Yanvarın 5-də valideynləri 13 saylı çəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüblər. Anar Məmmədlinin atası Asəf Məmmədovun verdiyi məlumata görə, oğlunun əhval-ruhiyyəsi yaxşıdır: “Anar ötən bir ay ərzində müalicə götürüb, indi özünü yaxşı hiss edir. ciddi bir narahatçılığı yoxdur. Havalar istiləşəndən sonra yenidən ümumi tibbi müayinədən keçməyi planlaşdırır”, - deyə o bildirib.
A.Məmmədov deyib ki, soyuq havalarda cəzaçəkmə müəssisəsində qızdırılma zəif olur, elektrik isə fasilələrlə verilir.
Valideynləri ilə söhbət zamanı Anar Məmmədli onu da qeyd edib ki, əfvlə bağlı gözləntisi olmadığı üçün belə bir əfvin verilməsindən məyus olmayıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü ilin dekabr ayının 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir, 5 il 6 ay azadlıqdan məhrum edilib. Bir sıra yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin günahsız olduğunu vurğulayır və onun dərhal azad edilməsini istəyirlər. “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Anar Məmmədlini vicdan məhbusu kimi tanıyıb.