-
Bakının Qurd Qapısı adlanan ərazisində gül-çiçək satan Həsən dayı bu günlərdə daha çox qərənfil satışına üstünlük verir. Deyir ki, 20 Yanvar ərəfəsində güllərin içərisində ən çox satılanı qərənfildir:
«Hər səhər saat 9-dan gəlirəm bura. Çiçəkləri səliqə-sahmana salıram, sulayıram. Müxtəlif rəngli qərənfillər var. Amma demək olar ki, ən çox qırmızı rənglisini alırlar. Uzun illərdir ki, heç gəlib «mənə 1 buket qərənfil bağla» deyən olmayıb. Bu güldən cüt-cüt alıb məzarlığa aparırlar. Əslində çox qəşəng çiçəkdir. Həm gec solur, həm də özü gözəldir. Ancaq nə etmək olar, tale elə gətirdi ki, funksiyasını dəyişdi».
«DÜŞƏR-DÜŞMƏZİ OLAR»
Adətən 20 Yanvar qabağı qərənfilin qiymətində azca dəyişiklik də olur. Bunu da Həsən dayı söyləyir:
«Amma hələ ki, heç bir dəyişiklik yoxdur. Elə 60 qəpiyə satırıq. İndi çox alıcı da yoxdur. Yəqin ki, ayın 20-də çox satılar. Bu da bir qədər pis səslənir, sanki qərənfilin çox satılması üçün 20 Yanvarı gözləyirmişəm kimi çıxır. Amma yəqin ki, məni səhv anlamazsınız. Necə ki, 8 Martda qızılgül çox satılır, həmin günün də «qəhrəman»ı qərənfildir. Hamımız bir tikə çörək üçün çalışırıq. Çox istəyərəm ki, hansısa xanım həyat yoldaşı ilə yaxınlaşıb «mənə qərənfil al» desin. Bir dəfə gül alan bir bəyə təklif elədim. Dedi, «qorxuram, dayı, düşər-düşməzi olar»».
Həsən dayı deyir, yolboyu bir neçə yerdə gül satılsa da, müştəri daha çox bir məkana gəlir:
«Bu sırada ən çox qəbiristanlığın yanındakı gül dükanında alver yaxşı olur. Çünki ora məzarlığa yaxındır. Doğmalarının məzarını ziyarətə gələnlər elə o dükandan alıb gedirlər...».
Sabah 20 Yanvar faciəsinin 26 ili tamam olur. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet rejimi Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün Bakıya qoşun yeritdi. Əməliyyat zamanı 130-dan çox adam öldürüldü, 700-dən çox adam yaralandı.
Hər il minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edir, həmin günün qəhrəmanlarını anır.