Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:41

«Sultanəhməd hücumu iqtisadiyyata zərbədir»


İstanbulda terror - 12 yanvar 2016
İstanbulda terror - 12 yanvar 2016

-

İstanbulda yanvarın 12-dəki hücumla İŞİD silahlı qruplaşması ilk dəfə olaraq ölkə turizmini hədəfə aldı. Türkiyə rəsmilərinin və turizm agentliklərinin daim qorxduqları başlarına gəldi. Ötən il Tunisdə İŞİD yaraqlıları 38 turisti öldürəndən sonra turistlərin sayı kəskin azaldı. Bunu «Time» jurnalı yazır.

«Ötən ilki hücumlar, eləcə də Rusiya ilə gərginlikdən sonra «ləhləyən» turizm sektoru 2016-cı ildə daha böyük itkilər verəcək», - Avrasiya Qrupunda risk təhlilçisi Naz Masraff deyir.

«Pis idi, bir az da pisləşəcək», - bunu isə Süleyman adlı turizm agenti söyləyir. Onun ofisi partlayış ərazisinin yaxınlığında yerləşir.

Vaşinqton Universitetinin Türkiyə Proqramının direktoru Soner Cağaptay isə bildirir ki, almanları hədəfə almış bu hücum kansler Merkel-in qaçqın siyasətinə bir az da kölgə salacaq: «İŞİD həmçinin özünə qarşı Türkiyə-ABŞ əməkdaşlığını zəiflətməyə çalışır».

Gənc kanadalı turist Alison Aho partlayışı tramvaya minəndə eşidib, ancaq təmkinini pozmamağa çalışıb. O, Türkiyədə 3 ay keçirməyi planlaşdırırdı, ancaq valideynlərinə söz verib ki, səfərini bir aya salsın. Valideynləri ötən ilki Ankara partlayışından sonra da bərk narahat olublar. Ancaq indi qadın səfərini qısaldıb-qısaltmamaq barədə düşünür: «Bilirəm ki, təhlükəsizliyim bir nömrəli problemdir, hiss edirəm ki, indi bu, hər yerdə baş verə bilər».

Türk tankları İraqla sərhəddə.
Türk tankları İraqla sərhəddə.

TÜRKİYƏ YENİDƏN TERROR HƏDƏFİNDƏ

«Stratfor» Araşdırmalar Mərkəzi yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında baş vermiş partlayışı təhlil edir. Həmin hücumda, azı, 10 nəfər həlak olub, altı xarici turist yaralanıb. Türkiyə hökumətinin bir sıra terrorçu və silahlı qruplaşmalarla mübarizə aparmasına baxmayaraq, bu hücumun hədəfi və metodu nəzərləri «İslam Dövləti» qruplaşmasına yönəldir. Prezident Recep Tayyip Erdoğan intiharçının Suriya mənşəli olduğunu deyib. Əslində, Türkiyə Suriyada İD-ə qarşı hücuma keçməklə və üsyançıları fəal dəstəkləməklə özünü bu qruplaşmanın hədəfinə çevirdi. Ötən il ölkədə iki böyük hücum baş verdi.

«İstanbulun qədim hissəsinin göbəyindəki son hücum Türkiyənin İD-ə cavab tədbirlərini daha da gücləndirməsinə gətirə bilər. Ankara müttəfiqlərini çağırırdı ki, Suriyanın şimalında, Hələbdə əməliyyatı dəstəkləsinlər, bufer zona yaradılsın. Uğurlu əməliyyat İD-ə zərbə vurmaqla Türkiyənin maraqlarına xidmət edər, Suriyanın şimalında üsyançıların mövqeyini möhkəmləndirər, YPG-nin (PKK-nın bir qolu) qərbə genişlənməsini dayandırar, Birləşmiş Ştatlar isə münaqişəyə daha çox cəlb olunar».

«Stratfor» yazır ki, Rusiyanın Suriyaya müdaxiləsi və Suriya ilə sərhəddə təyyarəsinin vurulması Türkiyənin əməliyyat planlarını çətinləşdirib. Moskva Ankaranın bu ölkədəki ambisiyalarını boşa çıxarmaqdadır, Suriyada havadan müdafiəni güclənir:

«Rusiyanın yaratdığı riskə baxmayaraq, Türkiyə Suriyada əməliyyatları gücləndirə bilər. İstanbulda son hücum elə bir vaxta təsadüf edir ki, kürdlərin üstünlük təşkil etdiyi Suriya demokratik qüvvələri Fərat çayını keçib qərbə doğru irəliləyir. Rusiyayla İranın dəstəklədiyi hökumət qüvvələri isə Türkiyənin arxasında durduğu üsyançılara hücumları artırıb. Türkiyə öz sərhədləri daxilindən uzaqmənzilli raketlərlə hücumları intensivləşdirməyi də seçə bilər, ancaq Suriyaya daha böyük müdaxilə də istisna olunmur».

David Cameron və Angela Merkel.
David Cameron və Angela Merkel.

BRİTANİYA AVROPANIN GƏLƏCƏYİDİR

«Avropanın gələcəyinin açarı Avropa Birliyi liderləri içində Almaniya kansleri Angela Merkel-də deyil, Britaniyanın baş naziri David Cameron-dadır». Bunu «Carnegie Europe» portalında Judy Dempsey yazır.

Müəllif Merkel-in avrozonanın bütövlüyünü, AB-nin Rusiyaya sanksiyalar məsələsində vahid mövqeyini saxladığını qeyd edir. Ancaq qaçqınlarla bağlı «açıq qapı» siyasəti onu böyük təzyiq altında qoyub. Özəlliklə də Kölndə 100-dən çox qadının miqrantlar tərəfindən seksual təcavüzə məruz qalmasından sonra.

Digər tərəfdən, Mərkəzi Avropa liderlərindən bəziləri Merkel-dən narazıdır. Kansler daha çox AB-nin genişlənməsini dəstəkləyib, Mərkəzi və Şərqi Avropanın bütün ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çalışıb.

Müəllifin fikrincə, Merkel Avropanın gələcəyi barədə debatları boş buraxıb. Blokun ən böyük iqtisadiyyatının rəhbərinin belə bir addımı təəccüb yaradır: «Əvəzində, Cameron Avropa barədə daha qətiyyətli danışır. O, bir neçə aya Britaniyanın AB-də qalmasına dair referendum planlaşdırır. Digər 27 AB lideri fevralda Brüsseldə görüşəcəklər və yəqin ki, Cameron onlardan da bəzi şeylər qoparacaq».

Yazıda Cameron-un istək siyahısının da məqsədyönlü olduğu vurğulanır. Birincisi, avro AB-nin yeganə rəsmi valyutası olmasın; ikincisi, AB-yə daha artıq rəqabətlilik lazımdır; üçüncüsü, AB-yə gələn miqrantlar Britaniyada 4 il qalandan sonra müəyyən imtiyazlar istəyə bilsinlər. Və nəhayət, sonuncusu, Britaniyaya daha böyük siyasi inteqrasiyadan çəkilməyə icazə, ölkə parlamentlərinə isə AB təkliflərinə veto qoymaq səlahiyyəti verilsin.

XS
SM
MD
LG