Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:31

Putin Merkel-i gözdən salmaq istəyir


Vladimir Putin və Angela Merkel.
Vladimir Putin və Angela Merkel.

-

«Newsweek» Karneqi Fondundan Judy Dempsey-nin məqaləsini dərc edib. Müəllif Rusiya təbliğat maşınının indi də vaxtilə Rusiyanın Avropada ən yaxın müttəfiqi sayılan Almaniyanı hədəfə aldığını yazır. Hələ kansler Angela Merkel Suriya qaçqınlarını barədə qərar verəndə, Rusiya mediası bu «açıq qapı» siyasətinə qarşı çıxanlara geniş yer ayırırdı.

«Ancaq son günlər Rusiya dövlət mediası bir başqa xətt götürüb. Onlar Almaniyadakı 1.2 milyonluq etnik rusdan istifadə edirlər, ruslar Merkel-in siyasətini pisləyirlər. Bu icma ksenofob olmasa da, mühafizəkar baxışlarıyla tanınıb. Antiislam «Pegida» hərəkatının nümayişlərində də etnik ruslar iştirak edir».

«Ola bilsin, Rusiya rusdillilərdən istifadə edərək Merkel-ə daha artıq müxalifət yaratmağa çalışır. Baltik ölkələrindəki etnik ruslarla bağlı da belə edirdi. Merkel həm Almaniyada yaşayan ruslar, həm də Rusiyanın özündə olanlar üçün asan hədəfdir. O, AB-nin Rusiyaya sanksiyalarının saxlanmasına nail olub. Ancaq qaçqın böhranının Avropanı parçalaması və zəiflətməsi Merkel-in işlərini də çətinləşdirir».

Rusiyalı jurnalistin 13 yaşlı qızının miqrantlar tərəfindən zorlanması xəbəri Almaniyadakı rusların etirazını doğurub. Ancaq Berlin polisi qızın nə oğurlandığını, nə də zorlandığını bildirib. Jurnalist də qızışdırmada şübhəli bilinərək polisə çağırılıb. Amma xarici işlər naziri Sergei Lavrov da Moskvada mətbuat konfransında Lisa-nın məsələsinə toxunub. Almaniya rəsmiləri isə məsələni siyasiləşdirməyin yolverilməz olduğunu bildirib.

«Məsələ daha dərindir. Rusiya təbliğatla AB-nin ümumi mövqelərini, birliyin özünü zəiflətməyə çalışır. Rusiyanın avroskeptik ifrat-sağçı hərəkatlar və partiyaları maliyyələşdirməsi barədə məlumatlar var. Bu qruplar Avropanın insan haqları, ləyaqət və media azadlığı kimi təməl dəyərlərinə meydan oxuyurlar», - müəllif yazır.

İran parlamenti.
İran parlamenti.

İRANDA MÖTƏDİLLƏR TƏZYİQ ALTINDA

«The New York Times» qəzeti gələn ay İranda gözlənilən seçkilərin mötədillər üçün yaxşı bir şey vəd etmədiyini yazır. Onlar artıq siyasi və sosial azadlıqlar, Qərblə yeni münasibətlər istəyirlər. Ancaq dünya gücləri ilə nüvə sazişinə qarşı çıxmış sərt xətt tərəfdarları prezident Hassan Rouhani-nin rəhbərlik etdiyi mötədillərlə acı mübarizəni davam etdirirlər.

Fevralın 26-da iranlılar 290 nəfərlik parlamenti və 88 üzvü olan Ekspertlər Şurasını seçəcəklər. 12 min nəfər seçkidə iştirak üçün namizədliyini verib. Bu, 2012-ci ildəkindən iki dəfədən də artıqdır. Hələ 7 min nəfərin namizədliyi də qeydə alınmayıb. Ötən həftə 9 islahatçı partiya bildirib ki, 3 min mötədil namizəddən yalnız 30-u qeydə alınıb.

«İranda real demokratiyaya yaxın bir şey yoxdur. Cənab Rouhani İran isteblişmentindən çıxıb. Ancaq ölkənin təcridinə son qoymaq üçün əhalinin dəstəyini qazanıb... İranın bir sıra dövlətlərlə biznes sazişləri imzalamasına baxmayaraq, Rouhani hələ seçki vədlərinə əməl etməli, azad söz, siyasi məhbusların buraxılması kimi təməl azadlıqları bərpa etməlidir», - yazan qəzet İranın gənclər daxil olmaqla məhbusların edamı üzrə lider olduğunu vurğulayır.

Səudiyyəli qadın
Səudiyyəli qadın

SƏUDİYYƏ QADINLARI İŞ BAŞINA

«Foreign Policy» yazır ki, Səudiyyə Ərəbistanında daha çox qadının işləməyə başlaması bu ölkədə sosial normaları dəyişir, nikahları da silkələyir.

Zakia Attar deyir ki, işi indi onun əri ilə münasibətini tənzimləyir: «O, mənə hörmət etməyə başlayıb. Deyir ki, arvadım dəyərlidir, istedadlıdır, mənə pul qazanır. Əvvəllər mən, sadəcə, arvad, aşpaz, dayə idim».

Yazıda vurğulanır ki, nə vaxtsa Attar-ın hekayəti Səudiyyə üçün mümkünsüz görünərdi. Ancaq Kral Abdullah qadınlara işləməyə icazə verdi. Bu gün krallıqda qadınlar mağazalarda işləyir, bizneslə məşğuldur, texnologiya şirkətlərinə, start-ap layihələrinə girişib. 2010-cu ildən bəri qadın işçilərin sayı 48 faiz artıb. Qadınlar arasında işsizlik isə 33 faizdir. Yəni getdikcə daha çox səudiyyəli qadın evdən çıxıb işə gedir.

Nə vaxtsa işləyən qızla evlənmək yasaq idi, belə çıxırdı, ailəsi onu saxlaya bilmir. İndi isə, əksinə, subaylar işləyən qadın axtarır, çünki ailəyə iki mənbədən qazanc gəlir. Ötən ilin birinci rübündə Səudiyyə Ərəbistanında 1.9 milyon işləyən qadından 1.3 milyonu ailəli olub.

Ana.
Ana.

ANA SÜDÜ 800 MİN UŞAĞI ÖLÜMDƏN QURTARAR

«Əgər hər bir ana uşağını südlə əmizdirsəydi, bu, ildə 800 min uşağın həyatını xilas edərdi. Ancaq hökumətlər südlə əmizdirməni yetərincə təbliğ etmir, dəstəkləmirlər». Bunu «Lancet» sağlamlıq təşkilatının yeni yaydığı tədqiqat üzə çıxarıb. «The Guardian» qəzeti həmin araşdırmaya istinadla yazır ki, süd əmən uşaqların IQ əmsalı yüksək olur, onlarda ölüm və infeksiyaya yoluxma halları azalır. Bu müqayisə daha qısa müddətə süd əmən uşaqlarla aparılıb. Ana südüylə böyümə gələcəkdə diabet xəstəliyinin, artıq çəkililiyi də əngəlləyir.

Ancaq bütün bu üstünlüklərinə baxmayaraq, altı aylıq və daha kiçik körpələrin yalnız 37 faizi ana südü əmir. Bu göstərici aşağı və orta gəlirli ölkələrə xasdır. Belə ki, həmin ölkələrdə qadınlar lazımi dəstək ala bilmədiklərindən ya işə, ya təhsilə davam edirlər.

Ümumdünya Səhiyyə Təşkilatından Dr. Nigel Rollins deyir ki, əmizdirmə problemi təkcə qadının məsuliyyəti deyil: «Onun südvermə qabiliyyəti ətrafdakıların dəstəyi ilə formalaşır. Qadınları siyasət və proqramlarla dəstəkləmək hökumətlərin, cəmiyyətin işidir».

Yeni doğulanların 80%-i ana südü əmir, ancaq körpə böyüdükcə, bu göstərici düşür. Ancaq bir şey də var ki, yüksəkgəlirli ölkələrə baxanda, yoxsul ölkələrdə qadınlar daha çox döşlə əmizdirməyə üstünlük verir. Gəlir artdıqca, əvəzləyici südü seçirlər.

XS
SM
MD
LG