Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:28

Neftin qiymətinin «dibi» görünmür


Neft
Neft

-

Son iki həftədə neftin qiyməti 20 faiz düşüb, Asiyada indekslər isə son 4 ildə ən aşağı həddə çatıb. İnvestorlar Çində iqtisadi düşüşün miqyası, bunun yeni yaranan bazarlara təsirindən təşviş keçirirlər.

«Reuters» agentliyi yazır ki, ötən ilki enişdən sonra investorların yarası hələ sağalmamışdı. Yeni il isə daha ağrılı başlayıb, qlobal iqtisadiyyatda düşüş dərinləşir, Çin bazarlarında isə təlatüm qalır.

Yaponiyada «Nikkei» fond indeksi bazar ertəsi 1.3 faiz düşüb. Uolt-Stritdə «S&P 500» sabitləşib.

QİYMƏTİN DİBİ HƏLƏ GÖRÜNMÜR

«The New York Times» qəzeti də bazar ertəsi neftin son 12 ildə ən aşağı həddə düşməsindən yazır.

«Brent» nefti dəyərini 6.5 faiz itirib və barreli 31.55 dollara bərabərləşib.

«Bu gün bazara çatan bütün siqnallar bir müddət təklifin tələbi üstələyəcəyini göstərir», - Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru Jason Bordoff deyir. «İran yenidən bazara daxil olacaq, tələblə bağlı rəqəmlər və iqtisadi indikatorlar zəif görsənir...».

Bordoff-un sözlərinə görə, hətta Səudiyyə Ərəbistanı ilə İran arasında geosiyasi gərginlik belə bazara təsir göstərə bilmədi. Yəni regional güclərin münasibətlərinin pisləşməsi onların bazarda sabitlik barədə razılığa gəlməsini də mümkünsüz edir.

«Goldman Sachs», «Morgan Stanley» neftin barrelinin 20 dollara düşəcəyini istisna etmirlər. «Barclays»in təhlilçiləri ilin ikinci yarısında qiymətlərin özünə gələcəyini proqnozlaşdırsa da, il üçün orta qiyməti 37 dollar müəyyənləşdirib. Daha öncəki proqnozlar 56-60 dollar göstərirdi.

«Gürcü arzusu» koalisiyası 2013-cü il prezident seçkisində qələbəni bayram edir.
«Gürcü arzusu» koalisiyası 2013-cü il prezident seçkisində qələbəni bayram edir.

GÜRCÜSTANIN YENİ HÖKUMƏTİ NƏYİ DƏYİŞƏ BİLƏR

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, bu il Gürcüstan üçün həlledici, ilin sonuna gözlənilən parlament seçkiləri isə hakim «Gürcü Arzusu» koalisiyası üçün bir sınaq olacaq.

««Gürcü Arzusu son 3 ildə populyarlığını itirsə də, bu geriləmədən istifadə edə biləcək müxalifət partiyası yoxdur», - yazan mərkəz proqnozlaşdırır ki, seçkinin nəticələrindən asılı olmayaraq, Gürcüstan Avropa Birliyi və NATO ilə inteqrasiyanı davam etdirəcək, ancaq bu il bloklardan heç birinə qoşula bilməyəcək. Rusiya ilə münasibətlər də qəliz durumda qalacaq – tərəflər təhlükəsizlik məsələləri ilə bir arada iqtisadi münasibətləri dərinləşdirməyə çalışacaq.

«Gürcü Arzusu» populyarlığını iqtisadi çətinliklərlə birlikdə itirməyə başladı Bu çətinliklər keçmiş sovet məkanını əhatə edir. Hökumət vəd etdiyi islahatları yerinə yetirməməkdə, rəqiblərinə qarşı bəzi antaqonist metodlardan istifadədə ittiham olundu. Məsələn, Mikheil Saakashvili-nin həbsinə order verildi.

Son rəy sorğuları əhalinin yalnız 18 faizinin «Gürcü Arzusu» koalisiyasını dəstəklədiyini göstərir. Ancaq Vahid Milli Hərəkatı dəstəkləyənlər 12 faizdən də azdı. «Bizim Gürcüstan – Azad Demokratlar» Partiyası isə 7 faizlə üçüncü yerdədir. «Stratfor» yazır ki, seçicilərin 30 faizdən çoxunun mövqeyi hələ qeyri-müəyyəndir. Bu da il sonuna gözlənilən seçkilər öncəsi dinamik siyasi durum yarada bilər:

«Gürcüstanda siyasi baxımdan dinamik və təlatümlü il gözlənilir. Ancaq rəhbərlikdə hər hansı dəyişiklik Tbilisinin xarici siyasətinə ciddi təsir göstərə bilməyəcək. Rusiya-Qərb qarşıdurması və Gürcüstanın keçmiş sovet periferiyasında strateji mövqeyi ölkəni bütün region üçün vacib edir».

Xoşbəxtlik
Xoşbəxtlik

VAXT, YOXSA PUL?

«Pul dalınca getməkdən çox vaxta dəyər verilməsi xoşbəxtliklə bağlıdır». Bunu ABŞ-da mənzillənən Şəxsiyyət və Sosial Psixologiya Cəmiyyətinin yeni araşdırması üzə çıxarıb.

4600-dən çox iştirakçı ilə 6 araşdırma aparılıb. Adamların puldan çox zamanına önəm verdiyi aşkarlanıb.

«Görünən odur ki, insanlar sabit şəkildə öz vaxtlarını pul qazanmaqdan üstün tuturlar və zamana üstünlük vermək daha artıq xoşbəxtliklə bağlıdır», - baş tədqiqatçıAshley Whillans deyib.

Maraqlısı odur ki, yaşlılar gənclərə nisbətən vaxtlarını daha dəyərli sayırlar. «İnsanlar yaşlaşdıqca, vaxtlarını ancaq pul qazanmaqla deyil, daha mənalı keçirmək istəyirlər», - Whillans deyib.

Məsələn, suallardan biri belə olub ki, yoluna az vaxt sərf olunan, daha bahalı mənzilə üstünlük verirlər, yoxsa uzaqda yerləşən, daha ucuz mənzilə? Yaxud daha çox işləməklə yüksək maaşlı iş istəyərdilər, yoxsa az maaşa daha az işləmək yaxşı olardı?

Tədqiqat yoxsulluq həddində yaşayanları əhatə etməyib, belə ki, onlar pulu seçəcəkdilər.

Məsələ ondadır ki, insan daha çox zamanına üstünlük verirsə, yanaşması da dəyişir. Tutaq ki, özü az işləyir, evini kiməsə təmizlətdirir və ona pul verir. «Əlbəttə, bəzi variantlar ancaq normal gəliri olanlara aiddir, ancaq yenə də, kiçik dəyişikliklər bəzən böyük fərq yaradır», - Whillans söyləyir.

«Xoşbəxtlik üçün asudə vaxt puldan vacibdir. Bəzən kimisə bir neçə saatlığa sevindirmək sizi daha bəxtəvər edəcək», - o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG