Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Azərbaycan - gözə dəyməyən istedadlar ölkəsi


Bilal Həsənov
Bilal Həsənov

-

"Azərbaycan xalqı ta qədimdən padşahdan, xanlardan, hökmdarlardan yanğısını, acısını nağıllarda çıxırmış. Eyvaz deyir ki, hər ikinci xalq nağılı əzazil şah, xan, hökmdar haqqındadırsa, hər üçüncü nağılda xan, şah, hökmdar xədim, sonsuz, ya da xəstədir."

"Kisəçi Eyvaz insanlarımızın yalnız hamamda həmrəy olduğunu deyir."

Bilal Həsənov

İstedadlar ölkəsi

Hərdən düşünürəm ki, zəmanəsinin məşhur alimləri, yazıçıları, mütəfəkirləri münasib əsrdə, məkanda deyil, əksinə, sanki tanrının qərəzli zarafatı nəticəsində tam başqa diyarda, uyğun olmayan zəmanədə, bir neçə yüz il erkən, yaxud da iki-üç əsr gecikərək dünyaya gəliblər.

Ola bilsin ki, bu səbəbdən dövrümüzdə rəsm əsərlərinin qiyməti miliyonlar olan rəssamlar, öz zəmanələrində az tanınır, satılmayan rəsmləri ucbatından aclıq və səfillik içində ölürdülər. Yaxud da depressiyadan, əsəb xəstəliklərindən əziyyət çəkir, içkiyə qurşanırdılar.

Ziqmund Freydin, Viktor Kondinskinin, Hüqonun indiki dövrdə, xüsusən Azərbaycanda yaşamamasına heyfislənirəm.

Yaşadığı vaxtda hər hansı səbəbdən yalnız masaya yazıb, çap oluna bilməyən, oxucular tərəfindən qəbul olunmayan, kitabları beş qəpiyə dəyməyən, amma ölümündən illər sonra yüzminlərlə tirajlanan, hər sözü, cümləsi aforizm olan minlərlə yazıçı taleyi, bioqrafiysı mövcuddur.

Freyd öz kabinetində
Freyd öz kabinetində

Ziqmund Freydin, Viktor Kondinskinin, Hüqonun indiki dövrdə, xüsusən Azərbaycanda yaşamamasına heyfislənirəm.

İşdi, dəryadan sehrli balıq tuta bilsəydim, həmin dəniz şahzadəsindən “zaman maşını” təşkil etməyini xahiş edərdim.

Bir an belə, düşünmədən maşına minib, Freydi, Hüqonu öz ölkəmə gətirərdim. Borca-xərcə, kreditə girib onları Qəbələdə, Qubada yerləşdirərdim. Yaxşı yeyib-içmək təşkil edərdim, dəm-dəstgah qurardım. Bir xeylam Azərbaycanı, Bakını gəzdirib-dolandırardım, insanlarla tanış edərdim.

Sizi inandırım, bu utopik, fantastik arzular gerçəkləşdiyi halda, Hüqo elə əsərlər yazardı ki, “Səfillər” həmin kitablarla bir rəfə qoyulmazdı. Freydin araşdırmaları, yeni mövzuları hesabına, psixoloji xəstəliklərin müalicəsində dünya səhiyyəsi on addım irəli adlayardı.

Mən hələ Qogeni, Antonis van Deyki, Renuarı, Ayvazovskini Lökbatan, Qızıldaş, Qobustan qəsəbələrində, “Sədərək”, “Binə” ticarət mərkəzləri yaxınlığında yerləşdirməyimi demirəm.

Bəşər tarixində tayı-bərabəri olmayan, insan zehnini parçalayan, ürəkləri qanadlandıran əsərlər, rəsmlər, dahiyanə yaradıcılıq nümunələri peyda olardı.

Viktor Hüqo
Viktor Hüqo

Çünki mənim ölkəmin təkcə alt qatı deyil, üst hissəsi də çox zəngindir. Füsünkar təbiəti, ləziz təamlarından savayı, hiper-istedadlı insanları da var.

Özü də bu istedad hərtərəflidir. Bu istedad ilahidir, sanki bir damğadır.

Onu heç nə ört-basdır edə bilməz. Bu istedad palçıq altında qalan qızıla bənzər, hər fürsətdə işıldar.

Bu torpağın istedad sahibi istər nazir, deputat olsun, istər bazar müdüri, taksi şoferi, fərq etməz, vəzifə, həyat tərzi, gərgin iş rejimi onu yaradıcılıq yolundan səpdirməz. Deputat işdən sonra kitab yazar, nazir mahnı bəstələyər, bazarkom rəsm çəkər, taksi şoferi universitetdə fəlsəfə dərsi deyər.

Amma istedad yalnız nəsə yazmaq, rəsm çəkmək, musiqi bəstələmək deyil. İstedad həmçinin insan aldatmaq, fırıldaq gəlmək, daşdan pul çıxartmaqdır. Bizim ölkədə yaşamaq, doğulub-doğmaq, böyüyüb-uşaq böyütmək, ev-eşik qurub, dolanışıq yapmaq bacarığı da bir istedadır.

Yaşadığım şəhərdə istedadlı, yaradıcı qəlbli insanlarla tez-tez rastlaşıram. Zaman-zaman onlar fərqli peşəyə sahib olsalar da, onların içini yarıb, çölünü işıqlandıran istedad günəşi qarşısındakı insanı bihuş edir.

Bu bacarıqlı, istedadlı şəxslərin arasında supulu yığan, “JEK” nümayəndəsi, yolpolisi müfəttişi, yerli icra nümayəndəsi, hərbi komissarlıq işçisi, bölmə rəisi, zavod direktoru, universitet rektoru, kafedra müdiri, xəstəxanada baş həkim, məsciddə axund, mürdəşir, hamamda kisəçi, baxça müdirəsi, məktəb direktoru, dönərçi, plastik qapı-pəncərə satışı üzrə menecer, maşın ustası, kondisioner quraşdırıcısı kimi peşə sahibləri var.

Bu istedadlı insanlarla ilk ünsiyyət zamanı, onların sahib olduğu istedadın fitri olduğunu anlayırsan.

Bu istedad oxumaqla, dünyanı gəzməklə deyil, kitabdan, bilikdən, elmdən yaranmayıb, bu istedad qanla, südlə gəlib. Bu istedad bu torpağın suyunda, havasında, taxıl zəmilərində, Qafqaz dağlarında bəşəriyyət yaranarkən əmələ gəlib.

Qoqol demişkən, siz elə bilirsiz, insan beyni kəllə sümüyünün altında yerləşir? Xeyr, insan zəkası küəklə Xəzər dənizi tərəfdən üfürülür.

Amma bu qədər istedadın bir məkanda doğulması, yaşaması bir az çətin məsələdir. Hər ikinci adam müğənni, idmançı, tamada, manıs olan ölkədə, zəif istedada malik olsan, rəqabət qarşısında tab gətirə bilməzsən.

İstər-istəməz cəmiyyət səni ələkdən keçirdib yüngül istedadlılar sırasına qatacaq. Sən də məcbur olub istedadlar ierarxiyasının aşağı pillələrində veyillənəcəksən.

Hamam. İllüstrasiya
Hamam. İllüstrasiya

Mənim tanıdığım, bildiyim istedad individlərindən biri də Eyvazdır. Daha dəqiq, Eyvaz Dağlaroğlu.

Eyvaz şəhər hamamında on ilə yaxındır ki, kisəçi işləyir. Müştərinin belini kisəliyərkən, cismani kirini tökərkən Füzulinin qəzəlləridən, Nizaminin poemalarından, Ömər Xəyyamdan, Molla Pənah Vaqifdən, Sabirdən bir sətir deməsə, bağrı çatlayar.

Özünün danışdığına görə, Sovet vaxtı Volqoqrad Pedoqoji Universitetini bitirib. Qarabağ müharibəsindən əvvəl yaşadığı kənddə kitabxanaçı işləyib.

Müharibədən sonra bir neçə il 8-ci kilometr bazarında əvvəl dəri kurtka rəngləyib, sonra meyvə-tərəvəz satıb, axırda da gəlib olub hamamda kisəçi.

Eyvaz xarici dünya ədəbiyyatı nümunələrinə bələd olmasa da, Azərbaycan şifahi xalq ədəbiyyatınının canlı ensiklopediyası, lap elə Vikipediyasıdır. Saatlarla yorulmadan qəhrəmanlıq mahnıları oxuyar, onlarla layla, oxşama, bayatı əzbər deyər. Neçə kərəm danışdığı xalq nağılları, lətifələri, söylədiyi atalar sözləri, tapmacaları ilə hamam əhlini mat-məətəl edib.

Deyir, kisəçi işlədiyi dövrdə min cür insanla qarşılaşıb. Başına yüz cür hoqqa gətiriblər. Yeyib-içib, kefli halda onunla məzələnənlər də olub.

Azərbaycan nağılına illüstrasiya
Azərbaycan nağılına illüstrasiya

Eyvaz oxuduğu yüzlərlə xalq nağılından belə qənaətə gəlib ki, Azərbaycan xalqı ta qədimdən padşahdan, xanlardan, hökmdarlardan yanğısını, acısını nağıllarda çıxırmış.

Eyvaz deyir ki, hər ikinci xalq nağılı əzazil şah, xan, hökmüdar haqqındadırsa, hər üçüncü nağıl da xan, şah, hökmüdar xədim, sonsuz ya da xəstədir.

Eyvazın fikrincə insanlarımız mənən, ruhən, qəlbən zəif, qorxaq olub, uydurma nağıllarla özlərini qalib edirmiş. Eyvaz insanlarımızın yalnız hamamda həmrəy olduğunu deyir.

Özünün dediyinə görə, iki kitab müəllifidir, amma mən o kitablardan heç birini görməmişəm. Arada kisə zamanı, bir-iki sətir öz şeirlərindən də deyir.

“Mən insan bədənini həm zahirən, həm də daxilən kirdən təmizləməyin lehinəyəm.” Eyvazın ən sevimli, tez-tez dediyi cümləsidir. Eyvaz Dağlaroğlu psevdo-istedadlar kütləsi arsında itib gözə dəyməyənlərdəndir.

Deyir, hərdən mənim biliyimi, şeirlərimi, qəzəl deməyimi zarafata vurub məni kloun, təlxək yerinə qoyurlar. Bir iki dəfə beş-on manat çıxardıb cibimə basan da olub.

Sonuncu dəfə hamama gedəndə, Eyvazı tapmadım. Dedilər ki, çox boşboğazlıq edirdi, samballı müştəri gəlib, deyib səsi başıma düşür, rəis çıxardıb işdən. İndi harda olduğunu bilmirlər.

İstedadlar diyarında, Eyvaz Dağlaroğlu, bel kisələyib, kir tökməyədə yaramır. Nəsiminin qəzəllərin əzbər bilsə belə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG