Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Ali məktəbə qəbul və buraxılış imtahanları birləşdirilə bilər


İmtahan
İmtahan

-

«Azadlıq» yazır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qəbul imtahanları ilə bağlı gözlənilən yeniliklərdən danışarkən imtahanların heç olmasa, 5 fənn üzrə keçirilməsinin zəruri olduğunu deyib. O bildirib ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, dünyanın bir sıra ölkələrində buraxılış imtahanlarıyla qəbul imtahanları birləşdirilmiş formada həyata keçirilir: «Sadəcə, buraxılış imtahanı ilə qəbulu ona görə aparırlar ki, orta məktəblərdə təhsilin səviyyəsini yoxlasınlar. Eyni zamanda, qəbul imtahanını ali məktəbə seçim etmək üçün aparırlar. Bizdə isə bu iki imtahanın birləşdirilməsi müəyyən xərcləri azaltmaq məqsədilədir. Onun təhsil sahəsi üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Hər halda, bunu mənfi addım kimi də qiymətləndirmək olmaz. Belə bir forma gec-tez olmalıydı. Lakin bunun mexanizmlərini hazırlamayıblar. Mexanizmi hazırlayandan sonra bu formanı reallaşdırmaq olardı».

Ekspertə görə, qərar müəyyən xərclərin azaldılması üçün yuxarıdan verilib, başqa bir məqsəd yoxdur.

Rəşad Həsənov
Rəşad Həsənov

BANK SEKTORUNDA İNQİLABİ DƏYİŞİKLİKLƏR BAŞLANIR

mövqe.az bank sektorunda «mühüm dəyişikliklər»ə toxunur: «Fəaliyyəti tələblərə cavab verməyən 4 kommersiya bankı artıq bağlanıb. Bundan başqa, mövcud situasiyanın tələblərinə cavab vermək üçün 7-8 bankın da konsolidasiya olacağı proqnozlaşdırılır. Görəsən, hazırda gedən bu proseslər bank sektoruna nə vəd edir?», - deyə yazıda sual edilir.

İqtisadçı ekspert Rəşad Həsənov kommersiya bankları ətrafında hazırda gedən prosesin bank sektorunun inkişafına hesablandığını bildirib: «Bundan sonrakı dövrdə də bankların bağlanması prosesinin davam edəcəyini düşünürəm. Daha 4-5 bankın da bağlanma ehtimalı var. Bankların bağlanması, digər bankların da konsolidasiyaya getməsi əvvəlki dövrlərdə daim hökumətə təklif edilən variantlardan biri idi».

Ekspert hesab edir ki, bankların birləşməsi aktivlərin həcmini artıracaq ki, bu da son nəticədə onların beynəlxalq kredit reytinq dərəcələrinə müsbət təsir göstərəcək: «Habelə sonrakı dövrdə daha ucuz pul-kredit siyasəti həyata keçirmələrinə şərait yaradacaq, fəaliyyət sferalarını şaxələndirərək yalnız pul satışı ilə gəlir əldə etmək deyil, digər bank xidmətlərini də ölkəmizə gətirməklə gəlir götürmək imkanlarını artıracaq».

Tikinti
Tikinti

TİKİNTİ BUMU YENİDƏN BAŞLAYA BİLƏR

«Yeni Müsavat» paytaxt Bakıda yeni tikinti bumu başlaya biləcəyindən yazır: «Ölkə başçısının son müşavirədəki çıxışında yeni tikinti layihələrinin həyata keçirilməsi, bunun üçün sahibkarlara güzəştlərin tətbiq olunması, ipoteka şərtlərinə dəyişiklik edilməsi ilə bağlı mesajlar da yaxın zamanlarda paytaxtda yeni tikinti dalğasının start götürəcəyini deməyə əsas verir».

Tikinti-əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı «Yeni Müsavat»a deyib: «İndiki halda əsas məqsəd tikinti tempini artırmaq, bu sahəyə investisiya qoyuluşları üçün normal şərait yaratmaq, investisiya cəlbediciliyini artırmaq üçün sənədləşmə işlərində müəyyən qədər güzəştlərə getmək, tikintiyə verilən icazələrin sayını azaltmaq və sair məsələlər həyata keçirilməlidir».

Tikinti sektorunda sahibkarlara yaradılan süni əngəllərə toxunan ekspert bu sahədə islahatların aparılmasının vacibliyini də vurğulayıb. O, tikinti üçün lazım olan icazələrin çoxluğunun bürokratik əngəllər yaratdığını, xərcləri artırdığını düşünür. «Bu da tikinti sektoruna marağın azalmasına səbəb olur... Hesab edirəm ki, bu sahədə kompleks addımlar atılmalı və ciddi islahatlara gedilməlidir», - ekspert söyləyib.

Biləsuvarda zavod.
Biləsuvarda zavod.

DÖVLƏT ƏHALİNİN İŞLƏ TƏMIN EDİLMƏSİ ÜÇÜN LAZIM OLAN BÜTÜN TƏDBİRLƏRİ GÖRÜR

«Azərbaycan» qəzeti İlham Əliyevin 2003-cü ildə prezident seçkilərinə qatılarkən verdiyi vədi - 600 mindən çox iş yeri açacağı haqda dediklərini yada salır: «Əhalinin məşğulluğunun təmin edilməsi barədə vəd etdiyi rəqəmdən daha çox iş yerlərinin açılmasına nail oldu».

Qəzet əhalinin məşğulluğunun təmin edilməsində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının mühüm rol oynadığını bildirir: «İşsizliyin səviyyəsi bölgələrdə yüksək idi. Bu səbəbdən regionlardakı əməkqabiliyyətli əhali iş axtarmaq üçün Bakıya gəlirdi. Bölgələrin inkişaf etdirilməsi ilə bağlı qəbul edilən dövlət proqramlarından sonra burada çoxsaylı sənaye, emal, kənd təsərrüfatı, turizm və digər obyektlər tikilərək istifadəyə verildi, əməkqabiliyyətli əhali işlə təmin olundu».

«Azərbaycan» ötən il sahibkarlara 248.5 milyon manat güzəştli kredit verildiyini və bu kreditlər hesabına 12 min 600-dək yeni iş yerinin açılmasına şərait yarandığını bildirir: «84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb, eyni zamanda, müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, xalçaçılığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən müvafiq addımlar atılacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG