Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

«Azərbaycan neftdən asılılığın bədəlini ödəyir»


Richard D.Kauzlarich
Richard D.Kauzlarich

-

«World Politics Review» portalı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard D.Kauzlarich ilə müsahibə dərc edib. Yazıda yanvarın ortasında ölkədə qiymət artımına qarşı keçirilən, 55 nəfərin saxlanmasıyla nəticələnən etiraz aksiyaları xatırlanır.

Səfir qlobal enerji qiymətlərinin düşüşünün Azərbaycan iqtisadiyyatına təsirini izah edir və vurğulayır ki, indiki durum iqtisadiyyatın 20 ildən çox enerji gəlirlərindən asılılığının göstəricidir. Prezident İlham Əliyev əksini iddia etsə də, belədir.

«Azərbaycanın son 20 ildə enerji sektorundan nə qədər gəlir əldə etdiyi və bunun necə xərcləndiyi açıqlanmır. Bu müddət ərzində, ola bilsin, 100 milyard dollar qazanılıb. Bu vəsaitin böyük hissəsi müdafiə xərclərinə gedib; daha sonra meqa-tikinti layihələrinə, yol infrastrukturuna sərf olunub. Qalanı isə korrupsiyaya uğramış biznes vasitəsilə hakim elitanın əlinə keçib. Bu qanunsuz pul axını on milyardlar dollarla ölçülür. Bu gəlirin kiçicik bir hissəsi isə Bakıda saxta bir çiçəklənmə görüntüsü yaradıb. Bakı aeroportundan şəhərə aparan yolun arxasında, bölgələrdə bu gəlhagəlin çox cüzi izləri hiss olunur», - səfir qeyd edir.

Cənab Kauzlarich hökumət mənbələrinə rəğmən, iqtisadiyyatda ciddi şaxələndirmənin həyata keçirilmədiyini vurğulayır: «Bank sektorundakı ciddi böhran qeyri-neft sektorunun necə kövrək olduğunu, enerji pullarından asılılığı üzə çıxardı. Qısası, Azərbaycan bir on il boyu enerji gəlirlərini havaya sovurdu. İqtisadiyyatı şaxələndirmək əvəzinə, pulları müdafiəyə, prestijli layihələrə və kütləvi korrupsiyaya səpələdi».

Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

ERDOĞAN TÜRKİYƏNİ NECƏ ZƏİFLƏDİR

«Beş il öncə «Ərəb baharı» baş qaldıranda, Türkiyənin də dövranının gəldiyi görünürdü. İllər boyu Avropa Birliyinə üzvlük danışıqları ilə alçalan ölkənin baş naziri (indiki prezidenti) Recep Tayyip Erdoğan-ın Türkiyənin qürurunu bərpa edəcək, etibarlılığını artıracaq bir planı vardı. Yaxın Şərqdə qarışıqlığın nizamlanmasına da kömək edəcəkdi. Ancaq demək artıqdır, işlər plan üzrə getmədi». Bunu «Project Syndicate» portalında siyasət elmləri professor Dominique Moisi yazır.

Müəllifin fikrincə, Türkiyə, əslində, dəyişiklik gətirəcək bir mövqedə idi. İşlək demokratiyası vardı, bazar iqtisadiyyatı çiçəklənirdi, zəngin mədəniyyətə malik Türkiyə özünü regiona cəlbedici iqtisadi, sosial və siyasi model kimi təqdim edə bilərdi:

«Ancaq elə o zaman da narahatlıq doğuran səbəblər yox deyildi. Artıq belə bir təəssürat varıydı ki, Erdoğan hakimiyyəti əlində cəmləşdirəcək, Türkiyə demokratiyasına, həmçinin özünün regional liderlik ambisiyalarına zərbə vuracaq. Gözlənilən kimi də oldu».

Müəllif Erdoğan-ın nüfuzunun da getdikcə zəiflədiyini qeyd edir. Regiondakı gərginlik Türkiyənin dərin problemlərini, özəlliklə də kürd məsələsini qabartdı:

««Ərəb baharı»nın demokratiya xülyası qarışıqlığa, sonra da zorakılığa çevrildiyi kimi, Erdoğan-ın arzusu da puç oldu».

Müəllif prezidentin bütün bunlardan dərs çıxarmadığını, hakimiyyəti qəsb cəhdlərini gücləndirdiyini deyir. Reallıqda isə Türkiyə getdikcə diplomatik gücünü itirir və terrorçuluq hədələrinə daha artıq açılmış olur.

Concepcion Picciotto
Concepcion Picciotto

AĞ EVİN QARŞISINDA ON İLLƏRLƏ PİKET KEÇİRƏN QADIN ÖLÜB

30 ildən çox Ağ Evin qarşısında dinc aksiya keçirən Concepcion Picciotto adlı qadın yanvarın 25-də Vaşinqtonda evsiz qadınlar üçün sığınacaqda dünyasını dəyişib. Onun 80 yaşında öldüyü güman edilir.

«The Washington Post» yazır ki, qadın bu yaxınlarda yıxılıbmış, ancaq ölümünün səbəbi dəqiq bəlli deyil.

Çoxlarının «Connie» və ya «Conchita» dediyi xanım Picciotto Pensilvaniya prospektində nüvə silahlarının yayılmasına qarşı piket keçirirdi. O, 2013-cü ildə «The Washington Post»a deyib ki, «dünyanın dağılması»nı əngəlləməkdən ötrü ömrünün 30 ilindən çoxunu Ağ Evin qarşısında keçirib. Ümidvar olduğunu bildirirdi ki, digərlərini də müharibələri, zorakılığı dayandırmaq naminə bacardıqlarını həyata keçirməyə sövq edəcək.

Balacaboy bu qadın başını daim bağlayır, boğazına da şərf dolayırdı. Ancaq Vaşinqtonun özündə ona münasibət birmənalı olmayıb. Fəallar onu «qəhrəman» adlandırıb. Ancaq tənqidçilər, bəzən yoldan keçənlər onu başdanxarab sanırdılar. Picciotto hökumətin təqiblərinə məruz qaldığını da deyir, fiziki problemlərinə görə hökuməti məsul sayırdı.

Bu qadınla birlikdə on illər boyu piket keçirmiş Ellen Thomas 2013-cü ildə qəzetə deyirdi ki, həqiqət haradasa ortalıqdadır. O, xanım Picciotto-nun əqli sağlamlığıyla bağlı «həll olunmamış problemlər»in qaldığını deyir, ancaq qadını fədakarlıq və qətiyyətinə görə alqışlayırdı.

XS
SM
MD
LG