Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:18

1000 manata yolka...


►Mağazalarda, bazarlarda, teatrlarda Yeni İl hazırlıqları başlayıb

Bakıda Yeni il hazırlıqları küçələrdəki kiçik köşklərdəki, mağazalardakı oyuncaqların musiqili səslərindən, bərq vuran yolkaların yanıb-sönən işıqlarından,uşaqların, böyüklərin rəngbərəng yolka oyuncaqları almasından hiss olunur.

“Lap uşaqlığıma qayıtdım. Düzdür, onda belə al-əlvan yolka oyuncaqları yox idi. İndi daha maraqlıdır. Ancaq nəsə Yeni il deyəndə, özümdən asılı olmayaraq, uşalqığım yadıma düşür”.

Nəvələrini gəzməyə çıxarmış Tamerlan Kərimov deyir ki, indi bahalıq olsa da, imkanı çatdıqca uşaqları sevindirməyə çalışır:

“Uşaq əyləncələri çox bahadır. 3 dəqiqəlik karuselin qiyməti 2 manatdır. İki uşaq üçün 6 dəqiqəyə 4 manat ödəyirsən. Bu 180 manat təqaüd alan baba üçün çox bahadır”.

1 -20 manata oyuncaqlar, 10 – 1000 manata yolkalar

Oyuncaqlar, yolkalar satılan mağazalarda isə alıcılar daha çoxdur. Satıcılar deyir ki, oyuncaq mağazalarında kasıblar üçün də seçim var, varlılar üçün də:

“Bu yolka oyuncaqlarının biri 1 manatdır. 5 manata, 20 manata da oyuncaqlar var. 10 manatlıq yolkalar Çindən gətirilib. Avropa ölkələrinin istehsalı olan yolkalar isə 120-200 manatdır. Daha böyük yolkalar var ki, işıqlandırılması, keyfiyyəti tamam fərqlidir. Belə yolkaların qiyməti 800 – 1000 manat arasındadır”.

Küçələrdə satılan əli kamançalı qaradamı, üstündə yeni il təsvirləri olan şirniyyatlar 3-5 manatadır.

Qiymətlər bayrama 3-4 gün qalmış bahalaşacaq

“Yeni ildə süfrə açmaq, bir iki yemək bişirmək lazımdır ki, il bərəkətli olsun”. Bunu bazarda Yeni il bazarlığı edən Gülarə Əmirova deyir:

“Plov, tort bişirəcəyəm, bir-iki də salat. 100 manat getdi”, deyib gülür.

Bazardakı qiymətlər Yeni il qabağı bahalaşıb. Bunu alıcılar deyir:

“Onsuz da qiymətlər, demək olar, hər həftə qalxır. Ən yüksək nöqtəsinə isə bayramlarda çatır. Nə deyək, bahalıqdır. Ancaq bayrama görə hamı gücü çatdığı qədər bazarlıq etmək istəyir”.

Satıcılar isə deyir ki, indi bazarlarda qiymət qalxmayıb, adətən, bayrama 3 -4 gün qalmış bahalaşır:

“İndi bahalıq deyil ki. Almanın kilosu bir manatdır, mandarin 2 manata da var, 70 qəpiyə də. Portağal 3 manatdır. Banan 2 manat 50 qəpik. Bir də ki, hərəsində 20-30 qəpik bahalaşma olacaq”.

Əyləncəsiz, tamaçasız nə Yeni İl?

Teatrlar da Yeni ilə hazırlıqlarına başlayıb. Azərbaycan Dövlət Musiqili Teatrından AzadlıqRadiosuna dedilər ki, şənliklər dekabrın 24-də başlayıb, yanvarın 10-a qədər davam edəcək. Şaxta Baba, Qar Qız balacalar üçün nağıl şou göstərəcək.

Kukla Teatrından isə bildirildi ki, dekabrın 30-dan yanvarın 5-ə qədər “Şaxta Babanın Yeni İl nağılı” adlı tamaşa göstəriləcək.

Azərbaycan Milli Dram Teatrında isə dekabrın 26-dan yanvarın 5-ə qədər “Nağıllar aləmində” adlı birhissəli nağıl tamaşa göstərəcək.

Gənc Tamaşaçılar Teatrı da balacaları unutmayıb. Dekabrın 25-dən yanvarın 3-ə qədər uşaqlara yarımsaatlıq “Yeni il Karnavalı”, ardınca “Mauqli” tamaşası göstəriləcək. Teatrdan bildirdilər ki, Şaxta Babanın hədiyyələri, sürprizlər də olacaq.

XS
SM
MD
LG