Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:22

Dünya xəbərləri

Yol qəzasında 20 futbolçu ölüb

Foto arxiv

Meksika 20 futbolçunun ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qol.Az-ın məlumatına görə, qəza ölkənin cənubundakı Kordoba şəhərində baş verib.

Adı açıqlanmayan klubun futbolçuları və azarkeşlərini aparan avtobus körpüdən çaya aşıb.

Buna səbəb yüksək sürətlə hərəkət edən sürücünün idarəetməni itirməsi olub. Nəticədə 20 futbolçu yerindəcə ölüb və 25 nəfərsə yaralanıb.

Meksika prezidenti Enrike Penya Nieto “tvitter” səhifəsində hadisədən sarsıldığını bildirib və vəfat edənlərin yaxınlarına başsağlığı verib.

Bütün xəbərləri izləyin

NATO yenidən Rusiyaya xəbərdarlıq edir

NATO-nun baş katibi Yens Stoltenberq, Brüssel, 20 avqust 2021

NATO-nun baş katibi Yens Stoltenberq cümə günü Brüsseldə keçirdiyi mətbuat konfransında Moskvaya xəbərdarlıq edib.

Beləki çoxlu sayda rus qoşununun Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi Qərbdə Rusiyanın bu ölkə ərazisinə mümkün müdaxiləsi ilə bağlı qorxu yaratmaqda davam edir.

Rusiya hakimiyyətinə müraciət edən Stoltenberq yenidən Rusiyanı Ukrayna sərhədləri yaxınlığındakı bölgəyə qoşun və zirehli texnika cəlb etməkdə ittiham edib.

Stoltenberq bildirib ki, Rusiya Krımın qeyri-qanuni ilhaqını davam etdirir və Ukraynanın şərqində vəziyyəti qeyri-sabit vəziyyətə gətirir.

NATO-nun baş katibi vurğulayıb ki, Rusiya gərginliyin daha da artmasına son qoymasa, bunun bədəlini çox ödəməli olacaq.

Onun sözlərinə görə, NATO Rusiyanın yaxın gələcəkdə necə hərəkət edə biləcəyi ilə bağlı kəşfiyyat məlumatlarını müttəfiqlərlə bölüşməyə davam edir.

ABŞ prezidenti Co Bayden isə jurnalistlərin yaranmış vəziyyətlə bağlı sualına cavab olaraq bildirib ki, bölgədəki gərginliyi azaltmaq üçün “böyük ehtimalla” o, birbaşa Rusiya prezidenti Vladimir Putin və ya Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacaq.

Moskva öz qoşunlarının hərəkəti ilə bağlı son xəbərləri daxili məsələ kimi dəyərləndirib. Rusiya bu həftə Qara dəniz bölgəsində hərbi təlimlərə başlayıb.

Noyabrın 30-da ABŞ Dövlət Katibi Antoni Blinken və NATO-nun digər 29 xarici işlər nazirlərinin, Rusiyanın son fəaliyyətlərini müzakirə etmək üçün Latviyada bir araya gəlməsi və bundan sonra ATƏT-in iclası planlaşdırılır.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried deyib ki, Blinkenin gələn həftə Avropa səfərinin əsas diqqəti Rusiya və Belarus da daxil olmaqla çağırışlara necə cavab verilməsi olacaq. Donfried jurnalistlərə "Təqdir edə bildiyiniz kimi, bütün variantlar masanın üzərindədir və orada bütün variantları özündə birləşdirən alətlər dəsti var" deyib.

Ukraynada 'Qolodomor' qurbanları anılır

Ukrayna, Qolodomor-Soyqırımı Milli Muzeyinin ərazisində əlində sünbül tutan qızın heykəli. 24 noyabr 2012-

Noyabrın 27-də Ukraynada "Qolodomor" qurbanlarının xatirəsi yad edilir.

Ukraynalılar 1932-33-cü illərdə Qolodomorda həlak olanların xatirəsini ümummilli sükut dəqiqəsinə qoşulmaq və şam yandırmaqla yad edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-leytenant Valeri Zalujnı bir gün əvvəlki müraciətində hərbçilərin “Xatirə şamını yandırmaq” ümumxalq aksiyasına qoşulacağını bildirib.

“Noyabrın 27-də saat 16.00-da səngərlərdə və qərargahlarda, gəmilərdə və qırıcılarda Ukrayna hərbçiləri “Yaddaş şamını yandır” ümummilli aksiyasına qoşulacaqlar”, - Zalujnı bildirib.

Bu günlə bağlı Ukraynanın İnsan Haqaları müvəkkili -Ombudsman Lyudmila Denisova da Facebook-da paylaşım edib.

“Milyonlarla günahsız qurbanlar insan hüquq və azadlıqlarına xor baxan rejimlər üçün təhlükənin daim xatırladılmasıdır. Totalitar kommunist hökuməti qəsdən bəşəriyyətə qarşı cinayət törətmiş və ukraynalıları bir millət kimi məhv etməyə, dilimizi, mədəniyyətimizi kökündən silməyə çalışmışdır. Bu gün Ukrayna növbəti dəfə Ukraynanın müstəqilliyini məhv etmək cəhdləri ilə mübarizə aparır: hərbi təcavüz və suveren dövlətin ərazisinin böyük hissəsinin işğalı”, - Ombudsman Facebook-da yazıb.

“Azad xalqlarımızı təkcə Qolodomor zamanı həlak olanların xatirəsi deyil, həm də bu cür qeyri-insaniliyin təkrarlanmasının qarşısını almaq üçün ümumi əzm birləşdirir”, - ABŞ-ın müvəqqəti işlər vəkili Kristina Kuinn bildirib.

Ukraynada Qolodomor qurbanlarının xatirəsi hər il noyabrın dördüncü şənbə günü yad edilir.

2006-cı ilin noyabrında Ukrayna Ali Radası 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi qiymətləndirib.

Ukrayna ilə Amerika alimlərinin birgə hesabatlarına görə, 1932-ci ildən 1934-cü ilə kimi Ukraynada süni yaradılmış aclıq nəticəsində 4 milyona yaxın ukraynalı ölüb. Bu da əhalinin ümumi sayının 13 faizi qədərdir.

Bəzi araşdırmaçılar bu sayın qat-qat çox olduğunu bildirir. Hesab edilir ki, 10 milyondan çox insan edam, aclıq, deportasiya nəticəsində həlak olub.

Həmin illərdə Sovet lideri Stalin-in apardığı kolxozlaşma siyasəti nəticəsində kəndlilərin çörəkləri və ərzaqları əllərindən alınıb.

'Hayastan' fondu Ermənistan üçün 12 milyon dollar yığıb

ABŞ-dakı Hayastan fondunun "Şükran Günü"ndə keçirdiyi telemarafondan görüntü

Noyabrın 25-də Los-Ancelesdə “Həyata keçirən sərhəd icmaları” devizi altında keçirilən “Hayastan” Fondunun illik telemarafonu çərçivəsində ilkin hesablamalara görə, 12 milyon 351 min dollar vəsait toplanıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

“Hayastan” ümumerməni fondunun mətbuat xidmətinin məlumatına görə, telemarafonun vəsaiti tibbi, sosial və mədəni proqramların, eləcə də Ermənistanın sərhədyanı icmaları üçün infrastrukturun inkişafı proqramlarının maliyyələşdirilməsinə sərf olunacaq.

Məlumatda qeyd olunur ki, “marafonlar zamanı ABŞ-dakı “Hayastan” Ümumerməni Fondu 7 milyon 861 min dollar, Fransa bölməsi 3 milyon 990 min dollar, Kanada bölməsi isə 500 min dollar vəsait toplayıb. İanə toplanmasının hələ də davam etdiyi bildirilir.

İraq Polşa-Belarus sərhəddində qalan miqrantları geri aparır

Miqrantlar Belarus-Polşa sərhəddində

İraq Belarus-Polşa sərhədində qalan 800-ə yaxın miqrantı vətənə qaytarmaq üçün əlavə təyyarələr göndərir.

Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf noyabrın 26-da bildirib. O deyib ki, İraq Hava Yollarının növbəti iki reysi ilə 861 miqrant geri qaytarılacaq.

Məlumata görə, noyabrın 18-dən bəri Belarusdan xüsusi reyslərlə evlərinə aparılan, əksəriyyəti kürdlərdən ibarət iraqlıların sayı 1894-ə çatıb.

Polşa və digər Avropa İttifaqı (Aİ) ölkələri hazırda Belarusa rəhbərlik edən Aleksandr Lukaşenkonu “hibrid müharibə” aparmaqda ittiham edirlər.

Bu arada, Aİ miqrant böhranını təşkil etdiyinə və İraq kimi ölkələrə vətəndaşlarını geri qaytarmağa təzyiq etdiyinə görə Belarusa qarşı beşinci sanksiyalar paketini hazırlayır.

Polşa, Latviya və Litva minlərlə miqrantın soyuq havada saldığı düşərgə fonunda sərhədi möhkəmləndirib, əraziyə minlərlə sərhədçi, əsgər və polisi yerləşdirib.

Polşa deyir ki, miqrant qrupları hələ də Belarusdan qeyri-qanuni sərhədi keçməyə davam edir.

Noyabrın 26-da Lukashenka böhran başlayandan bəri sərhəddə ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək miqrantlara Aİ-yə getmək və ya ölkələrinə dönmək seçimində sərbəst olduqlarını söyləyib.

‘National Geographic’in ‘əfqan qız’ına sığınacaq verildi

Fotoqraf Stiv Makkari Şarbat Gulanın ovaxtkı və indiki fotoları arasında

İti baxışlı, qırmızı şarflı Gula Əfqanıstanın ən məşhur qaçqınına çevrilib

1985-ci ildə “National Geographic” jurnalının üz qabığında fotosu çıxmış yaşıl gözlü əfqan Şarbat Gula İtaliyaya evakuasiya olunub.

“Əfqanıstan vətəndaşı Şarbat Gula Romaya gəlib”, – Baş nazir Mario Draginin aparatı noyabrın 25-də bildirib.

İtaliya hökuməti qeyri-hökumət təşkilatlarının xahişlərini nəzərə alaraq “Əfqanıstan vətəndaşları üçün daha geniş evakuasiya proqramı” çərçivəsində onun ölkəyə gətirildiyini açıqlayıb.

İti baxışlı, qırmızı şarflı Gula Əfqanıstanın ən məşhur qaçqınına çevrilib. ABŞ-dan fotoqraf Stiv Makkari onu 1980-ci illərdə Pakistanda düşərgədə çəkmişdi. Foto jurnalın üz qabığında çıxmışdı.

Əfqanıstanı sovetlər işğal edəndə Gula kimsəsiz uşaq olaraq Pakistana gedib. 2002-ci ildə Makkari regiona qayıdaraq onu tapır və qadının kimliyi üzə çıxır.

2016-cı ildə Pakistan saxta kimlik sənədlərini əsas gətirərək onu Əfqanıstana deportasiya edib.

İtaliya sentyabrın əvvəlində bildirib ki, Taliban avqustda hakimiyyəti ələ keçirəndən 5 minə yaxın əfqanı evakuasiya edib.

Azyaşlı olanda cinayət törətdiyi bildirilən şəxs edam edilib

Arxiv fotosu

25 yaşlı Arman Abdolali 2014-cü ildə itkin düşmüş sevgilisini qətlə yetirməkdə təqsirli bilinib

17 yaşında qətlə görə həbs olunmuş iranlı edam edilib. Xəbəri noyabrın 24-də ISNA agentliyi yayıb. Beynəlxalq ictimaiyyət bu edamı dayandırmağa çağırmışdı.

25 yaşlı Arman Abdolali 2014-cü ildə itkin düşmüş sevgilisini qətlə yetirməkdə təqsirli bilinib. Ancaq qurbanın meyiti tapılmayıb.

Abdolalinin edamı iki dəfə təxirə salınıb. Sonuncu dəfə bu, oktyabrın 16-da baş verib. İnsan haqları qrupları xəbərdarlıq edirdilər ki, bu qətl İranın imzaladığı, azyaşlıların edamını yasaqlayan beynəlxalq konvensiyaları pozar.

İran İnsan Haqları (IHR) təşkilatı bildirir ki, Abdolali həbs olunanda qətli törətdiyi etiraf edib, sonra etirafını geri götürüb.

Amnesty International məhkəmənin “kobudcasına ədalətsiz” aparıldığını, “işgəncə nəticəsində əldə olunmuş etiraflara əsaslandığını” bildirib.

Amnesty İranda ötən il azı 246 nəfərin edam olunduğunu deyir. Bu ölkə regionda ölüm cəzasından gen-bol istifadə edir, dünyada Çindən sonra ikinci yerdədir.

IHR isə son 10 ildə İranda azı 64 gəncin edam olunduğunu qeyd edir.

Serbiyada sursat zavodunda partlayışlar olub

Serbiyanın sursat zavodlarından birində baş vermiş silsilə partlayışlar nəticəsində azı iki nəfər ölüb, daha 16 nəfər yaralanıb

Serbiyanın sursat zavodlarından birində baş vermiş silsilə partlayışlar nəticəsində azı iki nəfər ölüb, daha 16 nəfər yaralanıb.

RTS dövlət telekanalının noyabrın 23-də verdiyi xəbərdə deyilir ki, ilk partlayış yerli vaxtla gündüz saat 14-də zavodun raket və partlayıcılar saxlanılan anbarında baş verib.

Partlayışın səbəbi hələki məlum deyil.

Zavod paytaxt Belqradın 15 kilometrliyində yerləşir.

Polis və yanğınsöndürənlər zavodun ərazisini bağlayıb. Zavoddan qalxan tüstü bir neçə kilometrdən görünür.

Zavodun həyətində dayanmış bir neçə avtomobilin də yandığı xəbər verilir.

İyun ayında Çaçak şəhərindəki silah zavodunda iki həftə ərzində iki partlayış baş vermişdi.

Həmin partlayışların səbəbi hələ də araşdırılır.

Nazarbayev partiya liderliyindən gedir

Qasım-Jomart Toqayev (solda) və Nursultan Nazarbayev, arxiv fotosu

Ölkədə siyasi proseslərə təsir göstərməkdə davam edən 81 yaşlı Nazarbayevin qərarını noyabrın 23-də onun sözçüsü elan edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hakim Nur-Otan partiyasının liderliyindən getmək qərarına gəlib. Bu addımın indiki prezident Qasım-Jomart Toqayevin mövqeyini möhkəmləndirəcəyi gözlənir.

Ölkədə siyasi proseslərə təsir göstərməkdə davam edən 81 yaşlı Nazarbayevin qərarını noyabrın 23-də onun sözçüsü elan edib.

“Nur-Otanın Siyasi Şurasının geniş iclasında Nursultan Nazarbayev partiya sədrinin vəzifəsindən imtina qərarını açıqlayıb, partiyanın ölkə prezidenti tərəfindən idarə edilməli olduğunu deyib. Sədrliyin ötürülməsi prosesi partiya nizamnaməsinə uyğun aparılacaq”, – sözçü Aydos Ukibay Twitter-də yazıb.

Nazarbayev 1991-ci ildən ölkəni sərt şəkildə idarə edib, 2019-cu ilin martında isə istefasını açıqlayıb. Toqayevi o özü varis seçib.

Nazarbayev ölkədə ciddi nüfuzu var, elbaşı – millətin lideri kimi məhdudiyyətsiz hakimiyyətdən istifadə edib.

Toqayevin hakimiyyəti dövründə Qazaxıstanda ifadə azadlığına, müxalifət üzvlərinə təzyiq davam edib.

Co Bayden 2024-cü il seçkisində iştirak edəcəyini bildirib

Prezident Co Bayden Şükran günü tədbirində

Həkimlər onun sağlamlığının vəzifəsi üçün qaydasında olduğunu bildiriblər

Ağ Ev bildirib ki, Co Bayden 2024-cü il ABŞ prezidenti seçkisində iştirak etməyi planlaşdırır.

Noyabrın 22-də Ağ Evin sözçüsü Cen Psaki deyib ki, “iştirak edəcək, bu, onun niyyətidir”.

Psaki bu bəyanatı Air Force One prezident təyyarəsinin göyərtəsində Baydeni müşayiət edərkən verib. Co Bayden həmin təyayrə ilə Şimali Karolinadakı Fort Braq bazasında əsgərlərin Şükranlıq tədbirində iştirak etmək üçün uçurdu.

79 yaşlı demokrat Bayden ötən həftə 2021-ci ilin yanvarından bəri ilk tibbi müayinəsindən keçib.

Həkimlər onun sağlamlığının vəzifəsi üçün qaydasında olduğunu bildiriblər.

Onlar əlavə ediblər ki, onun yerimə çətinliyi var və o qastro-ezofageal reflyuks xəstəliyi ilə bağlı arabir öskürür.

Baydenin reytinqi son aylarda düşüb və bəzi müşahidəçilər onun ikinci müddət üçün seçkiyə qatılacağını sual edirlər.

ABŞ-da prezident hər biri 4 il olan iki müddətdə vəzifəsində qala bilər.

Baydenin 2020-ci il seçkisində məğlub etdiyi 75 yaşlı Donald Tramp seçkiyə qatılıb-qatılmayacağı barədə hələki açıqlama verməyib.

Sudanın devrilən baş naziri yenidən vəzifəsinə qayıdır

Sudanın paytaxtı Xartumda etiraz aksiyası, 13 noyabr 2021

Bazar günü, noyabrın 21-də Sudanın paytaxtı Xartumda ölkənin faktiki lideri, general Əbdülfəttah əl-Burhan ilə ötən ay ordu tərəfindən vəzifəsindən uzaqlaşdırılan baş nazir Abdullah Hamduk arasında siyasi razılaşma imzalanıb.

Müqavilə əsasən oktyabrda baş vermiş hərbi çevriliş cəhdindən əvvəl mövcud olan status-kvonu bərpa edilib.

