Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:04

"Dünyanın heç yerində Mətbuat Şurası belə hərəkət etməz"


Ağcabədidə etirazlar, 12 yanvar
Ağcabədidə etirazlar, 12 yanvar

►"Aksiyaların yeri, vaxtı barədə məlumat vermişdilər, əhalini aksiyalara çağıran məlumatlar yaymışdılar”

Azərbaycan Baş Prokurorluğu bəzi KİV rəhbərlərinə xəbərdarlıq edib ki, ölkədəki etiraz aksiyalarını “əhalinin mövcud vəziyyətdən narazılığı” kimi qiymətləndirməsinlər.

Baş Prokurorluq bildirir ki, onlara bu məlumatı Mətbuat Şurası verib. Qurum “bəzi internet informasiya resurslarında aparılmış monitorinqin nəticələri barədə materiallara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib”, - deyə Respublika Prokurorluğu bildirir.

“Bəzi saytlar aksiyanın təşviqatını aparmışdılar”

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli AzadlıqRadiosuna söyləyir ki, 2013-cü ildə keçirilən qurultay zamanı qurumun səlahiyyəti genişləndirib və onlayn resursların monitorinqini aparmaq imkanı qazanıb:

“Biz onlayn mediada mütəmadi monitorinq aparırıq, etik prinsiplərin pozulduğunu müəyyən etdikdə həmin KİV rəhbərlərini çağırıb bunu onların diqqətinə çatdırırıq”.

Həm də Baş Prokurorluğun diqqətinə çatdırılan monitorinqin nəticəsi yanvarın 14-də açıqlanıb. Müşfiq Ələsgərli deyir ki, onlar bu monitorinqin nəticələri ilə bağlı press-reliz yayıblar:

“Təxminən 10-a yaxın onlayn media qurumunun rəhbəri Mətbuat Şurasına çağrıldı. Devalvasiya ilə bağlı ölkədə yaranmış durum və regionlardakı aksiyalarla bağlı ciddi yanlışlığa yol vermişdilər, bir növ aksiyaların təşviqatını aparmışdılar. Aksiyaların yeri, vaxtı barədə məlumat vermişdilər, əhalini aksiyalara çağıran məlumatlar yaymışdılar”.

Buna da bax: Azərbaycanın reytinqi "zibil" səviyyəsinə salındı

“Ayrı-ayrı şəxslərdən şikayət gəlib”

Müşfiq Ələsgərlinin sözlərinə görə, onlara ayrı-ayrı vətəndaş qurumları, dövlət strukturlarından şikayətlər daxil olub ki, bəzi saytlarda “xalq üsyanına” çağırışlar var.

“Belə media saytlarını müəyyənləşdirərək onların rəhbərlərini çağırıb profilaktik söhbət apardıq”, - sədr müavini deyir.

Bəs bu araşdırmanın nəticələri prokurorluğun masasına necə gedib çıxıb? Müşfiq Ələsgərli deyir ki, Mətbuat Şurası qanunun pozulması halları baş verdiyi üçün Baş Prokurorluqdan xahiş edib ki, bəzi KİV rəhbərlərini çağırıb onlara “qanunu izah etsin, hansı qanuni halları pozduqları bildirilsin və gələcəkdə hərəkətləri barədə hüquqi ölçü götürülməməsi üçün tövsiyə xarakterli söhbət aparılsın”.

Buna da bax: Hamilə qadınların qorxulu yuxusu - Zika virusu (İnfoqrafika)

“Bunu mətbuata basqı kimi qiymətləndirirəm”

Zahir Əzəmət
Zahir Əzəmət

Baş prokurorluğun xəbərdarlıq etdiyi KİV rəhbərlərindən biri, “qaynar.info” portalının baş redaktoru Zahir Əzəmət aksiyalarla bağlı yaydığı xəbərlərdə hər hansı qanun və ya etik pozuntuya yol vermədiklərini söyləyir.

Onun sözlərinə görə, aksiya barədə xəbərləri başqa media orqanlarına istinadla yayıblar:

“Bunu mətbuata basqı kimi qiymətləndirirəm. Mən prokurorluqda da dedim ki, biz aksiya xəbərlərini verərkən heç bir etik prinsipi və ya qanunu pozmamışıq”.

“Bəs bundan sonra aksiya xəbərlərini verəcəksizmi?”, sualının cavabında Zahir Əzəmət deyir ki, onlar öz işlərini qanun çərçivəsində qurublar və o cür də davam edəcəklər:

“Bu aksiyalara adamları təşviq edən, onu təşkil edən biz olmamışıq. Hamı necə xəbər veribsə, biz də elə vermişik. Özü də başqasına istinadla. Mətbuat Şurası bilmirmi ki, ilk növbədə, ilk mənbə araşdırılmalıdır? Amma xəbəri ilk yayanları yox, bizi prokurorluğa çağırırlar”.

“Dünyanın heç bir yerində Mətbuat Şurası nəticələri prokurorluğa təqdim etməz”

Hər bir təşkilat monitorinq keçirə bilər, ancaq dünyanın heç bir yerində Mətbuat Şurası nəticələri prokurorluğa təqdim etməz. “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev belə düşünür. O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, Mətbuat Şurasının media ilə bağlı, xüsusilə, siyasi mahiyyət kəsb edən məsələni prokurorluq səviyyəsində həll etmək istəməsi artıq səlahiyyət yox, prinsip və mənəviyyat məsələsidir:

“Məncə, Mətbuat Şurası bunu edirsə, burda çox ciddi zədə var”.

XS
SM
MD
LG