Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

Maşında çəkilmiş filmlər: Yer üzündə bir gecə


Jim Jarmusch
Jim Jarmusch

-

Maşında film çəkmək bir çox rejissorları cəlb edib. Maşını onlar üçün sevimli məkan edən nədir? Maşında eyni anda həm oturmuş, həm də hərəkət etməkdəsən. Sanki elə həyatdan danışmaq üçün əyləşmisən və eyni zamanda gedirsən. OxuZalında maşında çəkilmiş filmləri xatırlayaq.

"Filmin ssenarisini elə cəld yazıb bitirdim ki, öz-özümə dedim, bu, çox asan olacaq, tez çəkəcəyəm bunu."

Jim Jarmusch'un "Yer üzündə bir gecə" filmi (1991) də Abbas Kiarostaminin "On" filmilə eyni bir formada çəkilib: kino-almanax, müxtəlif müstəqil hissələr, üstəlik, bir maşının içində.

Rejissorun "The Guardian" qəzetinə müsahibəsindən bir hissəni təqdim edirik.

Filmdən bir görüntü
Filmdən bir görüntü

- “Bir gecə Yer üzündə” filmini çəkmək ideyası necə yarandı?

- Səmimi desəm, başqa bir film üçün ssenari yazırdım, onu çəkə bilmədiyim üçün kefim pozulmuşdu, özümü bəzi məsələlərə görə xəyanətə uğramış hiss edirdim.

Sonra dedim, cəhənnəmə, təcili başqa bir şey yazaram.

“Yer üzündə bir gecə” səkkiz günü əhatə edir. Fikirləşirdim ki, filan şəhərlərdə aktyor dostlarım var, necə edim ki, onları da görüm, onların hamısıyla işləyim… Hansı aktyorları görmək istəyirdimsə, o aktyorların olduğu şəhərləri bu filmə daxil etdim. Heç ciddi ölçüb biçməmişdim, sadəcə başqa bir layihə alınmadığına görə “Nəsə başqa bir şey etməliyəm” fikrindən doğdu bu film.

- Amma hər epizod çəkildiyi şəhərin mədəniyyətini ifadə edir. Helsinkidə fin şəhəri əhval-ruhiyyəsi, Romada katolik kilsəsinin və italyan komediyasının təsiri, Nyu Yorkda mədəni qarışıqlıq və aqressiya… Bunu qabaqcadan planlaşdırmışdınız, ya yoxsa təbii alındı?

- “Finlandiyadakı bu aktyorlarla işləmək istəyirəm” fikrindən sonra Helsinki və ya Finlandiya, onların mədəniyyəti haqda təəssüratla doldu içim.

Mən şəhərləri sevirəm, hətta başqalarının sevmədiyi, nə vaxtsa olduğum şəhərləri də sevirəm. Onlar da sevgili kimidir. İnsanların vəbadan qaçan kimi qaçdıqları Texasdakı Detroyt, İndianadakı Geri şəhərlərini sevirəm.

Şəhərlər bir taksinin içinə sığsalar da, xarakter ola bilirlər. Onların hər birinin atmosferi, rəngi, işıqlanması, sakinlərinə və sənin emosiyalarına təsiri bir-birindən çox fərqlidir.

- Bir taksinin pəncərəsindən şəhəri ifadə etmək, görüntülər götürmək çətin iş olmalıdır, çünki bu, rejissora məhdudiyyət qoyur.

- Gülməli bir şey oldu. Filmin ssenarisini elə cəld yazıb bitirdim ki, öz-özümə dedim, bu, çox asan olacaq, tez çəkəcəyəm bunu.

Sonra çəkilişlərə başlayanda öz-özümə dedim: "Dəhşət, dörd ayrı ölkə, beş ayrı şəhər və hamısı bir taksinin içində.” Maşında çəkmək doğrudan da çox çətindir, maşın interyerində çəkiliş aparmış hər bir kəs yalnız bunu deyə bilər: “Bir də belə eləmə.”

Adamları basmışdım maşına, ətrafda sürətli yol hərəkəti qurmuşdum, işıqları qoşmuşdum, birdən onlar çıxıb tualetə getmək istəsəydilər, lap fəlakət olurdu. Sendviçləri pəncərədən içəri ötürürdük ki, bircə içəridəkilər sağ qalsınlar. Maşında çəkmək doğrudan da əyləncə deyilmiş. Başımıza nə işlər gəldi...

Filmə burada bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG