Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Rasim Qaraca. Meymun iştahlı olma


Rasim Qaraca
Rasim Qaraca

-

"Bizim mətbuatı və sosial medianı izləyərkən, gündəmin tez-tez dəyişdiyini və oxucuların da mövzudan mövzuya necə asanlıqla atıldığını gördükcə..."

Rasim Qaraca

Meymun iştahlı olma!

Mənim masaüstü kitabım olan “Oğuznamə”də belə bir deyim var: “Meymun iştahlı olma!”

Başqa bir səhifədə bənzəri bir deyim: “Meymun eşqli olma!”.

Düşündürücüdür, əcəba, min il bundan əqdəm atalar nə demək istəmişlər bu deyimlərdə?

Dədə Qorqud heykəli. Naxçıvan
Dədə Qorqud heykəli. Naxçıvan

(“Kitabi Dədəm-Qorqud”-la həmən-həmən eyni yaşda olan, elə onun qədər elmi dəyərə malik olab bu əsər, bilinməyən səbəblərə görə bizim akademik dairələrin diqqətindən kənarda qalmaqdadır.

Min illər bundan öncə yaşamış dədələrimizin dünyagörüşü, yaşam tərzi, düşüncəsi, psixologiyası bu kitabdakı deyimlərdə qeyri-adi saflıqda qorunub saxlanmaqdadır.

Leninqrad arxivlərindən tapılaraq mərhum alim Samət Əlizadə tərəfindən 1987-ci ildə işıq üzünə çıxarılan bu kitaba elm adamlarının diqqətini bir daha cəlb etmək istərdim.)

Əslində, yuxarıda yazdığım “meymun iştahlı olma” deyiminin açması çox sadədəir: üzdən iraq, meymun belə bir heyvandır ki, qarşısına çıxan hər şeyi
qarnına doldurar, pisi yaxşıdan ayırmaz, bir yeməkdən o birinə hoppanar. Eşq məsələsində də eyni şeyi edər, bir sevgilidən o birinə atılar. Və ən pisi də odur ki, yenisini tapan kimi köhnəsini unudar.

Bizim mətbuatı və sosial medianı izləyərkən, gündəmin tez-tez dəyişdiyini və oxucuların da mövzudan mövzuya necə asanlıqla atıldığını gördükcə, nə gizlədim, həmin bu “meymun iştahlı olma!” deyimi yadıma düşür.

İllüstrasiya
İllüstrasiya

Gündəmin əsiri olan meymun iştahlı yazarlar və oxucular, yeni bir partlayış olan kimi köhnə yanğını unudur, gündəmdəki məsələni didik-didik edirlər, ta ki, yeni bir uçaq qəzası olana qədər.

Hər kəs gündəmdəki məsələyə özünün ən kreativ yanaşmasını sərgiləmək yarışındadır. Bax, bu kimi hallara, hələ min il bundan əvvəl babalarımız meymun iştahlı olmaq deyiblər.

Hər kəs gündəmdəki məsələyə özünün ən kreativ yanaşmasını sərgiləmək yarışındadır.

Babalarımız bu məqamı müşahidə ediblər, bizə gəlib çatan ən azı iki deyimdə məsələni pasportlaşdırıblar.

Çağdaş dilə çevirsək, təqribən bu məsajı veriblər:

Ey insan, öz əməlində və düşüncələrində sabitqədəm ol, dəmdəməki olma, mövzudan mövzuya atlama, bir söhbəti bitirməmiş o birinə keçmə, heyvani instiktlərlə yaşama.

Zira, mədəniyyət təcrübənin toplanmasıdır. Qazanılmış mədəniyyəti qoruyub saxlamaq insandan ərdəmlilik istər.

Gündəmi siz yaradın. Başqalarının yaratdığı və dəyişdirdiyi gündəmin quluna çevrilməyin. Dolayısıyla, meymun iştahlı olmayın! Ataların sözü Quran ayəsi yerinə keçər, - Oğuznamədə belə deyilir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG