Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Amerikalı təhlilçi: «Üzən məzənnəyə gərək tez keçəydilər»


Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

-

Azərbaycan manatı devalvasiya etmək üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini qaldırmasını gözlədi. Bunu Vaşinqtonda mənzillənən «Frontier Strategy» Qrupunun təhlilçisi Mark McNamee «The Wall Street Journal»a müsahibəsində deyir. FED ötən həftə uçot dərəcəsini 0.25 faiz qaldırıb.

«Gərək bunu daha tez edə, üzən məzənnəyə keçə, ağrısını da daha tez yaşayaydılar», - təhlilçi söyləyir. «Yəqin istədilər ki, ABŞ-da uçot dərəcəsi qalxsın və günahı müəyyən dərəcədə xarici faktorların üstünə yıxsınlar».

Müəllif Dan Keeler yazır ki, gəlirlərinin 90%-i neft və qaz ixracından gələn Azərbaycan bu il milli valyutasını devalvasiyaya uğradan sonuncu ölkə oldu.

Nyu-Yorkdakı «Auerbach Grayson» broker firmasından Simon Mandell isə inanır ki, valyutaları böyük təzyiq altında olan digər ölkələr də bu yolla getməlidirlər. O, Venesuelanı, Nigeriyanı, Misiri, Omanı, İraqı, Liviyanı və Ekvadoru misal çəkib: «Digər dəcəllərin də düşünüb-daşınmasını, məzənnənin saxlanmasından, yaxud idarəolunan üzən məzənnədən əl çəkməsini gözləyirik».

Müəllif vurğulayır ki, artıq Azərbaycan da investorların keçmiş favoritləri siyahısına qoşulur, neftin qiyməti düşdükcə, onun da iqtisadiyyatı laxlayır.

«Bir neçə il öncə Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan əsl artan bazarlar idi və hərə ondan bir pay istəyirdi – burada real pul qazanmaq olardı», - cənab McNamee deyir. «İndi hamı eyni problem içindədir. Yenə də uzunmüddətli perspektivdə cazibədar görünürlər, ancaq bir neçə il çətin olacaq».

Səudiyyə kralı Salman G-20 sammitində ABŞ prezidenti Barack Obama ilə salamlaşır.
Səudiyyə kralı Salman G-20 sammitində ABŞ prezidenti Barack Obama ilə salamlaşır.

İŞİD-İ YALNIZ SƏUDİYYƏ MƏĞLUB EDƏ BİLƏR

«The Guardian»da Nawaf Obaid yazır ki, Paris və San-Bernardinoda son terror hücumları «İslam Dövləti» (İD) silahlı qruplaşmasının qlobal miqyasda hərəkətə keçdiyini göstərir. Artıq Yaxın Şərqdə tutduğu ərazilərlə kifayətlənməyən qruplaşma bütün dünyada qətllər törətmək üçün terrorçuları həvəsləndirir, onlara təlim keçir və silahla təchiz edir.

Təhlilçilər İŞİD-i dayandırmaq üçün onun mənbəyini dəyərləndirməyə çalışırlar. Çoxu mənbə kimi Səudiyyə Ərəbistanını, onu dayandıracaq qüvvə kimi isə Birləşmiş Ştatları göstərir.

Ancaq müəllif yazır ki, dərindən baxanda, İŞİD Səudiyyə ilə qatı teoloji müharibə aparır, kimin əsl sünni İslam dəyərlərinə əməl etməsini müəyyənləşdirməyə çalışır. İki müqəddəs – Məkkə və Mədinə məscidlərinin yerləşdiyi Səudiyyə Ərəbistanı hazırda İŞİD-lə mübarizə aparan milyard yarım müsəlmana başçılıq edir. Krallıq terrorçuluqla mübarizə koalisiyası yaradıb. Bütün bunlar təsdiqləyir ki, Səudiyyə İŞİD-in mənbəyi deyil, bu terrorçu qruplaşmanın əsas opponentidir və onu elə birdəfəlik məhv edə biləcək ölkədir.

Müəllif Səudiyyə ilə İŞİD-in müharibəsinin 3 faktora söykəndiyini yazır: 1) hər ikisi sələfiliyə söykənsə də, İŞİD, əslində, xəvvariclər kimi tanınan qəddar təriqəti davam etdirir. Xəvvariclər onlarla razılaşmayan istənilən kəsi qətlə yetirməyə hazırdır; 2) İŞİD xilafət qurmağa çalışır ki, bunun da yolu krallıqdan və Səudiyyə xalqından keçir; 3) Və nəhayət, üçüncüsü maliyyə səbəbidir. İŞİD genişləndikcə, daha artıq resurs tələb edir və «əl-Qaidə» kimi krallığın nəhəng neft yataqlarına və sərvətinə göz dikir.

«İŞİD ilk dəfə 2011-ci ildə Suriyada peyda olanda, Səudiyyə mötədil Suriya müxalifətinə dəstək toplayırdı. Ancaq dünya onu dinləmədi. İndi isə İŞİD təkcə Yaxın Şərqə deyil, bütün dünyaya təhdiddir. Yalnız Səudiyyənin başçılıq etdiyi koalisiya İŞİD-i məğlub edə bilər. Dünya ölkələri İŞİD-in həqiqətən də məhvini istəyirsə, Səudiyyəni bu qruplaşmanı yaratmaqda yalandan suçlamağı dayandırmalı, onu məğlub etmək naminə krallığa qoşulmalıdır».

Selahattin Demirtaş
Selahattin Demirtaş

KÜRDPƏRƏST RUSİYA TÜRKİYƏNİ NİYƏ ÖZÜNDƏN ÇIXARIR

«Rusiya opponentinin geosiyasi düymələrini necə basmağı bilir. Türkiyə Rusiya təyyarəsini vurandan sonra Moskva Ankaranı siyasi və iqtisadi baxımdan cəzalandırmağa başlayıb. İndi isə Ankaranı daha çox qəzəbləndirir, Türkiyə üçün çox həssas məsələyə, kürd məsələsinə təsir rıçağı kimi əl atır».

Belə ki, çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergei Lavrov Türkiyənin kürd partiyası olan Xalq Demokratiya Partiyasının (HDP) lideri Selahattin Demirtaş-ı qəbul edir. Demirtaş HDP-nin Moskvada ofis açacağını bildirib.

«Siyasətçi iddia edir ki, o, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın edə bilmədiyini edəcək: Türkiyənin Rusiya ilə münasibətini düzəldəcək. Ancaq, əslində, Demirtaş Erdoğan-a göstərmək istəyir ki, kürdlər bir siyasi qüvvədir, onları seçkidən kənarlaşdırmaq, küçələrdə əzmək olmaz», - «Stratfor» Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

«Stratfor» vurğulayır ki, Rusiya kürdləri dəstəkləməklə Ankaranı zəiflətdiyinin fərqindədir. Elə bu səbəbdən Rusiya ötən həftə israr edib ki, PKK-ya bağlı Suriya kürdləri – Demokratik Birlik Partiyası Suriyanın digər müxalifət qrupları ilə birgə danışıqlar masasına əyləşsin. Rusiya oktyabrda Suriya kürdlərini Moskvada ofis açmağa dəvət edib:

«İndi Türkiyə müəyyən reallıqlar qarşısında qalacaq. Kürdlərin Türkiyədə siyasi mövqeyinin güclənməsi kürd muxtariyyəti məsələsini gündəmə gətirə bilər. Digər tərəfdən, kürdlərin nəzarətində olan şimali Suriyadan da PKK-ya potensial dəstək gələr».

Həmçinin baxın: AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG