Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:21

Heydər Əliyevin əkdiyi çinar, 9 ildə ölkədən çıxarılan 95 milyard, qumarda udan azərbaycanlı...


9 ildə Azərbaycandan 95 milyard pul çıxarılıb
9 ildə Azərbaycandan 95 milyard pul çıxarılıb

-

“Azadlıq” qəzeti yazır ki, ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qanunsuz kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda Azərbaycan 17-ci sırada dayanır. Həmin tədqiqata görə, 2004-2013-cü illərdə Azərbaycandan 95 milyard dollar pul çıxarılıb. Qəzet yazır ki, 95 milyard dolların çıxarılması ciddi ittihamdır və hökumət buna cavab verməlidir:

"Şagirdin 100 manatına, mitinq iştirakçısının 1000 manatına, sahibkarların ödədiyi vergi cərimələrinə göz dikən hökumət, 95 milyardın oğurlanmasına niyə göz yumduğunu da izah etməlidir. 95 milyardlıq oğurluğun ortaya çıxması korrupsiyaya qarşı mübarizənin nağıl olduğunu göstərir. Bəli, 95 milyardı Eldar Mahmudov, Əli Abbasov, Cahangir Hacıyev ölkədən çıxara bilməzdi. Deməli, hökumətin daha geniş və daha yüksəkdə dayanan şəbəkəsindən söhbət gedir”.

HEYDƏR ƏLİYEVİN GƏNCƏDƏ ƏKDİYİ ÇİNAR...

"Heydər Əliyev torpağı qazıyıb çala düzəldir. Çinar pöhrəsini yerə basdırır, dibini doldurub su verir. Sonra əvvəlcədən hazırlanmış boş çalanı şəhər partiya komitəsinin birinci katibi Həsən Həsənova göstərib deyir: “On mininci ağacı mən əkdim, on min birinci ağacı sən ək, hər ikisi yaddaqalan rəqəmdir”"


“Azərbaycan” qəzeti Heydər Əliyevin 1980-ci il dekabrın 16-da Gəncəyə səfəri zamanı şəhərin Quru Qobu deyilən ərazisində əkdiyi çinar ağacından yazıb.

“O zaman çinar ağacının kiçik pöhrəsini əkmək üçün ulu öndərə verəndə qabaqcadan qazılmış çalaya baxıb gülümsəyərək deyir: “Bu çinarı əkmək üçün özüm çala qazacam. Mənə bel və külüng verin”. Ətrafdakılar çaşqınlıqla bir-birinin üzünə baxsalar da, deyilən alətlər dərhal gətirilir. Heydər Əliyev torpağı qazıyıb çala düzəldir. Çinar pöhrəsini yerə basdırır, dibini doldurub su verir. Sonra əvvəlcədən hazırlanmış boş çalanı şəhər partiya komitəsinin birinci katibi Həsən Həsənova göstərib deyir: “On mininci ağacı mən əkdim, on min birinci ağacı sən ək, hər ikisi yaddaqalan rəqəmdir”.

İndi ümummilli liderin adını daşıyan bu park 1979-cu ildə salınsa da, burada əsas abadlıq işləri 2012-2014-cü illərdə aparılıb. Prezident İlham Əliyevin xeyir-duası ilə Heydər Əliyev Park Kompleksinin təməlqoyma mərasimi keçirilib. 2014-cü ildə parkın açılış mərasimi keçirilib. Burada Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, Zəfər tağı kimi möhtəşəm tikililər ucaldılıb. “Çinarlar alleyası”nda 35 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin əkdiyi çinar da ildən-ilə böyüyüb, qol-budaq atıb”.

SPİRTLİ İÇKİLƏR VƏ SİQARETİ NƏĞD ALMAQ OLMAYACAQ?

“Bizim Yol” qəzeti gələn ilin yanvarında spirtli içkilərin və tütün məmulatlarının plastik kartla satışından yazır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetə deyib ki, bu dəyişiklikləri alkoqollu içkilər və siqaretlərdən istifadənin məhdudlaşdırılmasına yönəlik bir addım kimi də qiymətləndirmək olar:

"Eyni zamanda, dövlətin strateji məqsədlərindən biri də alış-veriş zamanı əhalinin plastik kartlara keçməsi və nağd ödənişlərdən imtinadır”.

gələn ildən siqarət və spritli içkilər nəğd satılmayacaq
gələn ildən siqarət və spritli içkilər nəğd satılmayacaq

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu addımı atmaqda əsas məqsəd ticarət dövriyyəsini qaldırmaq istəyidir:

"Spirtli içkilər ən çox satılan və dövriyyə artıran elementlərdən biridir. Dövriyyənin artması gəlirlərin artmasına, gəlirlərin artması isə vergilərin artmasına gətirib çıxaracaq. Bu addımın məntiqi budur. Ancaq tətbiqi nöqteyi nəzərindən ciddi problemlər var. Belə bir addımın atılması həm vətəndaşlar üçün, həm də ticarət obyektləri üçün yaxşı heç nə vəd etmir. Vətəndaşla dükanlar arasında problemlər yaranacaq. Ümumiyyətlə bir çox insanların bu məsələdən hələ xəbəri yoxdur”.

PRAQADA ŞIDIRĞI QUMAR...

Ramin Hacıyev 250 min avro udub, Bakıya döndü
Virtualaz.org saytı yazır ki, Çexiyanın paytaxtı Praqada eyni vaxtda keçirilən Avropa və Dünya Poker Turnirində (European Poker Tour-World Poker Tour) Azərbaycandan olan iştirakçı 250 min 900 avro udaraq, 3-cü yeri tutub.

“Almaniyadan olan Rayne Kempe turnirin qalibi olub. O, dekabrın 11-də 15 saata yaxın davam edən gərgin oyundan sonra 539 min avro udaraq, karyerasının ən böyük qələbəsini qazanıb. Turnirin ən gərgin oyunlarından biri də Azərbaycandan olan poker ustası Ramin Hacıyev, alman Rayne Kempe və Fransadan olan biznesmen-qumarbaz Jean-Noel Thorel arasında olub. Əvvəlcə Ramin HacıyevRayne Kempe fransız biznesmeni oyundan çıxarıblar, daha sonra Hacıyev oyunu tərk edib. O, Rayne Kempenin əlindəki tuz-valetdən və tuz-damadan qaçaraq kartlarını masaya atıb və 250 min 900 avro uduşla kifayətlənərək turnirin üçüncüsü olub”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG