Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Soğanverdilərə neftdən çox, yerkökünün ucuzlaşmağı təsir edib


Yerkökü nəinki yerli əhalinin, eləcə də ətraf ərazilərdə yaşayan insanların qazanc vasitəsinə çevrilib.
Yerkökü nəinki yerli əhalinin, eləcə də ətraf ərazilərdə yaşayan insanların qazanc vasitəsinə çevrilib.

-

Bərdə rayonunun Soğanverdilər kəndi yerkökü ilə məşhurdur. Ölkənin daxili bazarında bu məhsula olan tələbatın əhəmiyyətli hissəsini ödəyirlər. Hər gün yuyulub qablaşdırılmış 15-20 ton yerkökü avtomobillərə yüklənərək bu kiçik əyalət kəndindən Bakı və digər şəhərlərə daşınır.

Soğanverdilərdə yetişdirilən yerkökü nəinki yerli əhalinin, eləcə də ətraf ərazilərdə yaşayan insanların qazanc vasitəsinə çevrilib. Amma ötən illə müqayisədə manat 98 faiz ucuzlaşsa da, bu məhsulun qiyməti qalxmaq əvəzinə, daha da ucuzlaşıb. Bu isə adamların həyat səviyyəsinə və çoxillik əkinçilik ənənəsinə təsirsiz ötüşməyir...

QIŞDA DA ƏKİN SAHƏSİNDƏ QIZĞIN İŞ GEDİR

Səhərin gözü açılan kimi kənddə qaynar həyat başlanır. Əli bel, yaba tutan hər kəs içərisində günlük qida olan ağır heybəsini çiyninə atıb öz əkin sahəsinə yollanır. Bəziləri mal-qaranı da qabağına qatıb aparır ki, onlar kökdən ayrılan yaşıl kütləni yerindəcə yesin. Narahat təsərrüfat yollarında aztutumlu, rəngbərəng sərnişindaşıma avtomobilləri gözə dəyir- günəmuzd çalışanları iş görəcəkləri sahələrə çatdırılır.

Söhbətləşdiyim adamlar deyir ki, burada soyuq, küləkli havada, torpağın üstünü qar örtəndə belə iş gedir. Adamlar ucu-bucağı görünməyən sahələrdən məhsulu toplamağa tələsir ki, yeri növbəti əkin üçün hazırlaya bilsinlər.

«KASIBA ÇÖRƏK YOXDUR»

Kənd sakini Rafiq Rüstəmov deyir ki, bu il yerköküdən böyük qazanc gözləmir:

Səhərin gözü açılan kimi kənddə qaynar həyat başlanır.
Səhərin gözü açılan kimi kənddə qaynar həyat başlanır.

«Avqust ayından üzü bəri əziyyət çəkib məhsul yetişdirmişik. Şumlama, malalama, tirə çəkmə, toxum, suvarma, gübrələmə, dərmanlama işləri yerkökü əkini apardığım yarım hektar sahəyə görə təxminən 600 manat xərc təşkil edib. Amma bu il məhsul çox ucuz qiymətə- 25 kiloqramlıq kisə 4 manata alınır. Daşınma və yuyulma xərci də bundan çıxılır. Halbuki keçən il onu 10 manata satırdıq. İndi 7 kisə yerkökünün puluna 1 tay un gəlir. 4 nəfərdən ibarət ailəm gözünü bu torpağa dikib. Amma indiki qiymətlə bizə təxminən 200 manat xeyir qala bilər».

Gənc fermer deyir ki, yaxşı qulluq göstərə bilmədiyindən torpaq özü də get-gedə gücdən düşür:

«Gərək elə gəlir götürəsən ki, onun bir hissəsini torpağa qaytarmaq olsun. Ya başqa qazanc yerin ola ki, onu bir il dincə qoyasan. İndi böyük torpaq mülkiyyətçiləri pul qazanır, bazarı da onlar ələ alıb. Mənim kimi kasıblara çörək yoxdur».

«YERKÖKÜ PULSUZ GÜNLƏRİMİZDƏ ƏLİMİZDƏN TUTUR»

Kəndin digər sakini Yaşar Babayev yerkökünün qazancına çox da bel bağlamır:

«Həyat yoldaşım müəllim işləyir. Həyətyanı təsərrüfatda mal-qara saxlayırıq. 5 nəfərlik ailəmə 2 hektar yarım pay torpağı verilib. Bu il onun çox hissəsində şəkər çuğunduru əkmişdik. Yaxşı məhsul götürmüşük, qazancımız pis olmayıb. Azacıq sahədə yerkökü yetişdirmişik. Hissə-hissə satıb kiçik ehtiyaclarımızı qarşılayırıq. Düzü, mən heç bilmirəm məhsulun maya dəyəri nə qədərdir, qazancı nə olur. Bildiyim odur ki, yerkökü qış vaxtı kənd camaatının əlindən tutur».

Günə 8-13 manat pul qazanmaq olur.
Günə 8-13 manat pul qazanmaq olur.

«YERKÖKÜ TEXNİKALARI HƏLƏ BİZƏ GƏLİB ÇATMAYIB...»

Amma Yaşar Babayevdən fərqli olaraq Soğanverdilər kəndində iri torpaq mülkiyyətçiləri 5-10 hektar və daha çox sahədə yerkökü əkini aparan fermerlər var. Ölkənin başqa bölgələrinə nisbətən burada torpaq qiymətli hesab olunur- yerini özü əkməyənlər, onun 1 hektarını 500 manatdan olmaqla başqalarına illik icarəyə verir. Təbii ki, geniş ərazidə yerkökü əkini aparan iş adamları becərmə və yığıma görə də haqq ödəyirlər.

