-
Azərbaycan futbolçusu Maşallah Əhmədov saxlanılıb.
Bu barədə Binəqədi rayon Polis İdarəsinə istinadən APA xəbər yayıb. Bildirilir ki, M.Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və həmin şikayət əsasında polis araşdırmalara başlayıb.
Ona qarşı etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə maddəsi ilə cinayət işi başlanılıb. O, 72 min manatı mənimsəməkdə ittiham olunur.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən M. Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Amma 3 il keçməsinə baxmayaraq, M. Əhmədov pulu ödəməyib.
Bu il dekabrın 14-də isə Binəqədi polisinə M. Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M. Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü və pulunu ödəmədiyi bildirilir.
M. Əhmədov həmçinin Y. Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.
Hazırda bütün faktlarla bağlı istintaq gedir.