Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 22:13

Sevda Sultanova. Elton Quliyevin əziz xatirəsinə


Sevda Sultanova
Sevda Sultanova

-

"Onun ölüm xəbəri məni qəfil güllə kimi yaraladı. Çox ağır yaraladı...."

Sevda Sultanova

Elton Quliyevin əziz xatirəsinə

Думали — человек!

И умереть заставили.

Умер теперь. Навек.

— Плачьте о мертвом ангеле!

Marina Svetayeva

“Debüt” studiyasında çəkilmiş “Bakı gecələri” adlı saxta, gerçəkliyi əks etdirməyən kinoalmanax barədə tənqid yazmışdım.

Qan Turalı “Debüt”dən məni Elman adlı şəxsin axtardığını dedi. O, mənə kinonun nə olduğunu başa salacaqmış. Natura etibarilə, öyrənməyə meylli adam olsam da, Elman müəllimin məni maarifləndirmək istəyini vecsiz, biganə qarşıladım. Son vaxtlar mənimlə bu, tez-tez baş verir: ətrafda baş verənlərə, ünvanıma deyilənlərə total laqeydlik. Həyat təcrübəsindən, ekzistensial xiffətdən, ruhi yorğunluqdan qaynaqlandığını düşünürəm. Ümumiyyətlə isə, bu haqda düşünməməyə çalışıram.

Turalla danışandan sonra kompüteri açdım. Elton Quliyevin ölüm xəbərini oxuyanda vecsizliyim, biganəliyim bir anda yox oldu.

Onun ölüm xəbəri məni qəfil güllə kimi yaraladı. Çox ağır yaraladı.... Sonuncu dəfə gərək ki, Rafiq Tağının ölümündən belə sarsılmışdım: vücudda hərəkət bir neçə anlığa donur, sonra qəfil canlanan emosiyalar üsyan etmək, bədəndən çıxmaq istəyir, amma boğazında düyünlənir...

Elton bəyin ağır xəstə olduğunu lap bu yaxında bilmişdim. Natiq demişdi. Amma yenə də onun itkisi ilə barışmaq çətindir...

Elton bəylə ünsiyyətim çox az olmuşdu. Lap çoxdan. Gərək ki, 2000-ci illərin əvvəlləri idi. Biz həyat, fəlsəfə haqda uzun sürməyən söhbət eləmişdik. Əminəm ki, o məni görsəydi, heç xatırlamazdı. Mənsə onu heç unutmadım...

Söhbətin təfərrüatını xatırlamasam da, ondan güclü təəssüratla ayrılmışdım. İntellektinin, iti ağlının, xarizmasının, şəxsiyyətinin cazibəsi məni indi də tərk etməyib.

Elton bəy bəstəboy idi. Çox əminəm ki, yaraşıqlı, gözəgəlimli kişilərin arasında o, dərhal seçilərdi. Həmişə düşünmüşəm ki, yaraşıqlı kişi, gözəl qadın yaraşığından və gözəlliyindən savayı, mahiyyətində mütləq mühüm nəyisə ehitiva etməlidir.

Və Elton bəydə çox nadir adamda olan bir xüsusiyyət vardı və bu, doğuşdan idi: güclü, inanılmaz energetikası. Bu qədər güclü energetikası olan adamla çox az qarşılaşmışam: davranışından, nitqindən, gözlərindən xoş, diri enerji axır, bütün yorğunluğun çıxır, adamın ruhunu, beynini təzələyir. Yadıma salmağa çalışıram, tanınmışlardan bir də Əkrəm Əylisli belə nadir enerjiyə malikdir. Qəribədir, Əkrəm müəllim də bəstəboydur.

Elton bəy 1990-cı illərdən bəri usanmadan, yorulmadan səsli-küylü məhkəmə proseslərində vəkil olub, onun günümüzlə bağlı aforizmə çevrilən, sərrast fikirəri var. Məşhur fikirlərindən birini vaxtilə yazımda epiqraf kimi istifadə eləmişdim: “Bu necə vətəndir ki, yarısı xaindir. Bəlkə vətən özü xaindir”

...Qərbdə kino və teatrın mühüm funksiyası olub: azad, alternativ fikrin daşıyıcısı olmaq, yaymaq, tabuları qırmaq, istənilən hakimiyyətə müxalifətdə dayanmaq.

Lars von Trier
Lars von Trier

Sevgili Trier deyir: “Hakimiyyəti həmişə tənqid etmək lazımdır, hətta səbəbsiz belə. Hakimiyyətə malik olan adam ədalətli olmağa borcludur”.

Milli kino və teatrımız isə ölüdür, monotondur, azad düşüncə ona yaddır. O, olmasa mən tamaşaçı kimi nəsə itirmərəm. Onsuz da Azərbaycanın problemlərini, ağrılarını milli sənətimizdə yox, məsələn, bir fransızın əsərində tapıram.

Elton bəy fəaliyyəti ilə həm də sənətin eləməli olduğu funksiyanı görürdü, o, sadəcə vəkil deyildi, həm də azad sözün, fikrin qoruyucusu, təbliğatçısı idi.

Bu il itkilərimiz çox oldu. Mənim üçün ilin ən ağır itkisi Elton bəyin aramızdan getməsi oldu. Çünki Elton bəy bizim hava kimi, su kimi ehtiyacimiz olan nadir işlə məşğul idi...

Ulrich Seidl "Cənnət" sərgisinin posterləri. Berlin, 2013
Ulrich Seidl "Cənnət" sərgisinin posterləri. Berlin, 2013

Onsuz da mənəvi cəhətdən miskin cəmiyyətdə yaşayrıq. Elton bəyin ölümü ilə hər şey daha da miskinləşdi, daha da yazıqlaşdı, mənəviyyatımız daha da yoxsullaşdı, çox mühüm şeylər əskildi. Mən əskikliyi həm də fiziki səviyyədə hiss edirəm. Və bu ağrı ilə, itki ilə necə yaşayacağımı bilmirəm.

Müasir kinonun əxlaqlı rejissorlarından biri Ulrich Seidlın “Hundstage“ filmi haqda bir alman jurnalisti belə demişdi: "Filmə baxanda düşündüm:

“Ya ümidsizlyə qapılmaq, ya dua etmək. Və film məndə belə assossasiya doğurdu: bu, Tanrının tərk etdiyi dünyadı, çıxış yolu əsla yoxdur”.

Elton bəyin vaxtsız gedişini biləndə dəqiq hiss elədim: Tanrı bizi tərk edib.

XS
SM
MD
LG