-
Azərbaycan Ələtdə yeni azad iqtisadi zonanın yaradılmasına 1 mlrd. ABŞ dolları cəlb edə bilər. Yeni azad iqtisadi zonanın qəsəbədə inşa olunan Bakı limanı ətrafında tikilməsi nəzərdə tutulur.
Bu barədə «Report»a «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, layihənin ilkin konseptual planı hazırlanıb və dövlət başçısının rəyi gözlənilir.
«Hesab edirik ki, orada Honkonq kimi böyük iqtisadi canlanma üçün azad iqtisadi zona yaradıla və bu, qeyri-neft sektoruna təkan verə bilər. Bu, regionda yükaşırma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox lazımlı zona olacaq. Bilavasitə limandan istifadə oluna biləcək», - T.Ziyadov qeyd edib.
İnvestisiyanın mənbəyinə gəlincə, Limanın baş direktoru deyib ki, sərmayə dünya praktikasına görə, infrastruktura dövlət tərəfindən, qalan hissəsi isə biznes dairələr tərəfindən yatırılır: «İnanırıq ki, ilk illərdə investisiyaların həcmi 1 milyard dollara çata bilər».