Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

Allahmədətlilərin köhnə məskəni və ya «Təcili yardım» üçün keçilməz yollar...


Allahmədətli kəndi
Allahmədətli kəndi

-

Əvvəli burada

Allahmədətli kəndi Nazirlər Kabinetinin qərarı ilə «Rayon mərkəzindən uzaqda yerləşən və gediş-gəlişi çətin olan yaşayış məntəqələrinin siyahısı»na daxil edilib. Onu İmişli şəhərindən 35 kilometr məsafə ayırır. Gediş-gəliş üçün əsas çətinlik İmişli-Kürdəmir avtomobil yolundan kəndə sarı burulandan sonra başlanır. Sakinlərin sözlərinə görə, yağıntılı günlərdə cəmi 6 kilometrlik bu yol hissəsi elə vəziyyətə düşür ki, o, bəzi avtomobillər, o cümlədən «Təcili yardım» üçün keçilməz olur.

Kənd sel və daşqının yaratdığı sarsıntıdan hələ də ayılmayıb. Bəzi yerlərdə təbii fəlakətin nişanələri- uçub-dağılmış, dam örtüyü yerin səthinə çökmüş tikililər hələ də qalmaqdadır. Kəndin Kür çayı ilə bitişik hissəsində torpaqdan bənd bərkitmə işləri aparılıb.

SUBASMADAN SONRA TORPAQ MÜNBİTLİYİNİ İTİRİB

Qadir Allahverdiyev deyir ki, subasmadan sonra evlərin elə burada bərpası üçün çox çalışıblar, sözləri eşidilməyib:

«Kənddə cəmi 10-15 ev uçmuşdu, onlar da torpaq kərpicdən olan köhnə tikililər idi. Həyətyanı və pay torpaqlarımız da buradadır, qəbiristanlığımız da. İndi iki yaşayış məntəqəsi arasında qalmışıq. Qəsəbədə paylanılmış evlərin sənədi bu günədək verilməyib. Qrunt sularının uzun müddət yerin səthində yığılıb qalması səbəbindən torpaq münbitliyini itirib. Əvvəllər 1 hektar sahədən 35-40 sentner arpa, buğda götürürdük. Son illər məhsulumuz ən çoxu 15-20 sentner olur. Burada kompleks meliorasiya işləri aparılmağına ehtiyac var».

MƏKTƏBİN UZAQLIĞI UŞAQLARI VALİDEYNLƏRİNDƏN AYRI SALIB

Təbii fəlakət baş verəndə, burada 55 ev təsərrüfatı, 375 nəfər adam olub. Evlərin də, əhalinin də sayı get-gedə artır. Sakinlərin xeyli hissəsi burada yaşasa da, məktəb və sosial obyektlər yeni salınmış qəsəbədədir.

Uşaqlar
Uşaqlar

Mirəli Əhmədov təklif edir ki, heç olmasa ibtidai məktəb kursu burada keçirilsin:

«Yolumuz pis gündədir. Azyaşlı uşaqları hər gün məktəbə aparıb-gətirmək valideynlərə çox əziyyət verir. Bəzi ailələr bunun dərdindən odun və qida götürüb həftənin 5 gününü orada qalır. Kənddəki məktəb binası çox da zədələnməyib, baxımsızlıq üzündən aşınmaqdadır. Yaxşı olardı ki, o, bərpa edilə, heç olmasa, burada ibtidai məktəb təşkil oluna».

Uşaqları azyaşlı olan Hümbət Xəlilov deyir ki, məktəbə gedən oğlu yaşlı valideynlərinin yanında qalır:

«Həftəsonu gedib gətiririk, istirahət günləri yanımızda qalır, 1-ci günləri təzədən aparırıq. O biri uşaq da gələn il məktəbə getməlidir. Hər iki uşağı yaşlı insanların üstünə ata bilmərik. Üstəlik, onlar latın qrafikalı əlifbanı bilmədiklərindən uşaqlara evdə kömək edə bilmirlər. Dolanışığımız torpaqla, təsərrüfat işləri ilə bağlı olduğundan hamımız qəsəbəyə köçə bilmərik. Buradakı köhnə evimiz uçmuşdu, 4 il çadırda yaşayıb özümüzə təzə ev tikmişik».

Sel zamanı uçmuş ev
Sel zamanı uçmuş ev

«İYNƏ VURDURMAQ ÜÇÜN 30-40 KİLOMETR UZAĞA GEDİRİK»

Kənd sakini Narxanım Əmiraslanova isə kənddə tibb məntəqəsi olmadığından çox əziyyət çəkdiklərini deyir:

«Bir damar iynəsi vurulması, bir sistem köçürülməsindən ötrü ya Kürdəmir rayonunun Mollakənd kəndinə gedirəm, ya da İmişli şəhərinə. Hər iki yaşayış məntəqəsi çox uzaqdadır. Tək mən deyiləm bu əziyyəti çəkən. Yolsuzluğa, həkim olmamağına görə ağır xəstəni kənddə saxlamırlar. Xahiş edirəm bizə bir həkimxana açsınlar».

TEXNİKALAR KÖHNƏLİB, NEFT QUYULARI QURUYUB, OV YASAQLANIB

Allahmədətli sakinləri arasında traktorçuluğu, mexanizatorluğu özünə peşə seçən, kənd təsərrüfatı texnikasına malik xeyli sayda adam var. Onlar mövsüm zamanı təkcə öz kəndlərində deyil, başqa yerlərdə də muzdla işləyirlər. Amma deyirlər, müasir dövrün tələblərinə uyğun texnikalar baha olduğundan onları almaq imkanları yoxdur, buna görə iş sifarişləri də azalıb.

Muradxanlı İriləşdirilmiş Neft Mədəninin yaxınlıqda yerləşməsi vaxtilə kənd əhalisinin, xüsusilə gənclərin məşğulluğunda böyük rol oynayıb. İndi yaxınlıqda yerləşən quyuların istismarı dayandığından kənddən bu sahədə işləyən bir-iki nəfər qalıb.

Ov
Ov

Allahmədətlilərin ov etmək imkanları da «quruyub». Onların sözlərinə görə, qış və yaz aylarında qidalarını əsasən balıq və quş əti təşkil edib. Amma Sarısu gölü Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarətinə keçəndən bəri onların xüsusi icazə olmadan ov edilən əraziyə keçməsi yasaqlanıb.

Kür çayı və onun boyunca lent kimi uzanan meşə zolağı Allahmədətli sakinlərinin karına gəlir. Yayın isti günlərində özləri, heyvanları burada çimir, kölgəlik tapır. Kəndə təbii qaz verilmədiyindən qışda evlər bu meşədən toplanılan odunla qızdırılır. Bağlanan şələlərin bir hissəsi avtomobillərin yük yerində «nümunəvi qəsəbə»yə yola salınır.

İCRA NÜMAYƏNDƏSİ HƏR ŞEYİN YAXŞI OLACAĞINI DEYİR

İmişli rayon İcra Hakimiyyəti başçısının Allahmədətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yasin Qarayev isə narahatlıq üçün heç bir əsas olmadığını deyir:

«Təbii fəlakətin nəticələri aradan qaldırılarkən sakinlərin təhlükəsiz yaşayış yeri kimi məhz bu ərazi nəzərdə tutulub. Orada insanların rahatlığı üçün yüksək səviyyədə mədəni-məişət şəraiti yaradılıb. Bəzi çatışmazlıqlar var ki, onlar da tədricən aradan qaldırılır. Dövlət hesabına tikilmiş evlərin sənədlərinin sakinlərə təqdim edilməsi Fövqəladə Hallar Nazirliyindən asılı məsələdir. Qəsəbəyə təbii qazın verilməsi 2016-cı ilin sonunadək nəzərdə tutulub. O ki qaldı köhnə kənd yoluna, o, heç vaxt, lap dizdən qar yağanda da bağlı olmayıb. Yaxın vaxtlarda bu yola çınqıl verilib».

XS
SM
MD
LG