Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 21:50

Azərbaycan ədəbiyyatı buzovdur


Orta Statistik İnsan
Orta Statistik İnsan

-

Bir çox fəal gənclər Orta Statistik İnsanı yaxşı tanıyırlar, onun qısa video-çıxışlarıyla tanışdırlar. Hazırda xəstəxanada olan Cəmşidlə OxuZalında söhbət etdik.

- İndiyə qədər Azərbaycana gəlmiş ən yaxşı yazıçı və şair kimdir?

- Sual daha konkret olmadığından, mən 19-cu yüzildən bugünədək olan dövrü nəzərdən keçirəcəyəm. Yazılı ədəbiyyatımızda çox sayda şair və yazıçı var.

Əsasən, çar dövründə yaratmışlarda ədəbiyyat adına nəsə var. Çünki Sovet dövrü məddahlıq, senzura və ədəbiyyatın imitasiyası ilə yadda qalıb (istisnalar olmaqla).

İlk olaraq, mədəyə yox, beyinə işləyən əsərlərin var ola biləcəyini kəşf etmiş M.F.Axundov öz əzəməti ilə keçmişin bütləşmiş ənənəvi yazı üsuluna yumşaq desək, öldürücü zərbə vurdu. Bir daha ayağa durmağa taqəti və cürəti olmayan bu gül-bülbül aşıqları meyxanə künclərində şərab üçün "zakuska" rolunu ifa etməyə başladılar. Elə indi də belə edirlər.

İlk olaraq, minillərdir Şərqdə hamının kölgəsində yatdığı və hoqqabazlıqla məşğul olduğu "gül-bülbüli-rəna" tipində olan və əksinin mümkün olduğunu heç ağıllarından keçirməyən ədəbiyyata (əgər buna ədəbiyyat demək olarsa) dram adlı yenilik gətirməklə onun necə ola biləcəyinə yön verdi. Bu isə sonradan daha bir yeniliyin, milli teatrın yaranmasında tramplin oldu.

İkinci və ən mükəmməl işi "Kəmalüddövlə məktubları"nı yazmaqla minillərdən bəri mürgüləyən, arabir isə söz oynatmaqla dinin qılıncı qabağında quyruq bulayan, düşündürmək, sual vermək, araşdırmaqdan, yeniliyə aparan yoldan başqa hər işə yaramayan "fəlsəfəni" tarxin arxivinə atdı.

Günümüzdə hələ də bu səviyyədə əsərə rast gəlməməyimizin səbəblərindən biri bu əsəri lazımınca öyrənməməyimizdir.

Yaşadığı zamanın cəhalət atmosferində belə bir əsəri ortaya qoymaqda Axundovu cəsarətlə birinci və ən yaxşı saymaq olar.

Şairlərə gəldikdə, bura Bakı metropaliteni kimi sıxlıqdır, amma necə çətin olsa da, buradan çıxmağa cəhd edək.

Mənə görə, əsrlərlə gözəllərin sürməli gözlərində, qabarıq sinələrində yatmış poeziyanı eyş-işrət xumarlığından ayağa qaldıraraq onu həyatın özü kimi romantik tonda yenidən yaradan isim - Hüseyn Cavid olar.

İstər "İblis", istərsə də "Şeyx Sənan" mənzum dramları ilk olmaqla yanaşı, həm də insan amilinin önə çıxması, onun bir mübariz, hadisələrin axarında yox, önündə getməsi, insanın həm də elə iblis olaraq iki xislətliliyi parlaq şəkildə işlənib.

Təkcə elə bu beytlə böyük bir savaşın, xeyir və şərin toqquşması misilsiz verilib:

"İblis, nədir, cümlə xəyanətlərə bais,

ya hər kəsə xain olan insan nədir? İblis." (davamı aşağıda)

- Müasir yazarlardan kimləri bəyənirsiz?

- Müasir yazarlardan çox ad çəkmək olar. Müəyyən qədər yazılarında işartılar olan, fərqli yanaşma üslubu olan və biraz da ürkək yazılar demək olar bunlara.

Məsələn, bu yaxınlarda Ş.Nihanın "Rübənd" kitabını oxudum. Çox maraqlı formada yazır, məncə, qadın yazar üçün uğurlu bir yol seçib, əgər davamı olarsa.

Müasir ədəbiyyatımızda bir-birindən fərqli üslubda yazsalar da:

cəmiyyətdə bir növ görünməyən kiçik insanların həyatını Rafiq Tağı təsvir edərkən sanki qələm yox, fırça işlədir.

Ola bilər, mübahisəli görünsün, amma məncə, ədəbiyyat həyatı və adamları sırf olduğu kimi yox, daha çox görmək istədiyimiz kimi, yaxud heç görə bilmədiyimiz kimi, amma ola bilərmi belə olsunu yazmaqdı. Rafiqdə bu, çox təbii və reallıqda olan kimi təsir bağlşlayır.

İstənilən hekayəsini oxuduqda kiçik adamların faciəsi, sevinci, məişəti elə təsvir olunur ki, elə bil oxucu bunların içindən keçir, amma fərqinə varmır, ya da gördükləri onun üçün adi həyat mənzərələri kimi bir şey olur. Ustad yazar isə bunları rəssam fırçası ilə kağıza hopdurur, daha bunları görməmək mümkün deyil.

Əgər görə bilən göz varsa, "Dağlara sərili xalı" hekayəsində bir cümlə ilə ətrafı elə təsvir edir ki, əlavəyə ehtiyac qalmır: Elə bil dağlara xalı sərmişdin.

Şərif Ağayar isə daha çox kənd adamları, onların müharibə dövrünə düşən, dağılan, yenisini qurmağın mümkünsüz və ümidsiz göründüyü, buna baxmayaraq, yaşamağa yollar axtaran, bunun üçün hər çətinlikdən keçməyə məhkum olunmuşların həyatını heç bir əlavəsiz, ağlamadan, televiziya qaraxəbər şoularıdan belə deyək, "indeyski" priyomlardan istifadə etmədən baş verən və elə baş verərkən də adamların da içərisində olduğu dəhşətləri, ölümləri, qırılmış insan talelərini lirik tonda, üzə şillə vurarcasına qələmə alır.

Əslində isə bütün bunlar insanda elə dəhşətli izlər buraxır ki, yeri heç vaxt gedə bilməz.

Xüsusilə, "Elə bidim gülməli nağıl danışırdı" hekayəsində olduğu kimi.

Bu iki yazarı müasir dövrümüzün ən yaxşıları hesab edirəm. (davamı aşağıda)

- Kimləri heç bəyənmirsiniz, düşünürsünüz ki, yaza bilmirlər?

- İstənilən halda yazı yazmaq özlüyündə bir mədəni hadisədir. Kimsə nəyisə yazırsa öz içindən ora nə isə hopdurur, obrazlı desək, öz qanından əlavə edərək. Sadəcə Bernard Şou demişkən, yazarkən soldan sağa yazsınlar. Bir də meşələrə heyifləri gəlsin, çünki getdikcə tükənir meşə ehtiyatı.

- Əsl yazılmalı mövzular hansılardır?

- Bu, daha çox yazarın işidir, kiminsə sifariş verməsi, ya göstərişi oıə yazılan əsərin dəyəri olmaz. Gözləntilərimiz ola bilər, məsələn, uşaq ədəbiyyatı yoxdur, bəli, yoxdur, çox biabırçı vəziyyətdir.

Elə dövrdə yaşayırıq ki, uşaqlar artıq uşaq olmadan "böyüyür", "qocaya" çevrilirlər. Televiziya, internet və digər vasitələr buna "misilsiz" kömək edir. Heç olmasa, bu sahədə nə isə nələmək olar. Azyaşlı uşaqlar üçün "ujas"fason yox, sadə, kiçik formalı adi həyat hekayələri başlanğıc üçün pis olmazdı.

Mənim özümə gəldikdə, daha çox fantastikanın və fəlsəfi yönlü əsərlərin yazılmasını istərdim.

- Sizcə, niyə bizim yazarları kənarda tanımırlar?

- Heç məşhur Biləcəridə də tanımırlar, o ki qala ölkədən kənarda. Əlbəttə, bu, bir zarafatdı.

Bunun o qədər səbəbləri var ki, deməklə, yazmaqla bitməz.

Öncəliklə, dil məsələsi və yazı mədəniyyətinin gec formalaşması. (Mən burada məhdud çevrədə yazan gülü-bülbül şairlərin mədrəsələrdə falaqqa yazı üslunu hesaba almıram). Bu iki amil həmişə vəhdət təşkil edib. Yazılı ədəbiyyatın olması şərt olub həmişə, yoxsa çoban tütəyindəki mələşən quzularla hara getmək olar.

Digər maneələrdən biri də dilimizin bəşəriyyətin həyatında mühüm rol oynamış inqilabi, sosial, fəlsəfi, elmi, texniki və digər nəhəng devrimlərdə iştirak etmiş xalqların dilindən olmaması, bu dillərdə yüzillərlə yazılmış misilsiz xəzinədən kənarda qalması hadisəsi onun gələcəkdə bir növ episentrdə yox, daha çox lavanın qırıntılarının düşdüyü yerlərdə baş girləməsinə səbəb oldu.

Qismən çar dövründə və sovetlər vaxtı müəyyən təkanlar oldu, amma kifayət qədər yox. Məhəlli və aqrar yazılar meydana çıxdı, özü də çox sürətlə, təbii ki, bunların arasında dişədəyən yazılar vardı.

Ancaq bir şeyi unutmaq olmaz, dünya ədəbiyyatına baxdıqda bizim ədəbiyyatın dizləri yerdə öz anasının yelinindən süd əmən buzov vəziyyətində olduğu aydın görünür. Bu, heç də aşağılamaq deyi, sadəcə nəticə çıxarılması gərək olan fakt.

Əsrlərlə əsarətdə olan, öz dövləti, yazısı və digər mədəni inkişaf yolu olmayan, daim başı üzərində dinin qılıncı olan xalqdan elə də çox şey gözləmək sadəlövhlük olardı.

Baxın, hansısa bir əcnəbi naşirə "Dəli Kür", "Batmanqılınc", "Gələcək gün" və sair kimi əsərləri çap etməküçün verirsiniz, zavallı naşir isə Dostoyevski, Çexov, Bulqakov, Hamsun, Steynbek, Hüqo, Volteri çap edib, indi o, bu basmaqəlib, aqrar, indeyski əsərləri necə çap eləsin?!

Gərək dünya çapında əsər yazılsın, qoyun-quzu mələrtisi, tikinti tozanağı qopan yazılarla uzağa getmək olmaz.

Son illərdə "Alatoran" jurnalı çox dəyərli işlər gördü, dünya ədəbiyyatı ilə sinxronluq qurmaq üçün, yavaş-yavaş nəticəsini verməkdə ikən müxtəlif səbəblərdən o da yarımçıq qaldı. Yəqin müsəlman olduğumuzdan, axı müsəlman hər işini yarımçıq görür.

Sonda onu da deyim ki, az da olsa, bu proseslərin bəhrəsini gələcəkdə görə bilərik, ümidli olaq. (davamı aşağıda)

- Yaxşı kitabın qiyməti nə qədər olmalıdır?

- Şablon ifadə ilə desək, yoxdur. Təbii ki, burada maddi yox, onun mənəvi dəyəri nəzərdə tutulur. Qiytmərləri nəşriyyatlar təyin edirsə, bizə burada yalnız bir neçə söz demək qalır, kitab çapına dövlət tərəfindən dəstək göstərilsə, faizsiz kreditlər ayrılsa, daha yaxşı və səmərəli işləmək olar.

