Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:22

Neft 7 ildə ən aşağı həddə düşdü


Neft
Neft

-

Neftin qiyməti 2009-cu ilin fevralından bəri ən aşağı həddə düşüb. Görünür, İranın neft ixracını artıracağını bildirməsi OPEK üzvlərinin durumu daha da kəskinləşdirəcəyinə dair söz-söhbətə yol açıb.

İranın neft nazirinin müavini Amir Hossein Zamaninia deyib ki, ölkənin neft nəqlini azaltmaq planı yoxdur. Neft ixracatçısı olan ölkələrin – OPEC üzvlərinin də bazarı qorumaqdan ötrü istehsala hədd qoymaq planlarından əl çəkməsi qiyməti qlobal maliyyə böhranı həddinədək aşağı salıb. «Bloomberg» yazır ki, bu aşırı istehsal, ən azı, gələn ilin sonunadək - tələb artımı yavaşıyana və istehsalı maksimumlaşdırmaq üçün OPEC «yenidən qətiyyət» göstərənədək sürəcək. Beynəlxalq Enerji Agentliyinin mövqeyi belədir.

«Qiymət savaşı, görünür, gələn ilin sonunadək çəkəcək» - Seulda «Samsung Futures Inc.»nin təhlilçisi Hong Sung Ki belə deyir və əlavə edir: «İran istehsalı artırdıqca, Səudiyyə Ərəbistanı kəsə bilməyəcək».

Yanvarın ilk həftəsində beynəlxalq sanksiyaların qaldırılacağını gözləyən İran artıq özünə müştəri də tapıb. Zamaninia Tehranda verdiyi müsahibədə deyib ki, hökumət investorlara neft və qaz kontraktları təklif etməyə hazırlaşır. «Bloomberg»in topladığı statistikaya görə, İran ötən ay günə 2.8 milyon barel neft çıxarıb:

«Qiymətlərin aşağı olduğu bazarı düşünürük, ona görə də ən mümkün həddə düşə bilər, biz ən pis ssenariyə hazırıq».

Ukraynada əsirlərin mübadiləsi.
Ukraynada əsirlərin mübadiləsi.

PUTIN-İN UKRAYNADA İŞGƏNCƏ VƏ OĞURLAMA SƏLTƏNƏTİ

Ukraynada hüquq müdafiəçiləri bildirirlər ki, Donbasda rusiyapərəst silahlıların əsir götürdüyü əsgər və mülki şəxslərin 87 faizi işgəncə və pis rəftarla üzləşib. Bundan başqa «dindirilmələr»də əsas rolu Rusiya Federasiyasından gələn muzdlular, yaxud özünü Rusiya hərbçisi kimi təqdim edən şəxslər oynayıblar. Bunu «Newsweek»də Halya Coynash yazır.

Sülh naminə Ədalət Koalisiyası Donbasda «Cəhənnəmdən sağ çıxanlar» adlı yeni hesabat açıqlayıb. Hesabatda silahlıların əsir götürdüyü 165 nəfərin ifadələri yer alıb. Onların arasında əsgər və dinc vətəndaşlar var.

Özü işgəncəyə məruz qalmayanlar da başqalarına işgəncə verildiyini görüb-eşitdiyini deyiblər. Əsgərlərin 1/3-i, mülki şəxslərinsə 16 faizi işgəncənin ölümlə nəticələndiyini söyləyib.

Hesabat müəlliflərindən Oleh Martynenko deyib ki, məhbus və girovlar beynəlxalq standartlara uyğun şəraitdə saxlanmayıb. Saxlanma yerlərinin 2/3-də ikisində tibbi xidmət göstərilməyib.

Martynenko-nun sözlərinə görə, tədqiqatçılar işgəncələrdə rusiyalıların iştirakını gözləmirlərmiş. Onun fikrincə, bu, Rusiyanın hərbi cinayətlərdə ittihamına əsas yaradır.

Hesabatda deyilir ki, silahlıların əsir götürdüyü şəxslərin çoxu yerli vətəndaşlar olub. Bəziləri, sadəcə, saxlanan qohumlarına baş çəkmək istəyib. Sakinlərin ev və iş yerlərindən aparıldığı, həmin şəxslərin mülkiyyətini silahlıların oğurladığı hallar da çox olub.

Bir nəfər danışır ki, yaxası Müqəddəs Georgi lentiylə bəzənmiş geyimdə və əllərində «Kalashnikov» avtomatı olan altı nəfər onun evinə soxularaq, yaşlı anasını yerə yıxıb. Qadını divandan sürüyüb yerə salaraq, əllərini arxasında bağlayıblar. Əsgərlər evdən kompüter, telefon, pul, hətta bir şüşə araq da götürüblər.

Hesabatın digər müəllifi Oleksandra Matviychuk danışır ki, saxlananları ukraynapərəst baxışlarda, Ukrayna dilində danışmaqda, evlərində Ukrayna bayrağı və digər simvollar saxlamaqda, yaxud Avromaydan yürüşlərinə qatılmaqda suçlayıblar. Silahlılar əsirlərin «keçid»ini təşkil etməkdən dəçəkinməyiblər. Ötən ilin avqustunda Donetskdə ukraynalı əsirlərin utancverici paradı keçirilib. Müəllif yazır ki, belə pis davranışlar Beynəlxalq Cinayət Məhkəməsinin predmetidir. Ukraynalı fəallar ölkənin tezliklə Roma Nizamnaməsini ratifikasiya etməsinə çalışırlar ki, hərbi cinayət törətmiş şəxsləri cəzalandırmaq mümkün olsun.

Angela Merkel
Angela Merkel

ANGELA MERKEL QAÇQINLARIN SAYINI KƏSKİN AZALTMAQ İSTƏYİR

Almaniya kansleri Angela Merkel, nəhayət ki, immiqrasiya siyasətində güzəştə gedəcəyini açıqlayıb. Bu, kanslerin açıq qapı siyasətini tənqid edənlərdən ötrü yaxşı xəbərdir.

«The Guardian» yazır ki, Angela Merkel Almaniyaya gələn qaçqınların sayını kəskin azaltmaq istəyir. Onun müttəfiqləri qaçqın sayına hədd qoyulmasını tələb edirlər. Bu il Almaniyaya gələn qaçqın sayının 340 mini aşacağı gözlənir.

«Adamlarım narahatlığını nəzərə aldıq, gələcək sarıdan rahatsızıq. Bu o deməkdir ki, ölkəmizə gələnlərin sayını azaltmaq, həm də kəskin azaltmaq istəyirik!»- Merkel bazar günü ARD televiziyasına belə deyib.

Bazar ertəsi –dekabrın 14-də kanslerin Xristian Demokrat Birliyinin (CDU) ikigünlük qurultayı başlanır. Merkel deyib ki, qurultayda CDU-nun əsas qətnaməsi müzakirəyə çıxarılacaq, ancaq bu sənəddə «limit» sözü yoxdur. Qaçqın məsələsi ucbatından populyarlığı düşən Merkel bunu da söyləyib ki, CDU onun sayın azaldılması strategiyasına böyük dəstək göstərir.

Bu strategiyaya insan qaçaqçıları ilə mübarizədə Türkiyə ilə birgə çalışmaq, suriyalı qaçqınların Türkiyə, Livan və İordaniyadakı düşərgələrində durumu yaxşılaşdırmaq, Avropa Birliyinin xarici sərhədlərinə nəzarəti gücləndirmək daxildir.

XS
SM
MD
LG