Keçid dövründə ölkəni Burhanın rəhbərlik etdiyi müstəqil Şura və yenidən Hamdukun rəhbərlik edəcəyi Nazirlər Kabineti idarə etməkdə davam edəcək.

Oktyabrda hərbçilər tərəfindən ləğv edilən əvvəlki hökumətin əvəzinə hökumət "texnokratlardan" yaradılacaq.

Oktyabrın 25-də müxtəlif siyasi qüvvələrin tərəfdarları arasında küçə qarşıdurması fonunda hərbçilər Nazirlər Kabinetini istefaya göndərib və fövqəladə vəziyyət elan edib. Hamduk bir müddət ev dustaqlığında saxlanılsa da, bir neçə gün sonra sərbəst buraxılıb, sonra isə iqamətgahına qayıdıb.

Qərb ölkələri Sudan hərbçilərinin hərəkətlərini pisləyib, çevrilişin əleyhdarları kütləvi etiraz aksiyaları keçiriblər.

2 il əvvəl avtoritar prezident Ömər əl-Bəşirin devrilməsindən bəri Sudan həm hərbçilərin, həm də mülki şəxslərin daxil olduğu Müstəqil Şura tərəfindən idarə olunur. Bu Şuranın vəzifəsi azad seçkilərin keçirilməsi üçün şərait hazırlamaqdır. Hərbçilər seçkilərə müdaxilə etməyəcəklərinə söz veriblər, son çevrilişi isə keçid dövründə nizam-intizam yaratmaq istəyi ilə əsaslandırıblar.

Saakaşvili ABŞ-ı Gürcüstan hakimiyyəti və məmurlarına qarşı sanksiyalara çağırır

Co Bayden (sağ) və Mixail Saakaşvili, Roma, 1 iyun 2011

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Co Bayden administrasiyasına açıq məktub göndərərək, onları Gürcüstan hakimiyyətini qınamağa və Gürcüstanın demokratiyadan geri çəkilməsini dayandırmaq üçün Tbilisiyə təzyiq göstərməyə çağırıb.

Saakaşvilinin məktubu Amerikanın “Politico” nəşrində dərc olunub. Həbsxanada başladığı aclıq aksiyasını 50 gün sonra-bir gün əvvəl dayandıran sabiq prezident yazır ki, o, əvvəllər qiyabi məhkum olunduğu ittihamları siyasi motivli hesab edir.

O hesab edir ki, son illərdə hakim “Gürcü arzusu” partiyası “məhkəmə sistemi və bir çox dövlət və qeyri-dövlət mediası üzərində nəzarəti gücləndirib, korrupsiyanın çiçəklənməsinə imkan verib, seçkiləri manipulyasiya edib və ölkəni Putin Rusiyası ilə yaxınlaşmağa sövq edib”.

Saakaşvili həmçinin hesab edir ki, Gürcüstanın hazırkı hakimiyyəti “NATO üzvlüyünə doğru irəliləmək üçün istənilən praktiki səyləri dayandırıb”.

Saakaşvili xatırladıb ki, prezident olduğu müddətdə o vaxt ABŞ-ın vitse-prezidenti olan Baydenlə görüşüb və o, Gürcüstan demokratiyasına dəstək vəd edib.

“Bu gün mən onun administrasiyasını ciddi təhlükə altında olan gənc demokratiyamızı dəstəkləmək üçün üzərinə düşəni etməyə çağırıram”, - deyə keçmiş prezident yazıb.

Onun təklif etdiyi tədbirlər arasında Gürcüstan hakimiyyətinin hərəkətlərinin ABŞ tərəfindən rəsmi şəkildə pislənməsi də var.

"ABŞ Konqresi Qlobal Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqi məsələsini də nəzərdən keçirməlidir"...

Saakaşvili həmçinin Bayden administrasiyasını onlayn dünya demokratiyası sammitində iştirak etmək üçün Gürcüstan hakimiyyətinə göndərdiyi dəvəti geri götürməyə çağırır.

Rəsmi Vaşinqton indiyədək Saakaşvilinin həbsi və aclıq aksiyası ilə bağlı baş verənlərə təmkinlə reaksiya verib, rəsmi Tbilisini keçmiş prezidentlə humanist davranmağa çağırıb və onun məhkəmədə ədalətli mühakimə olunmaq hüquqununun olduğunu vurğulayıb.

Mixail Saakaşvili Tbilisidəki həbsxana xəstəxanasından Qoridəki hərbi xəstəxanaya aparıldıqdan bir gün əvvəl aclıq aksiyasına son qoyub.

Saakaşvili müxalifəti dəstəkləmək üçün, yerli seçkilərə az qalmış sentyabrın sonunda gizli şəkildə 8 il ərzində olmadığı Gürcüstana gəlib. Oktyabrın 1-də Tbilisidə həbs edilib. Ölkədə olmadığı müddətdə onun barəsində vəzifə səlahiyyətlərini aşma ilə bağlı iki maddə üzrə qiyabi hökm çıxarılıb. Həmin hökmlərə görə, Saakaşvili altı il həbsdə qalmalıdır.

Müxalifət isə siyasətçinin təqib edilməsinin sırf siyasi bir məsələ olduğunu iddia edir.

Saakaşvili Gürcüstana 2008-ci ildə Rusiya ilə hərbi münaqişə zamanı rəhbərlik edib və nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti tamamilə itirib. Münaqişə Rusiya qoşunlarının özünü elan etmiş respublikalarda daimi yerləşdirilməsi ilə yekunlaşıb.

Ukrayna kəşfiyyatı: Rusiya gələn ilin əvvəlində Ukraynaya hücum edə bilər

Rusiya-Belarus hərbi təlimləri, arxiv foto

Rusiya gələn ilin yanvarında və ya fevralın əvvəlində Ukraynaya qarşı aktiv hərbi əməliyyatlara başlaya bilər.

Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” qəzetinə müsahibəsində belə deyib.

Budanovun sözlərinə görə, hazırda Rusiya Ukrayna ilə sərhəd yaxınlığında 92 mindən çox hərbçi cəmləyib.

Qışın gəlişinin və soyuq hava şəraitinin işğal risklərini yalnız artırdığını deyən K. Budanovun sözlərinə görə, mümkün şiddətli şaxtalar nə Rusiya, nə də Ukrayna hərbçiləri üçün problem deyil.

Ukrayna kəşfiyyatı rəhbərinin fikrincə, Rusiya qoşunlarının hərəkətləri Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildəkindən daha iddialı ola bilər.

Budanova görə, hücum Odessa və Mariupola hava zərbələri endirmək, desant əməliyyatları başlamaqla müşayiət oluna bilər. Kəşfiyyat rəhbərinin fikirincə, hücum zamanı Belarus ərazisindən zirehli texnikalar da cəlb oluna bilər.

Ukraynanın cənubu və şərqi, bir sıra rusiyalı siyasətçilərin, o cümlədən Vladimir Putinin “Novorossiya” adlandırdığı bölgələr hələ də mümkün hücum hədəfləri kimi müəyyən edilir. Yelnyada rus hərbi texnikası yerləşdirilib.

Budanovun sözlərinə görə, Rusiya işğala başlamazdan əvvəl Ukraynanın döyüş qabiliyyətini sarsıtmaq üçün “psixoloji əməliyyatlar” keçirəcək.

Bundan əvvəl Amerika mediası da kəşfiyyata və administrasiyadakı mənbələrə istinadən Rusiyanın Ukraynaya mümkün hücumu hazırlığı barədə məlumat yayıb. Eyni zamanda, Kremlin hələlik yekun qərar vermədiyi qeyd edilib. Ötən gün New York Times qəzetinin yazdığı kimi, Amerika və Britaniya kəşfiyyat xidmətləri getdikcə daha çox əmindirlər ki, Vladimir Putin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, ya da sabitliyi pozmaq üçün hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirir.

Qəzet yazır ki, Avropanın Rusiya təbii qaz tədarükündən daha çox asılılığı Moskvanı ruhlandıra bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər.

Rəsmi Vaşinqton və onun Aİ tərəfdaşları Rusiyanın Ukrayna sərhədinin perimetri boyunca qüvvələr toplamasından narahat olduqlarını bildiriblər. Bildirilib ki, bir sıra NATO ölkələri, xüsusən də Böyük Britaniya Rusiyanı cilovlamaq üçün Ukraynaya öz ordusunu göndərmək niyyətindədir.

Rəsmi Kiyev əvvəllər işğal təhlükəsinin əhəmiyyətli dərəcədə artdığını inkar etsə də, sonradan Ukrayna nümayəndələri də Moskvanın mümkün hərəkətləri ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar.

Kreml Qərb ölkələrini, xüsusən də Qara dənizdə gərginliyi artırmaqda ittiham etməklə yanaşı, Ukraynaya müdaxiləyə hər hansı hazırlığı inkar edir. Putin bu həftə Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxış edərək bildirib ki, Rusiya öz təhlükəsizliyinə Qərbdən zəmanət almalıdır.

ABŞ prezidenti iki hinduşkanı əfv edib

Prezident Co Bayden (sağ) Şükran günü üçün ona hədiyyə edilən hinduşkanı əfv edir, 19 noyabr 2021

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezident Co Bayden qarşıdan gələn Şükran Günü münasibətilə ona göndərilən iki hinduşkanı əfv edib.

İllik ənənə 1989-cu ildə 41-ci prezident Corc Buş tərəfindən tətbiq edilib. Hinduşka ABŞ-da noyabrın dördüncü cümə axşamı qeyd olunan Şükranlıq bayramı süfrəsində ənənəvi quşdur.

19-cu əsrin ortalarından etibarən Şükranlıq bayramdan əvvəl prezidentə hinduşka göndərilir. Buşun vaxtından bəri prezident rəsmi olaraq bayram günü hinduşkaları əfv edir, bundan sonra hinduşka fermaya və ya zooparka göndərilir. Bayden üçün bu il hinduşkaların əfv edilməsi prezidentlik dövründə ilk idi.

"Amerikanın Səsi" bildirir ki, "Fıstıq yağı" (Peanut Butter) adı verilən hinduşka və onunla birgə konfitur (meyvə və giləmeyvə qənnadı məmulatları) Vaşinqtona gətirilib.

Məlumata görə, əvvəllər olduğu kimi bu dəfə də ABŞ Prezidentiinə göndərilən hədiyyə əvvəllər saxlandığı fermaya göndəriləcək.

Məlumata görə, ötən il COVİD-19 pandemiyasına görə Şükran Günü Ağ Evdə sakit şəkildə keçirilsə də bu dəfə təntənəli bayram tədbiri keçiriləcəyi gözlənilir.

ABŞ kəşfiyyatı:Rusiya Ukraynaya qarşı hərbi əməliyyat hazırlaya bilər

Rusiya hərbi texnikasının cəmləşdiyi Yelnya, peyk görüntüləri, 1 noyabr 2021.

ABŞ kəşfiyyat agentlikləri NATO müttəfiqlərini xəbərdar edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Qərbin çox az vaxtı var.

Bu barədə New York Times cümə günü axşam məlumat yayıb.

Qəzetin ABŞ prezident administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib, lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur.

Cümə günü ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı ilə telefonla danışıb.

Məlumata görə, onlar Rusiya ordusunun həmin rayonda “həyəcanverici” fəaliyyətini müzakirə ediblər.

Qəzet yazır ki, Amerika və Britaniya kəşfiyyat xidmətləri Vladimir Putinin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, sabitliyi pozmaq, ya da hakimiyyətə Rusiyayönlü hökumətin gəlməyini təmin edəcək hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirdiyinə getdikcə daha çox əmindirlər.

Onların fikrincə, Putin Minsk sülh prosesinin səmərəsizliyindən əsəbiləşib. Avropanın Rusiyanın təbii qaz tədarükünə daha çox güvənməsi ona ümid verə bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər.

Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına cavab vermək üçün avropalı müttəfiqlərlə birgə fəaliyyət planı təklif edir.

Sanksiyalar bu planın mühüm hissəsidir. Qərb mənbələrinin məlumatına görə, son vaxtlar Voronej vilayətinin Pavlovsk şəhəri yaxınlığında Rusiya ordusunun döyüş hissələri və hərbi texnikası, o cümlədən tanklar, haubitsalar və “İsgəndər” raketləri cəmləşib.

Avstriyada kommunist mer seçilir

Avstriya, arxiv fotosu

60 yaşlı Kahr Avstriyada böyük bir şəhərin ilk kommunist meri olacaq

Avstriya Kommunist Partiyası (KPOe) ilk dəfə olaraq böyük şəhərə başçılıq edəcək. İki ay öncə yerli seçkidə gözlənilməz nəticə əldə olunmuşdu.

Ölkənin cənubunda yerləşən Qrazın şəhər şurası noyabrın 17-də Elke Kahrı mer postuna təsdiqləməlidir.

60 yaşlı Kahr Avstriyada böyük bir şəhərin ilk kommunist meri olacaq.

KPOe həmin şəhərdə Yaşıllar və Sosial Demokratik Partiya (SPOe) ilə koalisiyaya başçılıq edir.

Onların növbəti beş il üçün birgə proqramının əsas mövzuları sosial ev layihələrini genişləndirmək, evsizlərə kömək etmək, sosial müavinətlər, iqlim dəyişikliyi problemlərini həll etmək, nəqliyyat və sairədir.

Onillər boyunca Kommunistlər Avstriyada yerli səviyyədə mühüm siyasi qüvvə olublar.

Kahr sentyabr seçkisində səslərin 29 faizini yığaraq çoxdankı mer Sieqfred Naqlı məğlub edib. Naql keçmiş hakim mühafizəkar Avstriya Xalq Partiyasındandır.

Bolqarıstanda yeni partiya seçkidə önə çıxır

Bolqarıstanda seçki plakatı

Avropa Birliyinin ən yoxsul üzvü olan Bolqarıstanda bu il üçüncü dəfə seçki keçirilirdi

Bolqarıstanda parlament seçkisində yeni yaradılmış, korrupsiya ilə mübarizəni hədəfləyən partiya səslərin 25 faizindən çoxunu yığmaqla önə çıxıb.

Noyabrın 14-də ölkədə parlament və prezident seçkiləri keçirilib. Məqsəd aylardır davam edən siyasi böhrana son qoymaq, COVID-19 pandemiyası, artan enerji qiymətləri, korrupsiya ilə mübarizə aparacaq hökumət yaratmaq idi.

Ancaq seçkidə heç bir partiyanın çoxluğu təmin edə bilməməsi dərin parçalanmanın olduğu parlamentdə koalisiya danışıqlarının xeyli çətin keçəcəyi deməkdir. Avropa Birliyinin ən yoxsul üzvü olan Bolqarıstanda bu il üçüncü dəfə seçki keçirilirdi.

Bülletenlərin 42 faizindən çoxu sayılıb. “Dəyişikliyə Davam Edirik” mərkəzçi hərəkatı səslərin 26 faizə yaxınını yığıb. Hərəkata Harvard məzunları olan iki keçmiş biznesmen rəhbərlik edir.

Keçmiş baş nazir Boyko Borisovun sağ mərkəzçi hakim GERB partiyası 21.4 faiz səs yığıb.

240 yerlik parlamentə daha 5 partiya düşəcək.

Protokol vəzifəsi sayılan prezident postuna isə indiki prezident Ramun Radev ikinci müddətə beşilliyə seçilib.

Həkim: Saakaşvili çox zəifləyib, yataqdan dura bilmir

M. Saakaşvili Qldani həbsxanasının klinikasında, 8 noyabr 2021

Aclıq aksiyasının 44-cü günündə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili xeyli zəifləyib və yataqdan qalxa bilmir.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, bu barədə jurnalistlərə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib

"O aşağı enə bilmədiyi üçün mən onun yanına, kameraya baş çəkdim. Mən analizlər götürdüm, cavabları əldə etdim. Beləki birinci dəfə idi o, yataqdan ayağa dura bilmədi" Kipşidze bildirib.

Həkim beş saatdan çox həbsxanada qalıb. Onun sözlərinə görə, Saakaşvili aclıq aksiyasını davam etdirir, lakin həyati parametrləri saxlamaq üçün lazım olan dərmanların qəbulunu bərpa edib.

Mixail Saakaşvili ilə vətəndaş nigahında olan, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko keçmiş prezidentin saxlandığı Qldani həbsxanasına təcili yardım maşınının gəldiyi barədə məlumat yayıb.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məhbus üçün təcili yardım çağırılması barədə məlumatı təsdiqləməyib.

Ədliyyə Nazirliyi məhbusun səhhətinin “stabil” vəziyyətindən danışıb və əmin edib ki, lazım gələrsə, məhkuma həbsxana xəstəxanasında təcili yardım göstəriləcək.

Bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb, eyni zamanda hakimiyyətin reabilitasiya prosesi də daxil olmaqla, məhbusa müvafiq tibbi yardım göstərməli olduğunu vurğulayıb.

Saakaşvili bu müraciəti nəzərə aldığını bildirib, həkimlər şurası tərəfindən seçiləcək özəl klinikaya köçürüldükdən sonra aclıq aksiyasını dərhal dayandıracağına söz verib.

Saakaşvili uzun mühacirətdən sonra oktyabrın 1-də Gürcüstana qayıdıb. Bir müddət sonra həbs olunub. O, elə həmin gündən aclıq aksiyasına başladığını bəyan edib.

Amma bir neçə gün öncə Penitensiar Xidmətin çəkdiyi videoda Saakaşvilinin həbsxananın tibb hissəsində yediyi görünür. Saakaşvili elə həmin gün etiraz olaraq vitamınlərdən və şirədən imtina etdiyini bildirib.

Əl-Cəzirə televiziyasının Sudandakı büro rəhbəri həbs edilib

Əl-Cəzirənin İsrail bürosu, 13 iyun 2017

Əl-Cəzirə televiziyasının Sudandakı büro rəhbəri həbs edilib. Bu barədə mərkəzi ofisi Qətərdə yerləşən Əl-Cəzirə televiziya şəbəkəsi xəbər yayıb.