Bu iş ənənəvi üsulla görülsəydi, nəinki qazanc götürmək, heç xərcləri qarşılamaq mümkün olmazdı. Soğanverdilərdə yaşayan kənd təsərrüfatı mütəxəssisi Allahverdi Abdullayev deyir ki, müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, yeni növ toxumlardan istifadə edilməklə yüksək məhsuldarlığa nail olunur:

«Düzdür, əvvəlki illə müqayisədə çox xərc aparır, amma məhsulu bol olur. Ənənəvi yolla hektardan 20-25 ton məhsul alınırdısa, indi bu göstərici 60-80 ton arasında dəyişir. Amma biz bunu «qurama yolla» edirik- soğan və çuğundur səpini, becərilməsi üçün nəzərdə tutulan texnikadan istifadə edirik. Halbuki yerkökünün öz səpin, becərmə və yığım maşınları var. Bizdə məhsulun yığımında hələ də əl əməyindən istifadə edilir. Əsl texnikalar olsa və becərmədə daha mütərəqqi üsulları tətbiq edə bilsək, 1 hektar torpaqdan 120 tona qədər məhsul götürə bilərik».

Hər 50 kiloqramlıq kisəyə görə 2 manat haqq ödənilir.
Hər 50 kiloqramlıq kisəyə görə 2 manat haqq ödənilir.

«TÜRK SORTU»NUN QİYMƏTİ 3 DƏFƏ BAHADIR

Son illər Soğanverdilərdə «türk sortu» deyilən yerkökü də yetişdirilir. Türkiyədən gətirilən toxumdan alınan məhsulun torpaqdan çıxarılmağı, yuyulmağı nisbətən rahatdır, görünüşü daha cəlbedicidir. O, yerli növdən baha qiymətə- kiloqramı 50 qəpiyə satılır. Qabaqcıl təsərrüfat adamları hesab edir ki, onun yetişdirilməyi həm də yerkökü idxalının qarşısını qismən alır, bazarda qiymətə təsir edir.

1 KİLOQRAM MƏHSUL YIĞMAĞIN MUZDU- 4 QƏPİK

Geniş sahədə torpaqdan məhsul çıxaran adamlara yaxınlaşıram. Öyrənirəm ki, onlar yaxın qohumlardır və qonşu kənddən- İmirlidən gəlib burada günəmuzd qaydada işləyirlər. Briqada başçısı Kəmaləddin Muradov deyir ki, onların da pay torpağı var, amma orada yerkökü yetişdirmək sərfəli olmur:

«Qış mövsümündə boş oluruq deyə, gəlib burada kök çıxarırıq. Topladığımız hər 50 kiloqramlıq kisəyə görə 2 manat haqq ödənilir. Gündə hər birimiz təxminən 5 kisə tuta biləcək qədər məhsul yığırıq. Haqqımızı da evə gedəndə ödəyirlər».

«SU OLMADIĞINDAN ÖZ TORPAĞIMIZI ƏKƏ BİLMİRİK»

Tərtər rayonunun Hacıqərvənd kəndindən olan Elmira Alməmmədova deyir ki, ona burada ilin bütün fəsillərində iş olur:

5-10 hektar və daha çox sahədə yerkökü əkini aparan fermerlər var.
5-10 hektar və daha çox sahədə yerkökü əkini aparan fermerlər var.

«Payız girəndən ta qış çıxanadək yerkökü, çuğundur çıxarıram. Yazda və yayda məhsul yığımı ilə yanaşı, əkinlərin alaq otlarından təmizlənməsi işi də olur. Burada həmişə iş var, boş qalmırıq. Günə 8-13 manat pul qazanmaq olur».

Hacıqərvənd kəndinin başqa sakini Nəsibə Əliyeva suvarma suyu olmadığından pay torpaqlarından səmərəli istifadə edə bilmədiklərini deyir:

«Tərtərin Kəngərli, Seyidimli kəndlərindən də bura işləməyə gələnlər var. Su olmadığından pay torpağımızda ildə bir dəfə, güc-bəla ilə taxıl bitkiləri yetişdiririk. Amma onun qazancı çox olmur ki, bizi ilboyu dolandırsın. Hazırda bu bölgədə yaşayan yerli sakinlərlə məcburi köçkünlərin vəziyyəti oxşardır».

EMAL MÜƏSSİSƏSİ OLMADIĞINDAN MƏHSULUN BİR HİSSƏSİ BATIB GEDİR

Hazır məhsul torpaqdan çıxarılarkən kəsilmə, zədələnmə səbəbindən onun bir hissəsi itkiyə gedir. Sakinlər deyir ki, şirə emalı zavodu olsaydı, satış üçün yararlı olmayan məhsul ona təhvil verilərdi. Belə bir müəssisənin yaradılması üçün illər öncə təşəbbüslər olub, Bərdə rayon İcra Hakimiyyəti qarşısında da məsələ qaldırılıb. Amma adının çəkilməyini istəməyən iş adamlarından biri dedi ki, emal müəssisəsi yaratmaq üçün ikicə şərti var: güzəştli şərtlərlə kredit ayrılmağı, bir də qeyri-rəsmi tələblərin irəli sürülməməyi.

XS
SM
MD
LG