-
Rusiya Ukrayna ilə Krımın elektrik enerjisi təchizatı ilə bağlı sövdələşməsini uzatmaya bilər. Bunu ölkə prezidentinin mətbuat katibi Dmitry Peskov deyib. Onun sözlərinə görə, əgər Kiyev Krımın ona məxsus olduğunu təkid etməyə davam edərsə, iki ölkə arasındakı müqavilə dayandırılacaq.
Ölkə rəsmiləri bildiriblər ki, Krım sakinləri arasında keçirilən sorğu zamanı respondentlərin 93 faizinin Ukrayna ilə müqavilə bağlanmasını dəstəkləmədiyi məlum olub.
Sorğu zamanı sakinlər həm də belə bir sualı cavablandırıblar ki, Moskva Ukraynanın tələblərini rədd edərsə, müvəqqəti çətinliyə dözməyə hazırdırlarmı? Rəsmilər deyir ki, sakinlərin cəmi 5 faizi buna «yox» deyib.
Sorğu dekabrın 31-dən yanvarın 1-nə kimi keçirilib.
Krım və Sevastopolda 3 min adamın sorğuya cəlb edildiyi deyilir.
Krımı elektrik enerjisi ilə Ukrayna təchiz edirdi. Müqavilə 2015-ci il dekabrın 31-ə kimi idi və müqavilənin vaxtı bitən kimi rəsmi Kiyev elektrik enerjisi ilə təchizatı dayandırıb.