Məlumata görə, noyabrın 14-də Sudan təhlükəsizlik qüvvələri Xartum büro rəisinin evinə basqın edərək onu həbs ediblər.

Büro rəhbəri Əl Musalmi əl-Kabbaşinin hara aparıldığı ilə bağlı məlumat almaq mümkün olmayıb.

Hadisə Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordunun hakimiyyəti ələ keçirməsinə qarşı etirazlarda beş nümayişçinin öldürülməsindən bir gün sonraya təsadüf edir.

Qərbin yüz milyonlarla yardımı dondurmasından sonra hərbçilər ölkədə ordu baş nazir Abdalla Hamdokun kabinetini devirib.

Hakimiyyətin ordunun əlinə keçməsini ölkə əhalisi etirazla qarşılayıb və oktyabrın 25-dən Sudanda aksiyalar başlayıb.

Ukrayna Rusiyaya görə Azovdakı hərbi bazanın tikintisini sürətləndirir

Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov (sağda) Berdyansk, 13 noyabr 2021

Ukrayna Rusiya ilə gərginlik fonunda Berdyansk bazasının tikintisini sürətləndirməyi planlaşdırır

Ukraynanın yeni müdafiə naziri bildirib ki, qeyri-sabit regionda Rusiya ilə gərgin münasibətlər fonunda ölkə Berdyansk limanında hərbi-dəniz bazasının tikintisini sürətləndirəcək.

Müdafiə naziri Oleksiy Reznikov noyabrın 13-də Berdyanska səfərindən sonra bildirib ki, bu addım Ukraynanın Moskvanın mühüm əhəmiyyət kəsb edən Azov dənizinə nəzarəti ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün atılıb.

“Bu istiqamətdə imkanlarımızın gücləndirilməsi və ümumilikdə donanmanın inkişafı prioritet məsələlərdən biridir”, - deyə bölgəni gəzən Reznikov bildirib.

İraq Belarusa birbaşa təyyarə reyslərini dayandırır

Belarus-Polşa sərhəddində miqrantlar

Miqrantlarla bağlı vəziyyətə görə Bağdad Belarusla birbaşa təyyarə uçuşlarını dayandırır.

RİA Novosti bu barədə İraq xarici işlər nazirliyinin sözçüsü Əhməd əl-Səhhafa istinadla məlumat yayıb.

Məlumata görə, bundan başqa Belarusun Bağdaddakı fəxri konsulunun iş icazəsi ləğv edilir.

"Bu addım iraqlıları Belarus və Polşa vasitəsilə qeyri-qanuni miqrasiya şəbəkələrinə daxil olmaqdan qorumağa kömək edəcək" deyə RİA Novosti nazirlk sözçüsünün sözlərini sitat gətirir.

İraq rəsmisinin sözlərinə görə, İraqın Moskva və Varşavadakı səfirlikləri Polşa-Belarus sərhədində ilişib qalan vətəndaşların İraqa qaytarılması üçün səyləri əlaqələndirirlər.

Bundan əvvəl İraq və Türkiyənin aviaşirkətləri Avropa İttifaqına miqrantların Belarusa çatdırılmasının qarşısını almaq üçün tədbirlər görəcəyinə söz veriblər.

Xüsusilə Türk Hava Yolları Türkiyədən Belarusa reyslərdə İraq, Suriya və Yəmən vətəndaşlarının daşınmasını dayandıracağını, həmçinin Türkiyədən Minskə birtərəfli aviabiletlərin satışını dayandıracağını açıqlayıb.

Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaker qeyd edib ki, adamların Minskə çatdırılmasını mümkün qədər bloklamaq üçün hazırda Avropa Komissiyası Misir, Qətər, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Omanın aviadaşıyıcıları, habelə miqrantların Aİ-yə göndərildiyi dövlətlərin səlahiyyətli orqanları ilə danışıqlar aparır.

Bu yay miqrasiya böhranı ilə üzləşən Polşa, Latviya və Litvanın hakimiyyət orqanları Belarusla sərhəddə yerləşən ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Həmçinin sərhəddə əsas hasarın çəkilməsi barədə razılığa gəlinib. Amma hələki bu tədbirlər nəticə vermir. Suriya, İrak və Yaxın Şərqin başqa ölkələrindən olan onlarla insan sərhədləri keçməyə cəhd etməkdədir.

Aİ səlahiyyətliləri Belarusun təhlükəsizlik qüvvələrinin və Lukaşenkonun qohumlarının miqrantların köçürülməsində birbaşa iştirak etdiyini bəyan edir və baş verənləri Belarusun Aİ ilə apardığı “hibrid müharibənin” bir hissəsi hesab edirlər.

Miqrantlar dövlət turizm şirkətinin köməyi ilə Minskə, ordan da təhlükəsizlik işçilərinin müşayiəti ilə sərhədə gətirilir. Yaranmış vəziyyətlə bağlı Avropa İttifaqı Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul etməyə hazırlaşır.

Dörd astronavt BKS-yə çatıb

Yeni missiyanın üzvləri

Barron, Maurer və Çari kosmosa ilk dəfədir uçurlar

Dörd astronavtın olduğu SpaceX kapsulu 21 saatlıq uçuşdan sonra Beynəlxalq Kosmik Stansiyaya (BKS) yan alıb. Kapsul NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən yola düşmüşdü.

Biri Almaniya, üçü ABŞ-dan olan astronavtlar BKS-da altı ay işləyəcəklər. Onlar hazırda stansiyada olan NASA-dan Mark Vande Hei və Roskosmos-dan Anton ŞkaplerovPyotr Dubrov ilə birlikdə çalışacaqlar.

“Crew Dragon”un uçuşu tamamilə avtomatlaşdırılıb, komandir Raca Çari və pilot Tom Marşburn yalnız kapsul sistemlərinin monitorinqini aparırdı.

NASA-dan Kayla Barron və Avropa Kosmik Agentliyindən Matiyas Maurer yeni astronavtlardır.

Barron, Maurer və Çari kosmosa ilk dəfədir uçurlar. SpaceX onların kosmosa ayağı dəyən 599, 600 və 601-ci şəxslər olduqlarını bildirib.

Romanovlara məxsus zinət əşyaları hərraca çıxarılır

Sotbi hərracı

Yaqut və brilyant işləməli bəzək sancağı və sırğaların 1900-cü ilə aid olduğu deyilir

Rusiyanın Romanovlar imperiya sülaləsinə məxsus zinət əşyaları noyabrın 10-da Sotbi hərracına çıxarılacaq. Bu zinət əşyalarını 1917-ci il inqilabı vaxtı Rusiyadan çıxarıldığı bildirilir.

Hərrac İsveçrə paytaxtı Cenevrədə keçiriləcək.

Yaqut və brilyant işləməli bəzək sancağı (broşka) və sırğaların 1900-cü ilə aid olduğu deyilir.

Əşyalar Rusiya çarı II Nikolayın xalası, Böyük Hersoginya Mariya Pavlovnaya aiddir. Hərrac evi onların dəyərinin 307 min – 526 min dollar arasında dəyişdiyini bildirir.

Zinət əşyalarını Londona Pavlovnanın dostu, britaniyalı incəsənət alverçisi və diplomatik kuryer aparıb. Qadının ona inanaraq zinət əşyalarını saxlamağa verdiyi deyilir.

Pavlovna II Aleksandrın oğlu, Böyük Hersoq Vladimirin həyat yoldaşı olub. “Onun fantastik zinət əşyaları kolleksiya vardı”, – Sotbinin Cenevrə ofisinin satış üzrə rəhbəri və cəvahirat eksperti Olivier Vaqner “Reuters”ə deyib.

1919-cu ildə, Bolşevik qüvvələrinin irəliləməsi səbəbindən Rusiyadan qaçan Pavlovna 1920-ci ildə Fransada vəfat edib.

Broşka və sırğaları 2009-cu ildə hərracda almış avropalı ailə satışa çıxarır.

Ararat Mirzoyan da Parisə gedir

Ararat Mirzoyan

Noyabrın 10-da Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Fransaya ikigünlük işçi səfərə yola düşəcək. Bu haqda AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Mirzoyan UNESCO Baş Konfransının Parisdə keçiriləcək 41-ci sessiyasına qatılacaq. Sessiya çərçivəsində UNESCO-nun 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Nazirin ikitərəfli görüşlər keçirəcəyi, 4-cü Paris Sülh Forumuna qatılacağı bildirilir.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov isə artıq Parisə yola düşüb. Onun UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında iştirakı və çıxışı gözlənir.

Azərbaycan və Ermənistan nazirlərinin Parisdə görüşüb-görüşməyəcəyi bəlli deyil. Onların daha öncəki görüşü sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilmişdi.

İlk çinli qadın kosmosa çıxıb

Çinli astronavtlar (soldan sağaı) Janq Siaoquanq, Nie Haişenq və Vanq Yapinq, arxiv fotosu

Çin Kosmik agentliyinin məlumatında ölkə tarixində ilk dəfə qadın astronavtın missiyada iştirak etdiyi vurğulanır

Astronavt Vanq Yapinq kosmosda gəzən ilk çinli qadın kimi tarixə düşüb. O, kosmosa Tianqonq kosmik stansiyası ətrafında işi tamamlayan komandanın tərkibində gedib.

Çin hakimiyyətinin noyabrın 8-də bildirdiyinə görə, 41 yaşlı Vanq həmkarı, 55 yaşlı Jai Jiqanq ilə noyabrın 7-də moduldan çıxaraq, xüsusi cihaz və birləşdiriciləri quraşdırıblar.

Tianqonq Çinin kosmosda böyük gücə çevrilmək planının tərkib hissəsidir. Bundan öncə Çin Marsa xüsusi rover, Aya missiyalar göndərib.

Çin Kosmik agentliyinin məlumatında ölkə tarixində ilk dəfə qadın astronavtın missiyada iştirak etdiyi vurğulanır.

“Missiya ümumilikdə rahat və uğurlu keçib”, – agentlik bildirib.

Tianqonq kosmosda azı 10 il fəaliyyət göstərəcək.

ABŞ-da konsertdə yaranan izdihamda ən azı 8 nəfər ölüb

Texas, Hadisə baş verən meydan, təcili yardım maşını izdiham arasında 5 noyabr 2021

Amerikanın Texas ştatının Hyuston şəhərində “Astroworld” musiqi festivalında izdihamda azı 8 nəfər ölüb, onlarla adam müxtəlif xəsarətlər alıb.

Cümə gecəsi məşhur reper Travis Skottun çıxışı zamanı izdiham səhnənin kənarına sıxışmağa başlayanda baş verib.

"Bu panikaya səbəb oldu və xəsarətlərə səbəb oldu, insanlar yıxılmağa, huşlarını itirməyə başladılar", - Hyuston yanğınsöndürmə idarəsinin rəhbəri Samuel Penya mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xəstəxanaya 17 nəfər çatdırılıb, onlardan 11-nin ürəyi dayanıb.

Məlumata görə, faciə baş verən zaman konsert meydançasında 50 minə yaxın insan olub.

Yerli "Houston Chronicle" nəşrinin yazdığına görə, reper Travis Scott səhnənin yanında pərəstişkarlarının huşunu itirdiyini gördükdən sonra bir neçə dəfə çıxışı dayandırıb.

"Amerikanın Səsi" radiosunun məlumatına görə, şəhər polisi fövqəladə vəziyyətin səbəbini öyrənir, konsertdən yayımlanan videoları araşdırır.

Məlumata görə, baş verənlərdən, festivalda insanların ölməsi və yaralanmasından tamamilə sarsıldığını deyən reper polisə bütün lazımi yardımı göstərəcəyini vəd edib.

"Astroworld" şənbə günü davam etməli olan festivalın qalan hissəsini ləğv edib. Səlahiyyətlilər gün ərzində 300-dən çox insanın xəsarət alması ilə bağlı məlumatların əldə olunduğunu bildiriblər.

Davamı

XS
SM
MD
LG