Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:59

Umberto Eco. Mən dünyanı idarə etsəydim


Umberto Eco
Umberto Eco

-

"Prospect" jurnalının "Mən dünyanı idarə etsəydim" rubrikasında bu ay bu suala yazıçı, filosof Umberto Eco cavab verib.

Mən dünyanı idarə etsəydim

Belə bir şeyin baş verməsi ehtimalı olmadığına görə yalnız polemik bir cavab verə bilərəm.

Yaşa dolduqca bəşəriyyətə nifrət etməyə başlamışam, odur ki, dünya üzərində tam hakimiyyətim olsaydı, işlərinə qarışmazdım, qoy bildikləri yolla gedib özlərini məhv etsinlər.

İnsanlar məni sevirlər, biz intellektualıq, işimizi görürük, məqalələr yazırıq, etiraz edirik, amma dünyanı dəyişdirə bilmirik. Biz yalnız empatiya siyasətinə dəstək verə bilirik.

Almaniya federal kansleri Angela Merkel
Almaniya federal kansleri Angela Merkel

Angela Merkel Suriya qaçqınlarına yer vermələri üçün alman xalqını yaxşıca ürəkləndirdi. O, bütün dünyada alman xalqının imicini dəyişdirdi – daha onlar Adolf Hitler SS-i kimi görünməyəcəklər. Bir siyasətçi budur, bunu eləyə bilər.

Nəvələrimdən birinin 15 yaşı var, deyir ki, dostları İnternetdə oxuduqları konspirasiyalara inanırlar. Keyfiyyət kontrolu yoxdur, bu, böyük problemdir.

Gənclər İnternetlə ehtiyatlı olmalıdırlar, aldıqları məlumatları süzgəcdən keçirməlidirlər. Çətin məsələdir. Mən Wikipedia istifadəçisiyəm, 99 faiz inana biləcəyimi düşünürəm, amma bu yaxınlarda görürəm mənim səhifəmdə yazılıb ki, guya 13 uşağın ilki olmuşam, naşirimin qızına evlənmişəm.

Hər bir hökumət təhsili inkişaf etdirməyə çalışmalıdır. Birinci Dünya Müharibəsindən əvvəl İtaliyada vur-tut 20 faiz əhali ibtidai təhsil almışdı.

Bu günsə problem – universitetlərdir, indi problem ondadır ki, biz daha çox insanı qəbul etmək üçün qəbul tələblərini asanlaşdırırq, prosesin keyfiyyətini salırıq. İtaliyada bu, faciəvi nəticələr verir.

İndi universitetin ilk üç ili asandır, tələbələr 100 səhifədən qalın kitablar oxumalı olmurlar. Hakimiyyətdəkilər başa düşməlidirlər ki, insan böyümək üçün çətinliyə düşməlidir. Mən universitetdə oxuyanda minlərlə səhifə kitab oxumuşam və ölməmişəm!

Məktəblərdə dillərin öyrənilməsini məcburi edərdim. Avropa yaşayacaqsa, dillərin qarşılıqlı anlaşmasıyla yaşayacaq.

Avropanın iki ən böyük ölkəsində - Fransa və İngiltərədə əhalinin əksəriyyəti yalnız öz dilini bilir.

Bu yaxınlara qədər İngiltərədə insanlara latın dili öyrədilirdi. Bir əhvalat var ki, 19-cu əsrdə yerli üsyan vaxtı ingilis general Hindistanın Sindh əyalətinə göndərilir, zarafatla Londona latın dilində məktub göndərir, deyir: "Peccavi", yəni mən günaha batmışam. Məsələ onda deyil ki, o, latın dilində zarafat edə bilir, məsələ ondadır ki, onun Londondakı həmkarları bu zarafatı başa düşürlər.

Bir nəvəm iki ildir ki, yunan dilini öyrənir, Homeri orijinalda oxuyub başa düşmür hələ, amma o, Yunan sivilizasiyasını başa düşmək qabliyyətini inkişaf etdirib. Bu, “encyclios,” – dövri təhsil deməkdir, “encyclopaedia” da bu sözdən törəyib.

İnsanlar dindar heyvanlardır. Köpəklər dindar deyil. Aya hürürlər, amma dinə görə dalaşmırlar.

İnsanlar öz vəziyyətlərinə səbəb axtarmaq tendensiyasına malikdirlər. GK Chesterton'un gözəl bir sözü var, deyir: “İnsanlar Tanrıya inanmayanda qalan hər şeyə inanmağa başlayırlar.”

Karl Marx
Karl Marx

Dünyanı idarə edən şəxs dini ortadan götürməməlidir. İstər ateist ol, istər dinsiz, qəbul etməlisən ki, insanlığın böyük hissəsinin dini inanclara ehtiyacı var.

Karl Marx dinin insanlar üçün tiryək olduğunu deyib, – odur insanları sakit saxlayan. Amma din həm də insanlar üçün kokain ola bilər. Onun ikili funksiyası var – məlum fundamental suallara cavab vermək və inananları qeyrilərilə savaşa itələmək.

Nəhayət, mən dünyanı idarə etsəydim, insanları bütün kitablarımı oxumağa məcbur edərdim, qoy oxuyub mənim kimi ziyalı olsunlar və bizim dünya ağasına ehtiyacımız olmadığını anlasınlar.

Müsahibəni alan: Serena Kutchinsky

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG