-
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 5-dən siyasi partiyaların 2015-ci il üzrə maliyyə hesabatlarının qəbuluna başlayıb.
Bu haqda AzadlıqRadiosuna MSK-nın mətbuat katibi Şahin Əsədli deyib. Onun sözlərinə görə, partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dək MSK-ya təqdim etməlidirlər. Bu, siyasi partiyalar haqqında qanunun tələbidir.
«MSK illik hesabatlara baxdıqdan sonra internet səhifəsində yerləşdirərək onu ictimailəşdirir», - Şahin Əsədli bildirir.
İllik hesabat təqdim edilmədikdə qurum həmin partiyaların siyahısını Ədliyyə Nazirliyinə göndərir.
Şahin Əsədlinin dediyinə görə, ötən il dörd partiya MSK-ya hesabat verməyib. Bunlar Dirçəliş və Tərəqqi Partiyası, Milli Hərəkat Partiyası, Vətənpərvərlər Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır.
Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 55 siyasi partiyadan 51-nin hesabatı MSK-nın saytındadır.