub. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib. Onlar ittiham ilə razılaşmırlar və onu peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər də ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

ABŞ səfiri həbsdə olan jurnalistlərin vəkilləri ilə görüşüb

Mark Libbi
Mark Libbi

Martın 29 da Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb.

Bu barədə ABŞ səfirliyi xəbər verib:

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırır”.

Bu məlumata, Azərbaycan hökumətinin təmsilçilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib.

Jurnalistlər ittiham ilə razılaşmır, saxlanmalarını peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər ölkədə jurnalistlərin sırf peşə fəaliyyətinə görə, həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayır.

Bəzi yerli hüquq müdafiəçilərinin siyahılarına görə, hazırda Azərbaycan həbsxanalarında bir neçə yüz siyasi məhbus var.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Rəsmilərə görə, həmin siyahıda yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Bu gün, martın 29-da Xətai rayon Məhkəməsi "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, vəsatət Ə.Məmmədlinin səhhəti ilə bağlı verilmişdi: "Qalxanabənzər vəzdəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında Ələsgər bəyin qan təzyiqi 160-a qalxıb. Ələsgər bəy müalicə olunmasını xahiş edir".

Vəkil məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV"nin əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar da ittiham ilə razılaşmır, onu siyasi sifarişli hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayır.

Qubad Ibadoğlunun gözlərinin sürətlə zəiflədiyi deyilir

Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun görmə qabiliyyətini sürətlə itirməkdə olduğu bildirilir.

Siyasətçinin qardaşı Qalib Toğrul deyib ki, o, artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə dörd-beş metrdən eynəksiz oxuya bilmir.

Q.İbadoğlunun ailəsi hesab edir ki, bu, diabetik retinopatiyanın əlamətləridir: "Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır".

Q.Toğrul vurğulayıb ki, bu məsələdə gecikmə siyasətçinin görmə qabiliyyətini tamamilə itirməsinə səbəb ola bilər.

O, həmçinin Q.İbadoğlunun ağrılarla bağlı şikayətləndiyi böyrəyində, qaraciyərində, ürək-damar sistemində gedən proseslərdən xəbərsiz qaldıqlarını deyir: "Çünki sistemli, dərinləşdirilmiş müayinə və analizlər aparılmır".

Q.İbadoğlunun yaxınlarının bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

Sanksiyada olan şirkət Azərbaycanda

"AvtoVAZ" Qrupuna daxil olan "LADA İjevsk" avtomobil zavodu
"AvtoVAZ" Qrupuna daxil olan "LADA İjevsk" avtomobil zavodu

Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin yığılmasına başlayıb. Bu barədə Rusiya şirkətinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, Azərbaycanda bu ildə min 500, yaxın illərdə isə 4-5 minə qədər avtomobil istehsal etmək planlaşdırılır.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsinə cavab olaraq Amerika Birləşmiş Ştatları (ABŞ) "AvtoVAZ" şirkətinə də sanksiya tətbiq edib. Vaşinqton xəbərdarlıq edib ki, bu şirkətlə əməkdaşlıq edən üçüncü ölkələri də hədəfə ala bilər.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanısa və ona humanitar yardımlar göndərsə də, Qərbin ona təcavüzünə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmur.

İki il əvvəl, fevralın 22-də Moskvada iki ölkə rəhbərliyi "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb.

Nazim Bəydəmirlinin həbs müddəti yenə artırıldı

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, martın 29-da Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb: "Məhkəmə təqdimatı təmin edib".

O qeyd edib ki, N.Bəydəmirlinin səhhətində problemlər qalmaqdadır: "Təzyiqi normaya düşmür, deməsinə görə, oturaq halda gözü qaralır, huşunu itirmək dərəcəsinə çatır. Amma mənə yoldaşımın diaqnozunu demirlər. Bizim Nazimin öz həkimi tərəfindən müayinə və müalicəsi ilə bağlı müraciətlərimiz cavabsız qalıb".

Vəkil Aqil Layıc isə bildirib ki, N.Bəydəmirli ilə bağlı istintaq hərəkətləri aparılmır, ona görə də həbs-qətimkan tədbirin uzadılmasına heç bir ehtiyac yox idi.

Müdafiə tərəfi qərardan şikayət vermək niyyətindədir.

Hələlik, bu açıqlamalara cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

12 mart

Ailəsi Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyini deyir

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə məlumat verən onun həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, N.Bəydəmirlinin qan təzyiqi yüksəkdir: "Dünən, martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var".

F.Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir və onun bununla bağlı müraciətlərinə məhəl qoyulmur. Həmçinin, onun vurğulamasına görə, N.Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb. Xanımının əlavə etməsinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib: "Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib. Tövsiyə edib ki, qan analizi versin, nəticəyə uyğun təcili müalicəyə başlanmalıdır. Lakin həmin həkim mənə Nazimin diaqnozunu demədi və bunu Penitensiar Xidmətin həkimlərindən soruşmağı tövsiyə etdi. Onlardan da soruşdum, doğru düzgün cavab ala bilmədim".

O, həyat yoldaşının səhhətinə, həyatına görə narahat olduğunu vurğulayıb.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür. Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

Xatırlatma

Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.

Yaşı 15 ildən keçən avtomobil taksi xidməti göstərməyəcək

Bakıda taksi
Bakıda taksi

Dövlət qeydiyyat şəhadətnaməsində buraxılışından 15 ildən artıq keçən avtomobil taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz.

Nazirlər Kabinetinin martın 28-də təsdiqlədiyi yeni tələblərə görə, sərnişin daşımalarında istifadə olunan şəhərlərarası avtonəqliyyat vasitələri ağ, şəhərdaxili qırmızı olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaqlar.

Taksilərin rəngləri ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən ölkəyə gətirilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Digər tələblərə əsasən, taksilər ABS əyləc sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Bundan əlavə, onlarda bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay saxlaya bilən videokameralar quraşdırılmalıdır.

Taksi avtomobilləri ən azı AVRO-5 ekoloji standartına uyğun olmalıdır.

Tələblər 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Toğrul Vəliyev
Toğrul Vəliyev

İqtisadçı: 'Taksi xidmətlərinin qiyməti artacaq'

İqtisadçı Toğrul Vəliyev bildirib ki, taksilərlə bağlı əvvəllər də buna oxşar tələblər var idi: "İndi sadəcə kosmetik əlavələr edildi. Məsələn, rənglə bağlı əvvəlki tələblərdə deyilirdi ki, o, sarı olmalıdır. Amma bu qaydalar o vaxt da işləmirdi, indi də necə işləyəcəyi bəlli deyil".

Ekspert qeyd edib ki, qaydaların riayət olunmasına nəzarət mexanizmi də bəlli deyil: "Bunu hansı qurum və hansı formada həyata keçirəcək? Hər maşını saxlayıb taksi olub-olmadığını soruşacaqlar? Bu, aydın deyil. Ona görə də düşünürəm ki, bu tələblər o qədər də işlək olmayacaq".

T.Vəliyevin sözlərinə görə, ciddi nəzarət olacağı təqdirdə taksi xidmətlərin qiyməti artacaq: "Çünki taksilərin sayı azalacaq. Eyni zamanda, hər taksi üçün post-terminal tələbi var ki, bu o qədər də ucuz deyil. Ona görə də qiymətlərə təsir olacaq".

Ayrı-ayrı iqtisadçıların fikrincə, bütün bu dəyişikliklər bu sahədən çıxan yeni işsizlər yaradacaq.

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Xatırlatma

Azərbaycanda taksilərlə bağlı dəyişikliklər artıq 2023-cü ildən həyata keçirilir.

"Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, taksi sürücüsü tibbi müayinədən keçməli, avtomobilin texniki vəziyyəti yoxlanmalıdır. Eyni zamanda, taksi sürücüləri buraxılış vəsiqəsi əsasında işləməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, bütün bu dəyişikliklər taksi fəaliyyətində tək texniki keyfiyyətə yox, qiymətlərin yüksəlməsinə də səbəb olacaq.

Jurnalist Şamo Eminovun həbsdə vəziyyətinin pisləşdiyi deyilir

Şamo Eminov
Şamo Eminov

"Kanal-13" internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun istintaq təcridxanasında vəziyyətinin pisləşdiyi bildirilir.

Jurnalistin xanımı Dürdanə Eminova dünən, martın 27-də təcridxanada onunla görüşdən sonra bu barədə açıqlama verib.

"Şamonun gözləri qızarmışdı, əlləri əsirdi…", - D.Eminova deyib.

Xanımın sözlərinə görə, bundan əlavə, jurnalistin qaraciyər və mədəsində ciddi problemlər var. Onun vurğulamasına görə, bir neçə gün əvvəl jurnalistin ağzından qan gəlib.

Xanımı Ş.Eminovun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edib.

Bundan öncə isə D.Eminova ərinin əsassız həbs olunduğunu bildirərək ombudsmana müraciət etmişdi.

D.Eminovanın bu açıqlamasına, hələlik, rəsmi qurumlar və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanıb. Məhkəmə onu "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı" (206.3.2) ittihamı ilə istintaq müddətində həbs edib

Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucov da eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.

Ümumilikdə son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Jurnalistlər ittihamlarla razılaşmır, həbslərini peşə fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə jurnalistlərin həbsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. O, uçot faiz dərəcəsini 7,75-dən 7,25 faizə endirib. Faiz dəhlizinin aşağı həddi 6.25-dən 5.75-ə, yuxarı həddi isə 8.75-dən 8.25-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib", - AMB bu gün, martın 28-də bildirib

AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib.

Uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, səlahiyyətli qurum uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək - azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir.

Dövlət Statistika Komitəsinin bu ilin fevral ayı üzrə yaydığı məlumata görə, Azərbaycanda illik inflyasiya 1 faizdən də az olub.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG