Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Azərbaycanın 4 qonşusu birgə enerji dəhlizi yaradır


Yerevanda memorandum imzalandi.
Yerevanda memorandum imzalandi.

-

Ermənistan, İran, Gürcüstan və Rusiya birgə enerji dəhlizinin yaratmaq barədə razılığa gəliblər. Bundan ötrü ayrıca koordinasiya qrupu qurulacaq və beləcə, dörd ölkənin enerji sistemi birləşdiriləcək. Bu barədə məlumatı Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini Areg Galstyan açıqlayıb. Onun sözlərinə görə, söhbət irimiqyaslı elektrik enerjisi mübadiləsindən gedir.

Nazir müavinidekabrın 25-də Yerevanda danışıqlar aparıldığını, Ermənistan, İran və Gürcüstan energetika nazirlərinin, eləcə də «Rusiya şəbəkələri» şirkətin baş direktorunun qarşılıqlı anlaşma barədə memorandum imzaladıqlarını bildirib.

Galstyan daha sonra deyib: «Koordinasiya qrupu vasitəsilə texniki məsələləri tənzimləyən normativ-hüquqi bazadan çıxış edərək, hər bir ölkənin sözügedən sahədə necə fəaliyyət göstərdiyini təftiş edəcəyik. Artıq gələn il aprelin ortalarında yenidən görüşmək barədə razılaşmışıq. Həmin görüşədək koordinasiya qrupu təftişi başa çatdıracaq və bizim hansı addımlar atmalı olduğumuzu müəyyənləşdirəcək».

Elektrik xəttləri
Elektrik xəttləri

Ermənistan Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, 2018-ci ilədək Ermənistanla Gürcüstan arasında 400/500 kVt-lıq yüksəkgərginlikli elektrik xətti istismara veriləcək. Bununla 2021-c ildə iki ölkə arasında elektrik ötürülüşünün gücü 700 meqavata çatacaq.

İRANDAN QAZ ALIB, ELEKTRİK ENERJİSİ VERƏCƏK

Tikintisi bu ilin avqustunda başlanmış 400 kVt-lıq Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Onun tikintisindən sonra bu iki qonşu ölkə arasında elektrik enerjisi mübadiləsinin həcmi 1200 meqavata çıxacaq.

«Yalnız bu halda biz mövcud razılaşmamızı tam həyata keçirmiş olarıq: İrandan qazı alırıq, əvəzində isə elektrik enerjisi veririk. İndi 1.2 milyard kVt/saatlıq enerjini, müqaviləyə əsasən, 6.9 milyard kVt/saata çatdıracağıq», - deyə nazir müavini məlumatı yekunlaşdırıb.

RUSİYA GÜRCÜSTANA, İRAN DA ƏVƏZİNDƏ ERMƏNİSTANA QAZ VERƏCƏK

«Gazprom»un rəhbəri Aleksei Miller iki həftə öncə Lüksemburqda, Gürcüstanın ovaxtkı energetika naziri ilə görüşündən sonra demişdi ki, «Gazprom» İranla bir saziş üzərində iş aparır. Həmin saziş reallaşarsa, Gürcüstan Rusiyadan böyük həcmdə qaz alacaq və İran da, öz növbəsində, eyni həcmdə qazı Ermənistana nəql edəcək.

Yerevandakı görüşdə bu məsələnin müzakirə olunub-olunmadığı barədə suala cavabında Galstyan bildirib ki, dördtərəfli danışıqlarda yalnız elektrik enerjisi ilə bağlı məsələlərdən söz açılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG