-
Qalib Bəhram
Ayaqqabı
Kəndimizə əvvəlcə müharibənin xəbəri gəldi,
sonra özü.
Əvvəl yaşamaq ümidini itirdi insanlar,
sonra başlarını.
Həyatlarını itirənlər də oldu
Biz başlarını qoruyub, həyatlarını itirənlərdən olduq.
Öz həyatımızı arxada qoyub,
Köçüb gəldik ölkənin lap bu başına -
Başqalarının həyatını yaşamaq üçün
Atam bazarda bir dükan götürdü
Ayaqqabı satdıq.
Piştaxtanın arxasında gah anam durdu,
gah atam,
məktəbdən sonra da mən.
Bacım hələ çox balacaydı onda
Bir gün mağazamıza qoltuğu ağaclı bir kişi gəldi
Ayağının biri yox idi
Ayağını soruşanda "ölüb", - dedi, gülə-gülə
Atam ona bir cüt ayaqqabı satdı.
Mən etiraz elədim
"Ona sağ tayı sataq", - dedim
Atam barmağını dodaqlarına aparıb "sus", - dedi, -
"Böyüyün işinə qarışma"
Kişi ayaqqabının sağ tayını ayağına geyindi,
Sol tayını qoltuqağacıyla yan-yana qoltuğuna vurdu,
Çıxıb getdi.
O gün atamı bağışlamadım...
İndi böyümüşəm,
İllər keçib o gündən
Hələ də o ayaqqabının sol tayını fikirləşirəm
Atamı hələ də bağışlamamışam.
Dava
Küçələrin bitdiyi yerdən başlayırsan sən
O küçələrin ki,
onları
mən sənsiz dolaşmışam.
bu gün özümlə dalaşmışam
yenə
əllərim ayaqlarımı döyərək qışqırırdı:
bu dəfə getməyəcəksən!...
Qan
Dünya qana boyanacaq bir gecə,
Başdaşları qan içindən boylanacaq,
Qan iyindən qəbirlərdə yatanlar da oyanacaq,
Ağ kəfənlər qırmızıya boyanacaq.
Qan yağacaq yağışların yerinə,
Arvadlar qan tökəcək qarğışların yerinə,
İnsanlar dişləriylə bir-birini didəcək,
Bu dünyamız qana qurban gedəcək.
Qan gələcək anaların döşündən
Balalara qan verəcək analar,
Süd yerinə qan içəcək balalar.
Elə onda, Tanrı göydən enəcək,
Anaları, balaları qucaqlayacaq,
Tanrı da onlara qoşulub qan ağlayacaq.
Qan quruyub qalacaq Tanrının üz gözündə,
Üst-başı da batacaq insanların qanına.
Nə qədər çalışsa da, o qan silinməyəcək
Tanrı üst-başında qan, göylərə dönməyəcək.