-
«Günəşli» yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizə hər hansı neft dağıntısı müşahidə edilməyib.
Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında belə deyilir.
Qurumun yaydığı məlumata görə, dekabrın 16-da havadan helikopterlər, dənizdən xüsusi təchiz edilmiş gəmilər vasitəsilə 3 saat monitorinq aparılıb: «İndiyə kimi «Günəşli» yatağı və «Neft daşları» ərazilərində, eləcə də onların ətrafında neft sızıntıları müşahidə edilməyib».
Şirkət bildirir ki, hazırda mümkün neft dağılmalarına qarşı xüsusi bonlarla təchiz edilmiş 6 gəmi hadisə yerindədir: «Onu da qeyd etmək lazımdır ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb».
«Günəşli» yatağında qəza nəticəsində yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə yaradılmış işçi qrupun tərkibinə Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssisləri daxildir.
Dekabrın 4-də 10-cu özüldə baş verən yanğın zamanı 7 adam ölüb, 20-dən çox adam itkin düşüb.