Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

"Di, valyuta al, Vasya, indi al görüm necə alırsan?!.."


İllüstrasiya
İllüstrasiya

-

"Bu bir sıxma dərd yüklü sözü yazmaqla onsuz da təlx ovqatınızı bir az da artıq qaraltmaq niyyətindən əsla uzağam. Əksinə, məni tərk etməmişdən üç gün öncə dostum Vasyanın hələ qulağımızı təzə alışdırdığımız, amma nədənsə doğma sözümüz kimi dilimizə rahat yatan “devalvasiya” kəlməsi ilə bağlı dediklərini sizin də eşidib bir az qayğılardan uzaq qalmanıza bais olmaq istədim."

Bayram Soylu

Divalvasya

Adamın hər millətdən dostu olar. Məncə, bunda qəbahət sayılacaq heç zad yoxdur.

Mənim də Vasya adında bir rus dostum var. Ta əsgərlikdən bu yana dostluq edirik. Zalım oğlu dilimizi elə öyrənib ki, az qalır məndən yaxşı danışa. Bilmirəm mənə olan dərin hörmətindən yanadır, ya başqa mübhəm səbəblər var.

Bir dəfə soruşmuşam da. Deyir ki, bir eloğlumuz beş il evlərində kirayəçi olub. Həmin vətənpərvər eloğlumuz hər gün Vasyaya dilimizi öyrədirmiş. Hələ bazarda yanında işə də götürübmüş. Rus bazarı da ki, maşallah, bizimkilərlə doludur. Hələ zarafata salıb deyir ki, ona di limizi öyrədən eloğlumuz on ildən çoxdur Rusiyada yaşasa da, rus dilini əməli-başlı öyrənməyib.

Rusiya
Rusiya

Yəni qısası, dediyinə görə bizim dili öyrənmək üçün yetərincə fürsəti olub və o da bu fürsəti fövtə verməyib. Vasyanın bizim dili necə öyrəndiyini çözələməklə başımızı ağrıtmayaq. Keçək mətləbə.

İki həftə bundan əvvəl Vasya Bakıya gəlmişdi. Necə ki, mən arada ona qonaq gedirəm, o da eləcə mənə qonaq gəlir.

Doğrudur, bu dəfə Vasyanı əvvəlki kimi qarşılamaq imkanım olmadı. Vəziyyəti özünüz bilirsiz. İnsafən, Vasya çox başa düşən rusdu. Özünü elə apardı ki, guya onu krallar kimi qonaqlamışam...

Mən yazıq neyləyim, əvvəllər arağı səkkiz manata alırdım, indi olub on üç manat əlli qəpik. Vasyanın xoşladığı salatları hələ demirəm, o salatların xırda-xuruşu nə qədər pul eləyir.

Üstəlik də, ayıb olmasın, arvad yaman naxoşlayıb. Həkimə apardım, tanış idi deyə əməliyyata yeddi yüz manat istədi. Mənimsə aylıq muzdum cəmi altı yüz manatdır.

Maaşımı da hələ artırmaq fikirləri yoxdur, deyəsən. Şükür olsun ki, arvadım da Vasya kimi başa düşəndi. Belə qərar verdik ki, nə qədər bacarır dözsün, Allah böyükdür, bir çarəsi tapılar.

O ki qaldı kommunal pullarına, daha ödəyə bilmirəm. Yaxşı ki, evdə on litr nöyütüm var, lampa işığında da otura bilərik. Otaqlardan birinə odun peçi qoymuşam, hələ ki köhnə taxta-tuxtadan yandırıram. Allah kərimdir.

Nə isə, kredit borcu, oğlumun təhsil haqqı, qızıma elçi gəlmək təhlükəsi və bu kimi xırda-para qayğılarımdan giley etməli olsam, gərək qələmimdə mürəkkəb qalmaya və sizi kimi dəyərli oxucularımı əbəs yerə yoram.

Qələm öz yerində, sizi özümdən incik salmağı heç istəməzdim.

Bu bir sıxma dərd yüklü sözü yazmaqla onsuz da təlx ovqatınızı bir az da artıq qaraltmaq niyyətindən əsla uzağam. Əksinə, məni tərk etməmişdən üç gün öncə dostum Vasyanın hələ qulağımızı təzə alışdırdığımız, amma nədənsə doğma sözümüz kimi dilimizə rahat yatan “devalvasiya” kəlməsi ilə bağlı dediklərini sizin də eşidib bir az qayğılardan uzaq qalmanıza bais olmaq istədim.

Gümanım budur ki, elə belə də olacaq. Əgər ki, yanlış düşünüb gümanımda yanılsam və Vasyanın dediklərindən siz də pəjmürdə olsanız, lütfən, məni məzur tutun. Ondan ötrü ki, sizə nə qədər sayğı duyduğumu bilirsiniz və heç zaman heç birinizin az da olsa qüssə çəkməsini istəmədiyimə əmin olduğunuza zərrə qədər də şübhəm yoxdur. Odur ki, keçək Vasyanını dediklərinə.

Doğrusu, Vasyanını dedikləri məndə çox suallar doğurdu. Amma qonaqdır deyə üzə vurmadım. Vasya deyir ki, “devalvasiya” sözünü hər yerdə səhv yazırlar. Əslində “divalvasya” yazılmalıdır. Divalvasya - “Di, valyuta al, Vasya” deməkdir. Heç-zad anlamadım. Vasya zirək olduğundan bunu duydu və dediklərini öz təbirincə izah etməyə çalışdı: “di, valyuta al, Vasya, indi al görüm necə alırsan?!..”

Başınızı nə ağrıdım, Vasya demək istəyir ki, bütün oyunlar onun məmləkətini müflis eləmək üçün qurulub və indi yetərincə rublu yoxdur verib ehtiyata bir az dollar ala.

Vasya bu sözləri deyəndə süfrədəki arağı hələ tam bitirməmişdik, amma deyəsən, Vasyanı kövrəldəcək qədər vurmuşduq. Zalım oğlu birdən elə hönküdü ki, onsuz da parçlanmış ürəyim bir az da tikələndi və özümdən asılı olmadan ona qoşulub ağlamağa başladım...

Nəhayət, vədə yetişdi və mən dostum Vasyanı yola salmaq üçün hava limanına apardım. Ayrılanda Vasya “dosvidaniya” əvəzinə “divalvasya” deyib ürəkdən şaqqanaq çəkdi. Deyəsən, dediklərinin zarafat olduğuna işarə edirdi.

Təki belə olsun. Yoxsa, o gündən bəri baş sındırırdım ki, görəsən bu zəhrimar devalvasiyanın bizimlə nə əlaqəsi?

XS
SM
MD
LG