Bu, istər kitabların çap keyfiyyətinə (çox bərbad çap olunur kitablar), istərsə də, qiymətlərinə təsir edər.

Yeni tərcümələr olur, çox dəyərli, vacib əsərlərdir, aydındır ki, bu zaman tərcüməçi, redaktə, çap işləri və digər xərclər olur. Olsun, razıyıq, baha da olsa alırıq ki, oxuyaq, amma neçə kitabı açırsan ki, oxuyasan, vərəqlər sürüşkən kimi əldən çıxır, indi gəl bunu axtar tap.

Bir məsələ də var, sovet dövründə çap olunmuş kitablar, o kitabları ki, hazır şəkildə götürüb sadəcə kirildən latın qrafikasına keçirirlər, vəziyyət yenə də dəyişməz qalır.

- Mentalitetə zidd yazılara münasibətiniz.

- Hə, bu ağır sualdır. Məgər ədəbiyyat əxlaq kodeksi-filandır ki, ondan mentalitet meşəbəyisi düzəltmək istəyirlər?

Ədəbi mətn beyin məhsulu olaraq hər mövzuda hər cür yazıla bilər. Mentalitet dedikdə, yəqin bu adı yadımdan çıxdı, namus, qeyrət deyilən nəsə nəzərdə tutulur.

Kimsə öpüşür deyə, onu qınamaq olar?! Xeyr, əsla, bu ki gözəllikdir, insanın təbii istəklərini reallaşdırma bacarığı təqdir olunmalıdır. Yazar bunu əsərdə erotik təsvirlərlə verə billirsə nə gözəl. Sadəcə forma seçimləri var, incə lirik tonda yazanlar, ya da çox açıq, kobud.

İnsanın təbii hisslərini gizlətmək yox, onu vəsf etmək lazımdır.

Amma son dövrülərdə ədəbi çevrədə bir növ "erotika qızdırması" var. Yeri gəldi-gəlmədi, erotizmə meyletmə, sadəcə cinsi münasibətləri önə çıxarmaq xatirinə düşük, səy əhvalatlar quraşdırırlar.

Belələri yaxşı olar, dünya ədəbiyyatında bu övzuda yazılmış yüzlərlə əsərlərə baxsınlar. Mopassan "Kəndə səfər" adlı novellasında insan ehtirasının elə gözəl, elə zərif, əsas da bədii boyalarla təsvirini verir ki, oxuduqca zövq almamaq mümkün deyil.

Mənə görə, bizim ədəbiyyatımızda bir neçə sanballı açıq mətnlərə rast gəlmək olar. Məsələn, Rafiq Tağının hekayələrində erotizm incə bir sim kimi ani toxunuş olur. Sonra isə sanki uçb gedir, yerini real həyatın sərt və amansız qaydaları tutur və bir də bu məsələ aktuallıq qazanmır, amma bu kiçik epizodda belə, qalın kitaba sığacaq qədər hisslər olur.

Rasim Qaracanın "On bir gecə" əsəri isə döyüşdə mühasirəyə düşmüş əsgərlərin intim duyğularını heç bir açıqlıq olmadan təsirli şəkildə, elələri var ki, heç öpüşməyi belə, yaşamayıblar, kimisi isə bunu edib və indi bundan çox məmnundu, kimisi sevirəm sözünü deməyə imkan tapmayıb, yay da mentalitet adlı ərəbzəngi xala imkan verməyib.

Bir də R.Əliyevin "Qaçırılmaq istəməyən qız" romanında çox cəsarətli səhnələr var, çox gözəl alınıb. Təbii, içimizdən gələn seks istəyi həmişə bizimlədi, onu boğmaq yox, özümüzün nəzarətimizdə olmasına çalışmalıyıq.

Ədəbiyyat həyatda olan, olmayan hər şeyi əsərə gətirə bilır, amma zövqlə, keyfiyyətli şəkildə, bundan qorxmaq lazım deyil axı, hamımızda bu istəklər var.

XS
SM
MD
LG