Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Sumqayıtda sökülən obyektlərə görə kompensasiya verilməyəcək


Sülh küçəsi
Sülh küçəsi

-

«Sumqayıtda sökülən qanunsuz ticarət və xidmət obyektlərinin sahiblərinə kompensasiya verilməyəcək».

Bunu Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Trend-ə bildirib.

Onun sözlərinə görə, şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, «Ən ucuz market» adlı ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir: «Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir. Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil».

«SÖKÜLƏCƏK QEYRİ-QANUNİ OBYEKTLƏRİN SAYI 17-DİR»

Qurum rəsmisi bildirib ki, 170-200 obyektin söküləcəyi barədə yayılan məlumatların əsası yoxdur: «Rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir».

Sumqayıtda «Cavid» ticarət mərkəzinin də sökülməsinə münasibət bildirən G.Əliyev bunu Sülh küçəsindəki tıxacların aradan qaldırılması ilə əlaqələndirib: «Həmin obyektin qarşısında avtomobillərin qanunsuz park edilməsi yolda tıxacların yaranmasına gətirib çıxarır. Bu problemin yaranma səbəbi SSRİ dönəmindən Sülh küçəsində məhz avtomobil dayanacağı olan ərazidə «Cavid» ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən «Cavid» ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq».

Yanvarın 9-da Sumqayıtda bəzi ticarət obyektlərinin söküləcəyi ilə bağlı sahibkarlara xəbərdarlıq edilib. AzadlıqRadiosuna danışan sahibkarlar əllərində mağazaların onlara məxsus olduğunu bildirən sənədlərin olduğunu deyiblər.

XS
SM
MD
LG