-
Müsavat başqanın həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu məhbuslara isti geyim toplanması ilə bağlı kampaniya başlatdığını bəyan edib.
Nigar Yaqublu AzadlıqRadiosuna bildirib ki, atasının qaldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində istilik sistemi işləmədiyindən soyuq havada qalan məhbusların isti geyimə ehtiyacı var: «Facebook-da da öz profilimə yazmışam ki, kimin evində köhnə isti paltarı, şalvar, qış geyimlər, jaket, corab və s. varsa, gətirsin, məhbuslara çatdıraq».
Nigar Yaqublu deyir ki, artıq onun səsinə səs verənlər tapılıb.
Bir neçə gündür ki, 13 saylı həbsxanada, o cümlədən digər cəzaçəkmə müəssisələrində istilik sisteminin bərbad olması ilə bağlı şikayətlər eşidilir. Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət isə tənqidlərə reaksiya verməyib.