Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:40

«Azərpoçt» əmanət qəbul edəcəkdi...


«Azərpoçt»
«Azərpoçt»

-

Azərbaycanın poçt operatoru «Azərpoçt» MMC hələ də bank xidməti göstərmir. Halbuki keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun 2014-cü ilin noyabrındakı açıqlamasından bir ildən də çox vaxt ötüb. Eks nazir mediaya həmin açıqlamasında bildirmişdi ki, «Azərpoçt» 2015-ci ildən tədricən əmanət qəbuluna başlaya bilər.

Mərkəzi Bankın (MB) «Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyinə dair Göstəriş»indən də məlum olur ki, «Azərpoçt» bütün bank xidmətlərini göstərə bilər. 2014-cü ilin dekabrında MB-nin təsdiqlədiyi sənədə görə, «Azərpoçt» banklarda olduğu kimi, kredit və debet kartları buraxacaq, eləcə də poçt əmanətləri qəbul edəcəkdi. Həmin sənəddə «Azərpoçt»un öz bankomat və poçt hesablarını aşması, poçt operatorunun xaricdə və ölkə daxilində törəmə müəssisələr yaratması da nəzərdə tutulmuşdu.

İL BAŞA ÇATSA DA, «AZƏRPOÇT»...

Bank məsələləri eksperti Əkrəm Həsənovtarixən poçtların həmişə bir maliyyə xidmətini göstərdiyini – pul köçürdüyünü xatırladaraq deyir: «Ancaq bəzi ölkələrdə, məsələn, Yaponiyada, poçt digər maliyyə xidmətləri də göstərir: hesablar açır, əmanətlər qəbul edir, kreditlər verir - lap bank kimi. Bu da onunla bağlıdır ki, banklardan fərqli olaraq, poçt şəbəkəsi ölkəni bütövlükdə əhatə edir və bu, hər bir vətəndaşa xidmətə şərait yaradır».

Ekspert 2008-ci ildə Azərbaycan qanunvericiliyinə «Azərpoçt»un da maliyyə xidmətləri göstərməsinə yol açan dəyişikliyi yada salır: «Bu dəyişiklik hesabların açılıb aparılması və əmanətlərin qəbuluna da imkan verdi. «Azərpoçt»un bu fəaliyyətinə MB-nin nəzarəti təsbit edildi».

«Azərpoçt»a bank xidmətləri verilərkən,rəqabət amili də əsas müzakirə mövzularından birinə çevrilmiş, «Azərpoçt»un dövlət qurumu olmasından və bu gerçəyin özəl bankları sıxışdırma riskləri daşıyacağından bəhs edilmişdi. Bu məqama toxunan Əkrəm Həsənov belə deyir:

«Bəli, «Azərpoçt» dövlət təşkilatıdır. Ümumiyyətlə, milli poçt operatoru əksər ölkələrdə dövlət qurumudur, bu da normaldır. Dövlət təşkilatının bank xidmətləri göstərməsinin rəqabətə təsiri müstəvisində biz gərək digər dövlət banklarının - Beynəlxalq Bank və «AzərTürkBank»ın, bank olmayan kredit təşkilatlarının (məsələn, «AqrarKredit»in) tam özəlləşdirilməsi məsələsini qoyaq. Əlbəttə, belə yanaşmanın da güclü əsasları var. Prinsipcə, Beynəlxalq Bankın özəlləşdirilməsi artıq nəzərdə tutulub. Bununla belə, hələlik, dövlət təşkilatları bank bazarını tərk etməyib».

«TƏMƏLDƏN ELƏ QOYULDU Kİ, «AZƏRPOÇT» BANKLARLA RƏQABƏT APARA BİLMƏSİN»

Ekspertin fikrincə, qanunvericilik təməldən elə qoyuldu ki, «Azərpoçt» banklarla rəqabət apara bilməsin: «Vəsaitin sərbəst yerləşdirilməsinə məhdudiyyət qoyuldu. Nəzərdə tutuldu ki, «Azərpoçt»un cəlb etdiyi vəsaiti yalnız aşağı riskli aktivlərə yerləşdirilə bilər, məsələn, dövlət qiymətli kağızlarına. Bu isə o deməkdir ki, həmin aktivlər az gəlir gətirəcək. Buna görə də «Azərpoçt» əmanətlərə yüksək faiz dərəcələri müəyyənləşdirə bilməz. Bankların yüksək faizli əmanətləri bu baxımdan əhaliyə daha cəlbedicidir. Başqa sözlə, layihə ölü doğuldu».

«QURUM ƏMANƏTLƏRİN SIĞORTALANMASI SİSTEMINƏ DƏ DAXİL DEYİL»

Əkrəm Həsənov başqa problemləri də sadalayır: «Banklardan fərqli olaraq «Azərpoçt» valyuta bazarında sərbəst fəaliyyət göstərə bilməz. Qurum əmanətlərin sığortalanması sisteminə də daxil deyil. Amma buna ehtiyac da yoxdur. Çünki dövlət qurumudur və dövlət onsuz da əmanətlərə görə məsuliyyət daşıyır. İndiki durumda bu layihə, yəqin ki, inkişaf etməyəcək, çünki əhali onsuz da bank sisteminə güvənmir».

XS
SM
MD
LG