Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:00

Bəs bu pulların qalanı hanı? Hamı ciblərini çevirsin


-

“Bəs deyirdiniz sonuncu qəpiyəcən bizə təhvil vermisiz, elə isə bu birqəpik haradan çıxdı bəs? Sizin heç birinizin bir qəpiklik dəyəriniz yoxdur!"

Firuz Mustafa

BIR QƏPİK

Firuz Mustafa
Firuz Mustafa

Bəzən məni çox gərəksiz adamlarla müqayisə edirlər. Məsələn, bir də görürsən deyirlər ki: “Filankəsin bir qəpiklik adamlığı yoxdur”. Guya “bir qəpiklik” heç şeyə yaramayan dəyərsiz bir pul vahididir. Açığı, bu cür sözlər mənim xətrimə dəyir.

Mən birqəpikliyəm, daha doğrusu, bir qəpiyəm. Elə sifətimə də məhz bu cür yazılıb: “1 qəpik”. Vəssalam.

Mən milli pul olsam da, xaricdə dünyaya gəlmişəm. Yox, istehzanız yerinə düşmür, bağışlayın, bic-zad deyiləm. Özüm də təpədən-dırnağacan milliyəm, xəlqiyəm, vətənpərvərəm. Amma soydaşlarım məni nədənsə lazımi səviyyədə qiymətləndirmirlər. Mən bu etinasızlıqdan hiddətlənsəm də, öz qiymətimi hamıdan yaxşı bilirəm.

Mənim çox mənalı, şərəfli tərcümeyi-halım var. Danışım, siz də qulaq asın.

Bu dünyaya gələndən az sonra məni və dostlarımı iri-iri torbalara doldurub, sonrasa o torbaların ağzını bərk-bərk tikib vaqonlara yüklədilər. Vətənə çatandan sonra bizim hərəmizi bir ünvana göndərdilər. Mən bir müddət öz birqəpiklik dostlarımla anbarda yatası oldum.

Sonra elə gəldiyim torbadaca məni maaşların paylandığı bir idarəyə apardılar. Maaş paylayan qadın məni dəfələrlə işçilərdən hansına təklif etdisə də, onun bu səyindən bir şey çıxmadı: nədənsə heç kəs məni götürmək istəmirdi, halbuki iri qəpikləri və şax-şax şaqqıldayan kağız pulları az qala hamı havadaca qapırdı.

Bir bu adamlara bax! Ay sizi öləsiz! Qudurublar! Vicdansızlar! İndi məni bəyənmirlər, amma ayrı vaxt özlərinin yerli-dibli olmayan vicdanlarına and içib deyirlər ki, cibimizdə bir qəpik də yoxdur. Elə olmasa yaxşıdır. Sizə bu da azdır! Siz nəinki bir qəpiyə, heç yarımqəpiyə də layiq deyilsiz.

Nə isə... Mən bütün günü kassanın bir küncünə qısılıb qaldım. Qadın, maaşı paylayan hikkəli xanımı deyirəm, o biri pullar paylanıb qurtarandan sonra məni götürüb otağı silib-süpürən qarının ovcuna basdı. Qarı məni laqeydcəsinə götürüb deyinə-deyinə cibinin dərinliyinə atdı.

Məktəb
Məktəb

O, evə gələndə məni nəvəsinə təhvil verdi: “Götür, ay bala, bu qəpiyə özünçün dəftər-qələm alarsan”. Uşaq məni bir az atıb-tutandan sonra cibinə qoydu.

O, yəni şagird oğlan, səhərisi gün məktəbə gedəndə sinif rəhbəri vur-çatlasın “süpürgə fondu” və “dəftər üzü” üçün pul yığırdı. Oğlan məni cibindən çıxarıb müəlliməyə verdi. Müəllimə məni direktora ötürdü.

Direktor məni o biri pullara qatıb təhsil şöbə müdirinə təhvil verdi. Təhsil şöbə müdiri məni görəndə bərk əsəbiləşdi, amma nədənsə geri qaytarmadı, götürüb başını bulaya-bulaya öz nəhəng cibinə qoydu.

Az sonra təhsil şöbə müdirini harasa çağırdılar. Otaqdan çıxan kimi mənim də mənsub olduğum bu qəhrəman xalqın bir milli dilənçisi onu yaxaladı. Təhsil şöbə müdiri tez əlini cibinə saldı, məni çıxarıb dilənçinin sarı mis camına atdı.

Mən sonralar bildim ki, şəhərdəki bütün milli dilənçilərin sarı camı varmış və bu sarı camları onlara polis işçiləri paylayıbmış. Başqa yerləri bilmirəm, amma yüz faiz əminəm ki, mənim gözəl şəhərimdə bütün böyük kəşfləri polislər edirlər.

Elə həmin günün axşamı bayaq haqqında danışdığım həmin milli dilənçi məni sarı camla birlikdə polis nəfərinə təhvil verdi. Polis bir az deyinib camdakı bütün iri pulları götürdü və onları oturacağın altından çıxartdığı torbaya yığdı.

Deyəsən, mənim parıltım polisin xoşuna gəldi və görünür, elə bu səbəbdən də o, mənim o üz, bu üzümə bir xeyli baxdı, nəsə fikirləşib cibinə atdı və sarı camı təzədən dilənçiyə qaytardı.

Mən bir qəpikliyəm. Siz artıq bunu bilirsiniz. Mən öz vətənimi, öz xalqımı sevsəm də, nədənsə həmvətənlərim məni heç vaxt lazımi səviyyədə sevməyiblər.

Mən bunu elə ilk gündən hiss etmişəm. Məhz elə bundan - mənə göstərilən etinasızlıqdan bərk hiddətlənərək qərara aldım ki, gərək var gücümlə mübarizə aparıb öz hüququmu qoruyum, iri pulların hökmranlıq etdiyi meşşan mühitində özümü təsdiq edib ən yüksək səviyyəyəcən qalxım.

Amma bu cür yüksəliş üçün gərək “yuxarıların” diqqətini cəlb edəsən! Bəli, bəli, xırda pullar da xırda adamların taleyini yaşayır, onları öz yaşadıqları mühitin zirzəmisindən, yəni həyatın dibindən yalnız güclü əllər çəkib çıxara bilər.

Gör bir nə günə qalmışam ki, məni dilənçiyə qismət edirlər! Ay-hay!.. Mənə də birqəpiklik deyərlər! Mən cibdən-cibə keçdikcə əməlli-başlı sürtülür, par-par parıldayırdım.

Get-gedə mənə diqqət və hörmət artmağa başlamışdı: əlbəttə ki, parıltıma görə. Hə də, mənim özümün də mənsub olduğum bu sadə, gözütox millət parıltını çox sevir.

Görünür, elə bu parıltıma görə artıq sizin də qiyabi tanıdığınız polis nəfəri günlərin bir günü məni, artıq haqqında məlumatlı olduğunuz dilənçinin əlindən qapıb axşam şöbədə “təhvil-təslim” prosedurası zamanı öz rəisinə təhvil verdi, o, yəni rəis, başqa pulları cibinə qoyduqdan sonra mənə qıyqacı baxaraq zarafatla dedi:

“Ə, bu lap qızıl pula oxşayır ki! Bəh-bəh!” Bunları deyəndən sonra rəis məni, paqon və düymələri mənim sifətim kimi par-par yanan kitelinin döş cibinə atdı.

Həmin günün axşamı o, lap böyük rəisinin bağına getdi. Kağız pullar çamadanda idi. Rəis kağız pulları sayıb, lap böyük rəisə təhvil verdi.

Sonra onlar bağda, ağacın altındakı stolun ətrafında əyləşib ölkədəki kriminogen vəziyyəti həvəs və şövqlə təhlil etməyə başladılar.

Lap böyük rəisin balaca nəvəsi yaxınlıqda oyuncaqlarla oynayırdı.

Polis
Polis

Rəis məni kitelin döş cibindən çıxarıb iki dəfə havada atıb-tutandan sonra lap böyük rəisin nəvəsinin oyuncaq maşınlarından birinin kuzovuna atdı.

Mən özünəməxsus ədalı bir tıqqıltı ilə kuzovun içinə tullanıb nazlana-nazlana fırlanmağa başladım.

Lap böyük rəisin gözü məni o dəqiqə aldı. Lap böyük rəis olasan, özün də qəpiyə güllə atmayasan?! Özü də mənim kimi par-par yanan qəpiyə! Bu, heç inanılası iş deyil...

Lap böyük rəis əyilib məni oyuncaq maşının kuzovundan götürdü, o üz-bu üzümə baxıb mundirinin dərin cibinə atdı və gülə-gülə dedi: “Bu, nə əntiqə şeydir, ə! Sabah yuxarılara gedəsiyəm, birdən lazım olar...”

Lap böyük rəis həqiqətən həmin günün ertəsi böyük bir binaya dəvət edildi. Orada iclas gedirdi. Stolun üstündə qalaq-qalaq kağız pullar vardı.

Hamı bu pulların gətirdiyi ağır fəlakətlərdən nifrətlə danışırdı. Amma mən hiss edirdim ki, buradakıların heç biri pula nifrət etmir, əksinə, onların hamısı stolun üstünə qalaqlanmış pullara hərisliklə baxıb onu ələ keçirmək istəyirlər.

Sən demə, bizdə lap böyük rəisdən də böyük rəislər varmış! Bizim kimi yetimlərə - birqəpikliklərə əsl hörmət elə burada - “böyüklər” yanında imiş!

“Xırdalar” bizi xırda bilirmiş! Sağ olsun “böyüklər”! İclası aparan şəxs pulları öz otağındakı iri bir seyfin içində üst-üstə yığıb qəzəblə toplantı iştirakçılarından soruşdu:

“Bəs bu pulların qalanı hanı?” Hamı susdu. Həmin şəxs – lap böyük rəisdən də böyük rəis, bu dəfə lap ucadan dedi:

“Cənab lap böyük rəis, bəs hanı o qalan pul?” Yenə otağa ağır bir sükut çökdü. İclası aparan şəxs hiddətlə dedi: “Hamı ciblərini çevirsin!”..

Bircə anda ciblərin astarı üzünə çevrildi. Lap böyük rəis də əlini mundirinin dərin cibinə saldı. Onun barmaqları əsirdi... Mən diyirlənib yerə düşdüm.

İclası aparan adam, lap böyük rəisdən də böyük rəis, cəld əyilib məni yerdən götürdü, ovcunda bir neçə dəfə atıb-tutdu, sonra üzünü toplantı iştirakçılarına tutub ucadan dedi:

“Bəs deyirdiniz sonuncu qəpiyəcən bizə təhvil vermisiz, elə isə bu birqəpik haradan çıxdı bəs? Sizin heç birinizin bir qəpiklik dəyəriniz yoxdur! Tfu...” - və lap böyük rəisdən də böyük rəis məni hiddətlə seyfə atdı, - kağız pulların yanına.

Mən indi iri pulların yanındayam. Amma bilirəm ki, günlərin bir günü hər şey yenə əvvəldən təkrar olunacaq. Mən yenə öz əvvəlki yerimə qayıdacam: anbara. Orada öz soydaşlarımın yanına - birqəpiklik dostlarımın arasına düşəcəyəm. Amma məni qarşıda yeni-yeni səfərlər gözləyir.

Yaxşı bilirəm ki, bu dünyada hələ çox adam bir-birinə uzun illər bu sözləri deyəcək: “Sənin bir qəpiklik adamlığın yoxdur”. Həqiqətən bu, belədir! Çoxları öz dəyərlərinin bir qəpiyə çatması üçün hələ böyük bir yol keçməlidirlər.

Mənim dəyərim çox yüksəkdir. Mən öz qiymətimi hamıdan yaxşı bilirəm. Mənə həm aşağıların, həm də yuxarıların sifəti yaxşı tanışdır. Axı mən öz üzümdən də dəfələrlə çox sürtülmüş par-par yanan, işım-işım işıldayan üzlər görmüşəm. Mən birqəpikliyəm.

XS
SM
MD
LG