Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:12

Hərbi məktəblər niyə bağlandı?


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

-
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin ləğvinə hərbi ekspertlər fərqli münasibətlər bəsləyirlər. Yada salaq ki, prezident İlham Əliyevin bu günlər verdiyi sərəncamla bu iki hərbi məktəb Ali Hərbi Məktəbdə yaradılacaq uyğun fakültələrlə əvəz ediləcək.

Hərbi ekspert Üzeyir Cəfərov AzadlıqRadiosuna deyib ki, o, prezidentin belə bir sərəncam verəcəyini çoxdan gözləyirmiş:

«Azərbaycan kimi ölkədə bu qədər hərbi məktəbə ehtiyac yoxdur. Yəni sərəncamla büdcədə xeyli vəsaitə qənaət ediləcək».

Üzeyir Cəfərov hesab edir ki, hərbi hissələrin özündə də ixtisarlar aparılmalıdır:

HƏRBİ HİSSƏLƏRDƏ DƏ İXTİSARLAR OLMALIDIR...

«Sizi inandırıram, hərbi hissələrin heyətlərində şişirmələrə yol verilir. Fikrimcə, daxili işlər, fövqəladə hallar və ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin də hərbi hissələrində ixtisarlar aparılmalıdır. Azərbaycandakı hərbi hissələrin bir çoxu sovetlər dövründən qalıb. İndi həmin hərbi hissələr XXI əsrin tələblərinə cavab verməlidirlər».

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Üzeyir Cəfərovun fikrincə, bu heç də Azərbaycan ordusunun keyfiyyətini aşağı salmayacaq.

SƏRƏNCAMIN 3 SƏBƏBİ...

«Xəzər» Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli isə deyir ki, prezidentin bu sərəncamı kökündən yanlışdır:

«Fikrimcə, bundansa, güc orqanlarının nəzdindəki hərbi məktəblər ləğv edilməli idi. Onları Ali Hərbi Məktəb və indi ləğv edilən bu iki məktəbə birləşdirmək lazım idi. Hesab edirəm ki, bu 3 məktəb Azərbaycan hərbi təhsil sisteminin özəyi olmalı idi».

Cəsur Sümərinli
Cəsur Sümərinli

Cəsur Sümərinli deyir ki, sərəncam 3 əsas səbəb üzündən verilib:

«Birincisi neft gəlirlərinin ciddi şəkildə azalması səbəbindən ixtisar və büdcə vəsaitlərinə qənaət edilməsidir. İkincisi səbəb isə odur ki, illərlə hərbi məktəblərdə tələbə qəbulu prosesində çox ciddi problemlər yaranıb. İndi kursant çatışmazlığı var. Üçüncüsü isə Rusiyanın davamlı təzyiqləri var. NATO və ABŞ hərbi qüvvələri ilə mövcud olan uzunmüddətli əməkdaşlıq dayandırılıb».

Cəsur Sümərinli ehtimal edir ki, Ali Hərbi Məktəbdə mövcud olan və əsasən türkiyəli zabitlərin gərgin əməyi nəticəsində NATO standartlarına uyğun yaradılmış bəzi nizamnamə və qanunvericilik sənədi yenidən hazırlanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG