Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:17

MTN-nin təcridxanasının aqibəti necə olacaq?


Təcridxana
Təcridxana

-

«MTN-nin təcridxanasının aqibəti necə olacaq?».

Suala «Azadlıq» qəzeti cavab axtarıb.

Qəzet yazır ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından təyinatından kənar məqsədlər, daha çox işgəncə üçün istifadə olunduğu barədə məlumatlar gəlirdi.

Artıq dövlət başçısının 14 dekabrda imzaladığı fərmanla MTN ləğv edilib və onun bazasında iki struktur yaradılıb. Lakin MTN-in təcridxanasının bu qurumlardan hansının tabeliyinə verilməsi hələlik məlum deyil.

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, sözügedən təcridxana Mədət Quliyevin rəhbərlik etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyinə verilməlidir: «Xarici Kəşfiyyat Xidmətinin təcridxanasının olmasını mən hələlik eşitməmişəm. Əsas məsələlərdən biri də hər iki qurumun bir binada yerləşməsidir. Bir çox dövlətlərdə əks kəşfiyyat ayrıca binada yerləşir. MTN-nin mövcud təcridxanası isə düşünürəm ki, qalacaq və Mədət Quliyevin tabeliyinə veriləcək».

ABŞ Konqresi
ABŞ Konqresi

İQTİDARA İKİTƏRƏFLİ HÜCUM

«Yeni Müsavat» yazır: «İqtidara ikitərəfli hücum: «Bu, növbəti anti-Azərbaycan dalğasıdır»».

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü «Azərbaycanda demokratiya aktı» adlı qanun layihəsi hazırlayıb. Layihədə Azərbaycan hökumətinin yüksəkvəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulması nəzərdə tutulur.

Ümid Partiyasının sədri İqbal Ağazadə bununla bağlı qəzetə deyib ki, ABŞ və Azərbaycan arasında gedən danışıqlar haqda ictimaiyyət xəbərsizdir: «Regionda baş verən hadisələr, Rusiyanın bölgədə aktivləşməsi, Yaxın Şərq regionuna daxil olması və sair çox güman ki, ABŞ-ın da bölgədə olan dövlətlərdən istək və tələblərinin miqyasını, xarakterini dəyişdirib. Azərbaycanın bu tipli məsələlərə hansı reaksiya verdiyini demək çətindir. Görünən budur ki, bu gün Azərbaycan Qərblə, xüsusilə ABŞ-la bu məsələlərdə ortaq dil tapa bilmir. Bu da yaxşı nəticə verməyəcək. Sanksiyalar, qadağalar təkcə hansısa məmurlar üçün deyil, ölkə üçün də ciddi şəkildə problemlər yarada bilər».

Politoloq Qabil Hüseynli isə bildirib ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, elə Ermənistanın özü də demokratik inkişaf səviyyəsinə görə Azərbaycandan xeyli geridə qalır: «Amerikanın qarnının ağrısı həbs edilən müəyyən QHT üzvləri və bir sıra şəxslərdir. ABŞ-dakı müəyyən dairələrdə onlara siyasi məhbus deyirlər. Azərbaycan hökuməti artıq bu istiqamətdə də addımlar atmağa başlayıb. Humanizm göstərilərək dövlətə xəyanətdə ittiham olunan Leyla və Arif Yunusların azad edilməsi bu yolda atılan addımlardan biridir. Məlumata görə, böyük bir əfv fərmanı hazırlanır. Amerika tərəfinin belə subyektiv qərarı böyük heyrət doğurur».

Xəzər dənizi
Xəzər dənizi

AZƏRBAYCANDA SİTUASİYANI NEFTİN QİYMƏTİ MÜƏYYƏNLƏŞDİRƏCƏK

«Bizim Yol»da oxuyuruq: «Azərbaycanda situasiyanı neftin qiyməti müəyyənləşdirəcək».

«Okeanın o tayında baş verən hadisələr dünya birjalarında gərginlik yaradıb. Məlumdur ki, ABŞ Mərkəzi Bankı (FED) son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin 0.25 faizdən 0.50 faizə çatdırılmasına qərar verdi.

Əlbəttə, FED-in bu qərarı gözlənilən idi və bazar buna müəyyən qədər hazır idi. Buna baxmayaraq, qərardan dərhal sonra dolların az da olsa bahalaşması, neftin qiymətinin isə ucuzlaşması müşahidə edildi.

«Qara qızıl»ın qiymətinə təzyiq yaradacaq daha bir durum isə ABŞ Konqresinin 2016-cı ildə neft ixracına qoyulmuş qadağanın ləğvi barədə qərarı oldu. ABŞ neft ixracına başlayarsa, Azərbaycan kimi resurslardan asılı ölkələr üçün birmənalı şəkildə arzuolunmaz nəticələr yarana bilər», - qəzet yazır.

İqtisadçı-ekspert Rəşad Həsənov «Bizim Yol»a bildirib ki, prosesin Azərbaycana iki istiqamətdə təsiri ola bilər: «Əsas təzyiq manat üzərində olacaq. Bunun səbəblərindən biri dolların bahalaşmasıdırsa, digəri neft gəlirlərindən daxilolmaların azalmasıdır. Azərbaycan üçün bu iki istiqamətdə risklər mövcud idi. 6 ay ərzində beynəlxalq birjalarda dolların yumşaq şəkildə bahalaşması tendensiyası müşahidə olunacaq. Bu da təbii ki, Azərbaycan manatına təzyiqi artıracaq. Xüsusilə, ticari əlaqələri geniş olan Rusiya rublu, Qazaxıstan tenqesi, Türkiyə lirəsi ucuzlaşdığına görə Azərbaycan məhsullarının bu ölkələrdə rəqabət aparma qabiliyyəti aşağı düşəcək».

R.Həsənov əlavə edib ki, manatın kəskin devalvasiyasına gedərsə, ölkə iqtisadiyyatında ciddi fəsadlara gətirib çıxaracaq: «Ona görə də Mərkəzi Bank mümkün qədər dayanmağa çalışacaq. Ancaq valyuta ehtiyatlarının sürətlə əriməsi imkanları sona yaxınlaşdırır... Düşünürəm ki, bunlar çox çətin proseslərdir. Hər bir situasiya neftin qiymətindən asılı olacaq. Bu istiqamətdə optimist fikir yürütmək çətindir».

Bayraq Meydanı
Bayraq Meydanı

AZƏRBAYCAN – SÜLH MƏRKƏZİ

«Azərbaycan Avratlantika coğrafi məkanında sülh və əməkdaşlıq mərkəzi kimi tanınır».

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Məqalə müəllifi yazır ki, ölkə başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır.

«Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınır. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirib. Prezidentin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir», - qəzet yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG