Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:57

​​Şaxta babanın hekayətini bilirsiz?


-

"Qışda əkilən fidancıqların baharda çiçəkləyəcəyinə şübhə etməyək."

Ülvi Babasoy

Şaxta baba və təsəllimiz

Ülvi Babasoy
Ülvi Babasoy

Şaxta babanın hekayətini bilirsiz? Bilirəm... Bilirəm, nə deyəcəksiz. Deyəcəksiz ki, biz nə hayda, sən nə hayda.

Yenə də hər şeyin baha, sözün çox ucuz olduğu bir vaxtda sözdən yapışmaq məsləhətdir.

Şaxta baba ilə bağlı iki rəvayət daha məşhurdur. Elə mən də məşhurları danışım ki, başağrı olmasın.

Birinci rəvayətə görə, Keşiş Nikolasın yaşadığı şəhərdə 3 bacı varıymış. Bacıların cehiz almağa pulları olmadığı üçün evlənə bilmirlərmiş. Keşiş bu kədərli xəbəri eşidər-eşitməz, bacıların yaşadığı evin bacasından bir neçə kisə qızıl atır.

Bacıların həyatı zəhrimar yaşantıdan xilas olur. O gündən keşiş Nikolas xilasedici, sovqat gətirən şirin Şaxta babaya çevrilir...

İkinci hadisə kilsədə baş verir. Kilsədəki İsa peyğəmbərin heykəli oğurlanır. Keşiş Nikolas həmin gündən etibarən özünə yer tapa bilmir.

Bir gün oğruları tapır. Sən demə, oğrular uşaqlarıymış. Keşiş uşaqlardan soruşur: Niyə müqddəs İsa heykəlini oğurladınız?

“Onu çarmıxdan xilas etmək istədik, bizim üçün etdiyi fədəkarlıqdan sonra onu orada kimsəsiz, tək qoya bilməzdik”

İlahi, bu cavabdan sonra Keşiş Nikolasın görə biləcəyi ən xeyirxah iş Şaxta baba olub uşaqları sevindirmək ola bilərdi...

Noolar, qoyun üçüncü bir əhvalatı da mən uydurum. Əslində olmuş bir şeydi. Danışdığım əhvalat bundan bir neçə əsr əvvəl baş verib. Bəri başdan deyim, bu hadisənin Şaxta babayla heç bir əlaqəsi yoxdur.

Həmin vaxtlar da indi olduğu kimi, hər şey baha, söz ucuzmuş. Aclıq, səfalət və daha nələr, nələr də öz yerində.

Həmin ölkədə yəhər ustası olan Yusif sözdən bərk yapışanlardanıymış. Şans elə gətirir ki, Yusif qəfildən taxt-tac sahibi olur. Hər şey qaydasına düşür. Ta ki...

Mənim danışacağım nağıl və əfsanələr bu qədər. Unutmayaq ki, ən böyük həqiqət nağıl kimi yalanlarda gizlənib. Gəlin üç hadisədən birini seçək. Mənim seçimim ikinci nağıldır.

Uşaqlar. İllüstrasiya
Uşaqlar. İllüstrasiya

Uşaqları xilas edək. Onları xilas edək ki, “yalan qışqırmasın üstümüzə”. Onları qoruyaq ki, keçmişi çürük, indisi və gələcəyi ilğımdan ibarət bizim dünyamızda məhv olmasınlar. Qışda əkilən fidancıqların baharda çiçəkləyəcəyinə şübhə etməyək...

2015 necə də qaçmaq, qaçıb canını qurtarmaq istəyir. Ona görə ki, Şaxta babanın – Keşiş Nikolasın sevgisinə layiq ola bilmədi. Daha çox nifrət toxumları əkdi son günlərində.

2015-in ümidi 2016-yadır. Bəlkə Şaxta baba gəlib təsəlli verdi yaşamağa. 2016-a girməyə heç kimdə taqət qalmayıb. Təsəlliyə möhtacıq hamımız. Heç olmasa, təsəlliyə olan ümidimizi itirməyək.

Yeni iliniz qutlu olsun, bizləri kimsəsiz və ümidsiz qoymayan, Uşaqlar! Təsəllimiz sizlərsiniz. Yoxsa, şair demişkən, təsəllisiz yaşamağı bacardıq, ölməyi də bacararıq! Təki, siz var olun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG