-
Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlərə qarşı cərimələr artırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsində təsbit olunub.
Sponsorluq haqqında qanunvericiliyin tələblərini pozan fiziki şəxslər 1000-1500, vəzifəli şəxslər 2500-3500, hüquqi şəxslər isə 8000-10000 manat cərimələnəcəklər.
Mövcud məcəlləyə görə isə, bununla bağlı cəzalar 30 manatdan 50 manatadək cərimədir.
Ölkə prezidentinin Milli Məclisin plenar iclasına tövsiyə etdiyi yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.