-
SOCAR Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı K.Mehdiyevanın Türkiyədə 20 milyon dollar dəyərində 16 villa alması haqda məlumatların əsassız olduğunu bildirir. Bununla bağlı bəyanat qurumun saytında yerləşdirilib.
BİZNES ETİKA MƏCƏLLƏSİ POZULMAYIB
Bəyanatda KİV-də yayılan məlumatın SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi tərəfindən araşdırıldığı və qurumun müəyyənləşdirdiyi Biznes Etika Məcəlləsinin pozulmadığı deyilir.
Komitə «yoxlanılmamış məlumatlar»ın KİV-də yayılmasını SOCAR-ın «işgüzar nüfuzuna, yerli və beynəlxalq layihələrin reallaşdırılmasına mənfi təsir göstərə biləcək risk» kimi qiymətləndirib.
SOCAR KİV-i yoxlanılmamış məlumatları yaymamağa, xüsusilə də «ictimaiyyətdə yanlış təsəvvürün yaradılmasına gətirib çıxaran hərəkətlərə» yol verməməyə çağırır.
KİV-Ə ÇAĞIRIŞ
«Qiymət Mehdiyevin… aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini.. ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdir», - bəyanatda deyilir.
SOCAR «işgüzar nüfuzunun müdafiəsi üçün böhtan xarakterli məlumatlar yayan» KİV-ə qarşı zəruri hüquqi addımlar atacağını da bildirir.
virtualaz.org saytı yanvarın 23-də Q.Mehdiyevin həyat yoldaşı Könül Mehdiyevanın Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 1.2 hektar torpaq sahəsi alması haqda məqalə dərc edib. Məqalədə K.Mehdiyevanın bu əmlakları almaq üçün 20 milyon dollar ödədiyi bildirilir. Qiymət Mehdiyev ertəsi günü bu məlumatları təkzib edib.